Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov Şərqi Azərbaycan əyalətinin başçısı Məhəmmədrza Purməhəmmədi ilə görüşüb.
APA-nın Tehran bürosunun məlumatına görə, görüşdə M.Purməhəmmədi Azərbaycan və İranın hərtərəfli əlaqələrinin inkişaf etdirilməsində hər iki ölknin rəsmilərinin maraqlı olduğunu vurğulayıb: "İki ölkənin prezidentləri arasında ötən 6 il ərzində 12 dəfə görüş keçirilib. Bu görüşlər göstərir ki, hər iki ölkə səmimi əlaqələr qurmaqda maraqlıdır və bunun kökü iki ölkənin tarixinə bağlanır".
O bildirib ki, iki ölkənin əlaqələri bütün sahələrdə dostluq və qardaşlıq atmosferasındadır.
Şərqi Azərbaycan əyalətinin kənd təsərrüfatı, ticarət, mədənlər və sənaye sahəsində böyük potensiala malik olduğunu vurğulayan M.Purməhəmmədi qeyd edib ki, Azərbaycan və İran arasında avtomobil yolu və dəmir yolu sahəsində əlaqələrin Şərqi Azərbaycan əyaləti vasitəsi ilə inkişafı bu əlaqələrin daha da inkişaf etdirilməsinə zəmin yarada bilər.
Görüşdə Azərbaycanın İrandakı səfiri B.Hüseynov Azərbaycanın İranla əlaqələrini inkişaf etdriməkdə heç bir məhdudiyyət tanımadığını vurğulayıb və qeyd edib ki, münasibətlərin inkişaf etdirilməsi hər iki ölkənin xeyirinədir.
B.Hüseynov deyib ki, İran və Azərbaycan yalnız iki dost ölkə deyil, iki ölkə arasında siyasi münasibətləri inkişaf etdirməklə yanaşı iqtisadi əlaqələri, qarşılıqlı investisiya potensialını və müştərək əməkdaşlıqları da çiçəkləndirmək olar.
Azərbaycan və İran arasında ticari əlaqələrin səviyyəsinin 74 faiz artdığını deyən B.Hüseynov bildirib ki, iki ölkə arasında tranzit, nəqliyyat, avtomobil istehsalı, dərman və səhiyyə, enerji, kənd təsərrüfatı, texnologiya və elmi-mədəni sahədə əməkdaşlıqlar yaxşı səviyyədə qurulub. B.Hüseynov Azərbaycan və İran arasında müştərək dəmir yolu xəttinin istifadəyə verilməsi ilə bağlı ciddi əməkdaşlıqların davam etdirildiyini bildirib və qeyd edib ki, Azərbaycan dövləti ölkəmizdə iranlı investorların fəaliyyətini dəstəkləyir.
Paylaş: