Xəbər lenti

Azərbaycan gətirilən tütün və tütün məmulatlarına tətbiq edilən aksiz vergiləri 2 dəfədən çox artırılıb.

Minval.İnfo xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərarında etdiyi dəyişiklikdə əksini tapıb.

Keçən il dekabrın 21-də dərc olunmuş qərar 30 gün sonra, yanvarın 23-də qüvvəyə minir.

Qərara əsasən, tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 10 manatdan 20 manata, tərkibində tütün olan siqaretlərin, o cümlədən digər siqaretlər və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 4 manatdan 12 manata qaldırılıb.

Digər qərarla isə Azərbaycan ərazisinə gətirilən mühərrik benzin növlərinə yeni aksiz dərəcələrin tətbiq edilməsinə başlanılıb.

Qərara əsasən, aviasiya benzin növləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə aksiz dərəcəsi 1 ton üçün 1 manatdan 200 manata qaldırılıb. Tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə tətbiq olunan 1 ton üçün 1 manat aksiz dərəcəsi də 200 manata qaldırılıb. Tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan və çox olan, 95 və ya daha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə mühərrik benzin növlərinə tətbiq olunan 1 ton üçün 80 manat, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan və çox olan, 98 və ya çox oktan ədədi ilə mühərrik benzin növlərinə tətbiq olunan 1 ton üçün 120 manat aksiz dərəcəsi qüvvədə qalıb. Aviasiya benzini və reaktiv benzin yanacağına tətbiq edilən aksiz dərəcələri dəyişməyib.

Bu gündən qüvvəyə minəcək olan qərarla bağlı vətəndaşları narahat edən suallar var. Siqaretlər bahalaşacaqmı? Qiymətlər necə olacaq? Benzin bahalaşırmı? Bu qərarın bazara təsiri olacaqmı? Bu və bu kimi suallara cavab tapmaq üçün iqtisadçı-ekspert Qubad İbadoğlu ilə əlaqə saxladıq.

İqtisadçı-ekspert Qubad İbadoğlu

Ekspert bildirdi ki, Azərbaycanda istehsal olunan benzinin və ya siqaretin qiymətində bahalaşma gözlənilmir:

“Qərar imzalanandan sonra 30 gün sonra qüvvəyə minir, ona görə ki, həmin müddət ərzində sahibkarlar bundan xəbər tutub, bu sahədəki biznes qərarlarında dəyişiklik edə bilsinlər.

Bu qərar yalnız ölkə ərazisinə gətirilən bəzi mallara, o sıradan da benzin növlərindən yalnız tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzininə, eləcə də tərkibində tütün olan siqarlar, siqaretlərə şamil olunur.

Odur ki, Azərbaycanda istehsal olunan benzinin və ya siqaretin qiymətində bahalaşma gözlənilmir. Bahalaşmaya məruz qalan ölkəyə gətirilən bir növ benzin, siqar və siqaretlər olacaq. Bahalaşmanın səviyyəsinə gəlincə, aksiz dərəcəsi kəskin artırılsa da, idxal benzini və xaricdən gətirilən siqaretlərdə artım o qədər də çox olmayacaq”.

Qubad İbadoğlu “Siqaret şirkətləri bunu bəhanə edib, qiymətləri qaldıra bilərlərmi” sualımıza isə belə cavab verdi: “Burada tütündən deyil, yalnız  hazır məhsuldan söhbət gedir. Odur ki, onun xammalın idxal qiymətinə təsiri olmayacaq”.

Minval.İnfo




Ana səhifəyə qayıt        Baxış: 736          Tarix: 23-01-2018, 13:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma