GünAzTV: “Sepah”ın sözçüsü Ramazan Şərif, yanvarın 12-də jurnalistlərə açıqlamasında gülməli bir iddia irəli sürərək İraqın keçmiş prezidenti Səddam Hüseyn ailəsinin üzvlərini ölkədə baş verən son etirazlarda rol oynamaqda günahlandırıb.
Ölkənin 101 şəhərində hakim molla rejiminə qarşı keçirilən 10 günlük kütləvi xalq etirazlarından çaşbaş qalan “Sepah” sözçüsü, hər hansı bir dəlil-sübut göstərmədən deyib ki, Səddam Hüseynin ailə üzvlərinin ölkədə baş verən son etirazlarda əli olub: “İslam Respublikasının bölgədəki müxalifləri arasında tanınmış düşmənləri var. Bizdə olan məlumatlara görə, ölkənin müxtəlif şəhərlərində əhalini hakimiyyətə qarşı iğtişaşlara qatılmağa təhrik edən Səudiyyə Krallığı, Amerika, monarxistlər (səltənət tələblər) və “münafiqlər”dən (İran Xalq Mücahidləri Təşkilatı) başqa, İraqın keçmiş prezidenti Səddam Hüseyn ailəsi üzvlərinin də rolu olub.
Səddam sülaləsinin islam ümmətinə, o cümlədən də İran millətinə qarşı əlindən gələn cinayəti törətməsində heç bir şübhə yoxdur. Bizdə olan məlumatlar göstərir ki, Səddam ailəsinin İranda baş verən son olaylarda əli olub və onlar, düşmən qruplaşmalara yardım etməklə islam respublikasına zərbə vurmağa çalışıblar”.
Ötən iki həftədə, İranın 100-dən çox şəhərində hakimiyyətə və onun dini lideri axund Əli Xamneyiyə qarşı kütləvi etirazlar keçirilib. Hakim çürümüş rejimin iflasa uğramış iqtisadi, daxili və xarici müdaxiləçi siyasətinə, yoxsulluğa və repressiyalara qarşı keçirilən etirazlarda, Xamneyiyə, prezident Həsən Ruhaniyə və digər rəsmilərə “Ölüm” şüarları səsləndirilib, onların hakimiyyətdən getməsi tələb olunub. Etirazlarda, ən azı 25 nəfər öldürülüb, onlarla aksiyaçı yaralanıb, 3700 nəfərdən çox insan həbs edilib.
Həmçinin, etirazlarda tutulan dinc aksiyaçılardan 5-i, zindanda dindirilərkən işgəncələr altında öldürülüb. Hakimiyyət rəsmiləri isə həmin şəxslərin “intihar” etdiyini iddia edirlər.
Xatırladaq ki, İranda molla rejiminə qarşı ilk etirazlar, “Bahalığa yox” adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərindən başlanıb və az sonra etirazçıların səsləndirdiyi şüarlar daha kəskinləşərək bütün hakimiyyətin əleyhinə yönəlib. Hazırda ölkənin mühüm və iri şəhərlərində elan olunmamış bir növ fövqəladə vəziyyət hökm sürdüyünə görə, etirazlar müvəqqəti olaraq dayandırılıb.
A.M
Paylaş: