Xəbər lenti

 

Birləşmiş Millətlər Təşkilatının İraqdakı xüsusi nümayəndəsi Cin Hennis-Plasşirt bu gün şiələrin ən böyük dini liderlərindən biri ayətullah Əli əl-Sistani ilə görüşüb.

Ovqat.com xəbər verir ki, görüşdə qəzəblənmiş İraq xalqını sakitləşdirmək üçün aparılacağı planlaşdırılan siyasi islahatlar müzakirə edilib.

Nəcəf şəhərində baş tutan görüşdən sonra mətbuat konfransı keçirən BMT rəsmisi, Sistaninin ciddi islahatları dəstəklədiyini, lakin siyasi qüvvələrin bu islahatları həyata keçirməkdə ciddiliyinə inanmadığını vurğulayıb.

Nümayişçilərin konkret nəticələr əldə etmədən evlərinə qayıtmalarının mümkün olmadığını bildirən BMT elçisi hökuməti ciddi addımlar atmağa çağırıb.

Maraqlıdır ki, Sistaninin özü də indiyə qədərki tərəfsizliyini və səssizliyini pozaraq, dinc aksiyaçıları açıq şəkildə dəstəkləyib.  Onun Kərbəladakı nümayəndəsi Əbdülmehdi cümə xütbəsindən sonra dini liderin mesajını oxuyaraq, dinc etiraz aksiyalarını davam etdirməyə, təhlükəsizlik güclərini isə nümayişçilərə qarşı assimmetrik güc tətbiq etməməyə çağırıb.

Sistaninin bu mesajl belə, təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında bir aydan artıq davam edən qanlı qarşıdurmaları səngitməyib. Bugünkü qarşıdurmalarda da ölənlər və yaralananlar olub.

Ayyarımdır səngimək bilməyən qarşıdurmalarda ölənlərin sayı 400-ə yaxınlaşıb.

İraq Prezident Administrasıyasının dünən yaydığı məlumata görə, aksiyalarda ölənlərin sayı 316-ya çatmışdı. Bunlar hələ təsbit oluna bilən itkilərdir. Real itkinin sayı dəfələrlə çox ola bilər.

Ötən ayın 1-də başlayan, qısa müddət ərzində İmam Hüseynin 40-ı münasibətilə müvəqqəti dayandırılan aksiyalar ənənəvi Ərbəin yürüşlərindən sonra yenidən keçirilməyə başlanmış və təhlükəsizlik güclərinin müdaxiləsilə üzləşmişdir. Bir neçə gün əvvəl Kərbəlada silahsız nümayişçilərə həqiqi mərmilərlə atəş açılması nəticəsində bəzi etirazçılar həyatını itirmişdi. Bu isə İraq xalqının mübarizə əzmini qırmamış, əksinə, onu daha da qəzəbləndirmişdi,

Yaranan gərginliyi azaltmaq üçün İraq hökuməti təcili toplanmış və siyasi-iqtisadi islahatlara gedəcəyini açıqlamışdı. Sistaninin BMT nümayəndəsilə görüşdə səsləndirdiyi bədbin fikirlər bu xəmirin hələ çox su aparacağından xəbəri verir.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 622          Tarix: 12-11-2019, 01:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma