Fikrət Məmmədov PX-də “təmizləmələr” aparılacağının anonsunu verdi
“Ötən ay 2 təqsirləndirilən şəxsin müşayiət altından qaçması Penitensiar Xidmətdə nöqsanlar və problemlərin olduğunu göstərib”.
Ədliyyə naziri Fikrət Məmmədovun “Azərbaycan” qəzetində çap etdirdiyi məqaləsində belə yazılıb.
“Azərbaycan ədliyyəsi yeni inkişaf mərhələsi yaşayır” adlı yazısında nazirin bu fikri vurğulaması Penitensiar Xidmətin rəhbərliyində dəyişikliklərin anonsu kimi qəbul olunur. Hesab olunur ki, xidmətdə bunun ardınca “təmizləmə”lər aparıla bilər.
Olay baş verəndən sonra sabiq polis rəisi Mahmud Hacıyev “Yeni Müsavat”a demişdi ki, baş verənlər çox ciddi şəkildə araşdırılmalı və gələcəkdə belə halların baş verməməsi üçün məqsədyönlü addımlar atılmalıdır.
Xatırladaq ki, bu il oktyabrın 23-də Bakı-Astara-Bakı qatarında xüsusi qaravul vaqonunda aparılan Etibar Məmmədov və digər məhbus Əli Ağami müşayiət altından qaçmışdılar. Onlardan biri sonradan tutulub, digəri isə polisin keçirdiyi əməliyyat zamanı öldürülüb. Bu iş üzrə müğənni Fədayə Laçın (Məmmədova Fədayə Baris qızı) mütəşəkkil dəstənin üzvü kimi həbs olunub. Dəstədə daha 2 şəxs var. F.Laçın “Qoca” ləqəbli dustaq Etibar Məmmədovun həbsdən qaçmasına yardım etməkdə ittiham olunur.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 əməkdaşı işdən çıxarılıb. Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda məhbuslara nəzarət edən Penitensiar Xidmətin əməkdaşları - Elvin Namazov, İlkin Emilov, Vüsal Məmmədov, Tehran Musayev və adı hələ açıqlanmayan daha 4 nəfər işdən qovulub. Bundan başqa, qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov həbs olunublar. Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
İddialardan biri də budur ki, baş verənlər ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Ceyhun Həsənovun buna qədərki karyerasına mənfi planda təsir edəcək. 2016-cı ildə bu vəzifəyə təyinat alana qədər daxili işlər orqanlarında uzun illər ərzində qüsursuz xidmət aparan C.Həsənov dəfələrlə müxtəlif təltiflərə layiq görülüb. Qanunçuluğun qorunmasında, cinayətkarlıqla mübarizədə igidlik və şücaət göstərdiyinə görə prezidentin sərəncamı ilə “İgidliyə” görə medalı ilə təltif olunub. İndi isə C.Həsənov tabeçiliyində olanların məsuliyyətsiz hərəkətlərindən dolayı çıxılmaz duruma düşüb.
Qeyd edək ki, həbs edilənlərdən qarovul rəisi Ceyhun Səmədov Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun bacısı oğludur.
E.HÜSEYNOV
"Yeni Müsavat"
Paylaş: