İyulun 25-də İran prezidenti Həsən Ruhaninin başçılığı ilə keçirilən nazirlər kabinetinin iclasında İran Mərkəzi Bankının sədri Vəliyullah Seyf tutduğu vəzifədən azad edilib.
Ovqat.com Ranmtbuatına istinadən xəbər verir ki, ruhani hökumətində baş verən kadr dəyişikliyi, ölkədə iqtisadi durumun son dərəcə pisləşməsi, milli valyutanın dollarla nisbətdə dəyərinin kəskin düşməsi, ölkədə baş alıb gedən inflyasiya, qiymətlərdə müşahidə olunan kəskin artım və əhalinin buna mütəmadi etirazından az sonraya təsadüf edib.
Şəkildə: İran Mərkəzi Bankının yeni sədri Əbdülnasir Hemməti.
Nazirlər kabinetinin qərarı ilə üç həftə əvvəl İranın Çində səfiri vəzifəsinə təqdim edilən Əbdülnasir Hemməti, İran Mərkəzi Bankının yeni sədri vəzifəsinə təyin edilib. İran prezidenti iclasda çıxış edərək deyib ki, Əbdülnasir Hemməti, iqtisadi məsələlərdə və bank sistemində yüksək təcrübəsi və biliyi olan güclü bir şəxsdir: “Ölkənin bank sistemində islahatların aparılması, yeni maliyyə siyasətin təyin olunması, dünya bankları ilə əlaqələrin yaxşılaşdırılması və inkişafı, banklararası qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və ölkənin milli valyuta fondunun qorunub saxlanılması İran Mərkəzi Bankının yeni sədrinin əsas prioritetlərindən biri olacaq”.
Ruhani həmçinin İran Mərkəzi Bankının keçmiş sədri Vəliyullah Seyfin bu vəzifədəki fəaliyyətini müsbət qiymətləndirib: “Vəliyullah Seyf, lisenziyası olmayan maliyyə kredit müəssisələrinin fəaliyyətinin qarşısında dayanan sağlam və dəyərli bir müdirdir”.
Qeyd edək ki, ölkədə iqtisadi durumun son dərəcə ağırlaşmasının ardınca, son günlər İranın siyasi dairələrində Ruhani hökumətində kadr dəyişikliyinin qaçılmaz olduğu məsələsini gündəmə gətirmişdi.
Nərmin Vüqarqızı
Paylaş: