Xəbər lenti
GÖZÜMÜM İÇİNDƏ BOĞULUR YAŞIM...
 
Çəkilir göylərdən, yox olur günəş,
Son umud, son vaxtım bu gecəyədək.
Gözümün içində boğulur yaşım,
Ağlaya bilməsəm ölüb gedəcək.
 
Gecənin içimə düşür kölgəsi,
Pərvanələr kimi eşqin köləsi,
Titrəyir ovcumda şamın şöləsi,
Qəfil bir küləkdən sönüb gedəcək.
 
Bir az umu-küsü, incik, barışıq,
Bir az sevgi, həsrət, kədər qarışıq,
Qapının ağzında gözləyir işıq,
Açmasam qapını dönüb gedəcək...
 
EVDƏ QAL…
 
Əgər sevirsənsə əzizlərini,
Körpə balaların gül üzlərini,
İstəyirsən görsün gün üzlərini,
Evdə qal, evdə qal, yaşat onları,
Yarıda qalmasın həyat yolları!
 
Bir gəlin gözləyir körpə yolunu,
Bir ana gözləyir əsgər oğlunu,
Bir ata gözləyir oğul toyunu,
Evdə qal, evdə qal, yaşat onları,
Dolansın boynuna qoşa qolları!
 
Bəlkə də kimlərin hiylə-oynudur,
Koronavirusa dözüm yoludur,
Bəşərin xilası, çözüm yoludur,
Evdə qal, evdə qal, yaşat onları,
İnsanlar da sevər yaşadanları!
 
 
 
TANRIM MƏNƏ ALQIŞ GÖNDƏRİR

Göylərə qaldırdığı göz yaşımı,
Tanrım yerə yağış göndərir.
Verdiyi əzaba görə
Bəlkə də mənə barış göndərir.

İçimdə yoxdur ona
Kinim, küdurətim.
Vardır sevgim, 
Və bir də ülfətim.
Yəqin Tanrım xoş üzümə
Sulu bir baxış göndərir.

Yox başqa bir yolum,
Taleyimlə barışmışam.
Doğmalaşan dərdimdən 
Dişimlə yapışmışam.
Toqquşub şaqqıldayan, 
Dəlisov şimşəkləriylə
 Tanrım mənə alqış göndərir!
 
MƏRTƏBƏ- MƏRTƏBƏ UCALIR BAKI
 
Mərtəbə - mərtəbə ucalır Bakı,
Mərtəbə - mərtəbə yenir adamlar.
Dünənini bir təhər verib yola,
 Bügününü əyninə geyir adamlar.
Gecələr yoxa çıxır küçələrdən səkilər,
Ağaclar diri - diri ölüb gedirlər.
Sosial yardıma göz tikən məmurlar,
 Əlli əlliyə bölüb yeyirlər.
Sönə - sönə gedir pəncərdən işıqlar,
Mürgüləyib yuxuya gedir ümidlər.
Yorğun asfalt yollar nəfəsin dərir,
 Sülənir küçədə yiyəsiz itlər.
Pambıq qozası kimi çırtlayır
Şəhid anaların dərdləri,
Üzülüb göylərdən ümidləri,
Əlləri ətəkdə.
Qələbə döyüşünü gözləyir əsgərlər,
Gözləyir səngərdə,
 Barmaqları tətikdə…
 
ŞAİRSƏNSƏ, ŞAİR KİMİ YAZ GÖRÜM
 
Şairsənsə, şair kimi yaz görüm,
Bu millətin görən halı necədir?
Harınlayıb harın gəzən məmuru,
 Çörək gəzən, çörək tapan neçədir?
Yuxusuna haram qatır neçəsi,
Axşam, səhər yeyib-yatır neçəsi,
Haram yeyir, halal dadır neçəsi,
 Halal alıb, haram satan neçədir?
Bazarında əli yanan cibində,
Nəşələnib sərxoş olan CİP-ində,
Kimin əli kimin durub çiynində,
 Cövlan edib atın çapan neçədir?
Necə idim, eləcə də göründüm,
Həya edib abrıma büründüm,
Rüşvət alan məmuruma tüpürdüm,
 Tüpürcəyim gedib çatan neçədir?
Kasıb-varlı bölünübdü el içi,
Kasıbından varmı görən elçisi,
Mandatını pulla alır Məclisi,
 Lal dayanan, durub-yatan neçədir?
ƏYİLMƏDİM TAMAHIMA

Yüz əyridən düzü seçdim,
Alnı açıq üzü seçdim,
Yavan çörək, duzu seçdim,
Əyilmədim tamahıma.

"Qızıl qələm" götürmədim,
Əldə Ələm götürmədim,
Faiz -sələm götürmədim,
Əyilmədim tamahıma.

Burulmadım döngələrə,
Qısılmadım kölgələrə,
Göz tikmədim yad əllərə,
Əyilmədim tamahıma.

Hər günümə şükür dedim,
Nə yedimsə halal yedim,
Düz oturdum, düz yeridim,
 Əyilmədim tamahıma.


Ana səhifəyə qayıt        Baxış: 1 273          Tarix: 2-04-2020, 12:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma