Xəbər lenti

 

Allahın bir millətə bəxş etdiyini özününküləşdirmək hər yerdə və həmişə vəhşilik yaradıb. Xalqın malını yeyə-yeyə harınlaşan haramxorlar ələ keçirdikləri mülkiyyətlərinin əsas sahibi olan xalqı xor görüb, aşağılayıblar. Bunun ən bariz nümunələrini biz bir millət olaraq dəfələrlə görmüşük. İri məmurların harınlamış övladlarının məmləkətimizdə at oynatmaları hətta prezident tərəfindən belə bir neçə dəfə qınanmış, qudurğanlıq kimi qiymətləndirilmişdir. Sirr deyil ki, məhz bu 40 günlük xislətlərinin ağır bədəllərini ödəyənlərin da sayı az olmayıb.

Tarix sübut edir ki, ölkələri idarə edən rejimlər sərtləşdikcə, xalqın aşağılanması bir o qədər də artır. Yarıdemokratik rejimlərdə insanlara rəva görülməyənlər krallıqlarda, şahlıqlarda adi hala çevrilir. Antidemokratik xarakterinə görə bizdən bir addım qabaqda olan Səudiyyə Ərəbistanında yaşayan bir hadisə də bu fikri təsdiqləyir.

Hurriyyet.org-un xarici mətbuata istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı kralının qızı Hassa bint Salman Parisdəki iqamətgahında çalışan bir fəhləyə əsl vandalizm nümunəsi göstərib.

Fransız xəbər agentliyi AFP-nin iddiasına inansaq, zavallı işçinin yeganə günahı təmir etdiyi otağın şəkilini çəkmək olub. Otağın bəzəyini xatirə kimi telefonunun yaddaşına köçürmək fəhləyə çox ağır başa gəlib. Bunu görən kraliça fəhləni mühafizəçilərinə döydürüb.

Fəhləni yaxşıca əzişdirdikdən sonra onun əllərini bağlayıblar. Bununla kifayətlənməyən mühafizəçilər fəhləni kraliça qarşısında diz çökdürərək, ayağını öpməyə vadar ediblər.

Bir neçə saat ərzində fəhləni iqamətgahda saxlayan mühafizəçilər daha sonra onu sərbəst buraxıblar, amma iş alətlərini geri verməyiblər.

2016-cı ildə baş verən hadisə ilə bağlı daha əvvəl mühafizəçilərdən biri ittiham olunurdu. AFP-nin xəbərinə görə, bu dəfə isə şahzadə Hassa haqqında da həbs hökmü çıxarıla bilər.

Hurriyyet.org




Ana səhifəyə qayıt        Baxış: 1 107          Tarix: 16-03-2018, 17:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma