İranda benzinin qiymətinin artırılmasından sonra başlayan xalq etirazları öz gücü ilə davam edir.
Etirazlar başlayan gündən etibarən qorxuya düşən ölkə rəsmiləri gülməli bəyanatlar, eləcə də təhdidlərlə qəzəbli xalqı nümayişlərdən əl çəkməyə sövq etməyə çalışsalar da, onların bu istəyi baş tutmayıb.
Bu dəfə isə “dini lider” Əli Xamneyiyə nümayəndəsi Hüseyn Şəriətmədari tərəfindən idarə edilən “Keyhan” qəzeti yaydığı xəbərdə etirazçıları edamla təhdid etməklə yanaşı, bəzi gülməli fikirlər səsləndirib.
Xamneyinin nəzarəti altında dərc edilən qəzet ötən günki çapında “etirazçıları başqa dillərdə danışdığını” və buna görə də, “İran vətəndaşları olmadığını” yazıb. Görünür qəzet İranda bir neçə xalqın yaşadığını gözardı etməklə, farsca danışmadıqlarına görə, onları “xaricdən gələn iğtişaşçılar” kimi qələmə verməyə çalışıb.
Qəzet həmçinin ölkənin məhkəmə sisteminə istinadən həbs edilən etirazçıların liderlərini “xarici xüsusi xidmət orqanlarına bağlı qüvvələr” adlandırıb və onları edam cəzasının gözlədiyini deyib.
Qeyd etmək lazımdır ki, qəzet noybarın 17-də yaydığı məqalədə etirazçıları qorxutmaq üçün etirazların davam edəcəyi təqdirdə, təhlükəsizlik qüvvələrinin küçələrə çıxanları güllələyərək qətliam edəcəyini bildirmişdi.
Paylaş: