Xəbər lenti

 

Azərbaycana gətirilən tütün və tütün məmulatlarına tətbiq edilən aksiz vergiləri 2 dəfədən çox artırılıb.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" qərarında etdiyi dəyişiklikdə əksini tapıb.

Keçən il dekabrın 21-də dərc olunmuş qərar 30 gün sonra, yanvarın 23-də qüvvəyə minir.

Qərara əsasən, tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 10 manatdan 20 manata, tərkibində tütün olan siqaretlərin, o cümlədən digər siqaretlər və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 4 manatdan 12 manata qaldırılıb.

Digər qərarla isə Azərbaycan ərazisinə gətirilən mühərrik benzin növlərinə yeni aksiz dərəcələrin tətbiq edilməsinə başlanılıb.

Qərara əsasən, aviasiya benzin növləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə aksiz dərəcəsi 1 ton üçün 1 manatdan 200 manata qaldırılıb. Tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə tətbiq olunan 1 ton üçün 1 manat aksiz dərəcəsi də 200 manata qaldırılıb. Tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan və çox olan, 95 və ya daha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə mühərrik benzin növlərinə tətbiq olunan 1 ton üçün 80 manat, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan və çox olan, 98 və ya çox oktan ədədi ilə mühərrik benzin növlərinə tətbiq olunan 1 ton üçün 120 manat aksiz dərəcəsi qüvvədə qalıb. Aviasiya benzini və reaktiv benzin yanacağına tətbiq edilən aksiz dərəcələri dəyişməyib.

Xatırladaq ki, 2017-ci il iyul ayının 17-də Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” 19 yanvar 2001-ci il tarixli və “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 12 aprel 2001-ci il tarixli qərarlarına dəyişiklik edib. Dəyişikliyə əsasən, aviasiya benzini istisna olmaqla, mühərrik benzininin hər 1 tonu üçün aksiz vergisi 200 manatdan 1 manata endirilib.

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 12 aprel 2001-ci il tarixli 80 nömrəli qərarının əlavəsi olan 22 dekabr 2003-cü il tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş mətndə "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə 92 oktanlı benzin üçün gömrük rüsumu 0% müəyyən edilib.

Onu da əlavə edək ki, analoji qərar 2016-cı ilin avqustunda Heydər Əliyev adına BNEZ-in təmirə dayanması ilə əlaqədar verilmişdi. Təmir prosesinin modernizasiya işləri ilə bağlı bir qədər uzun çəkə biləcəyi nəzərə alınaraq, daxili bazardakı tələbatı ödəmək məqsədi ilə SOCAR Nazirlər Kabinetinə idxal olunacaq “Ai-92” markalı benzinin gömrük rüsumu və aksiz vergisindən azad edilməsinə dair müraciət etmişdi.




Ana səhifəyə qayıt        Baxış: 855          Tarix: 23-01-2018, 08:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma