Xəbər lenti


    Mayın 24-də AMEA-nın əsas binasının önündəki parkda işə başlayan III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı rəngarəng proqramla davam edir.

Festival Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət komitəsi, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, AMEA, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TİKA və digər qurumların dəstəyi ilə gerçəkləşir.

Tədbirlər hər gün bir ölkənin adı ilə (Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikası) adlandırılır. Müstəqillik Gününü bayram etdiyimiz 28 may tarixi ölkəmizə həsr olunub.

Festival çərçivəsində mayın 28-də Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyi münasibətilə panel təşkil edilib. Panel Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru Lütviyyə Əsgərzadənin moderatorluğu ilə gerçəkləşib. 

L.Əsgərzadə çıxışında festivalın əhəmiyyətini qeyd edib, təşkilatçılara təşəkkürünü bildirib. O, XX əsrin əvvəllərində Naxçıvanda maarifçi mühitin inkişafında mühüm xidmətləri olan, Ümummilli lider Heydər Əliyevin hər zaman hörmət və məhəbbətlə yad etdiyi orta məktəb müəllimlərindən biri, dahi şair-dramaturq Hüseyn Cavidin böyük qardaşı Şeyx Məhəmməd Rasizadənin (1878–1939) ömür yolundan, pedaqoji fəaliyyətindən, ictimai-siyasi baxışlarından və yaradıcılığından söz açıb.



Yazıçı-dramaturq, jurnalist Bayram İsgəndərli Naxçıvan bölgəsinin təbiət gözəlliklərindən, yetirdiyi şəxsiyyətlərdən danışıb. 

Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru, professor Tahirə Məmməd naxçıvanlı alimlərin Azərbaycan ədəbiyyatşünaslığının inkişafına töhfələrindən bəhs edib.

“Mədəniyyət” qəzeti baş redaktorunun müavini Fariz Yunisli “Naxçıvanın müasir mədəni həyatı və media” mövzusunda çıxış edib. 


Sonra Nizami adına Ədəbiyyat İnstitutunda “Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyinin əməkdaşı, şair, dramaturq, publisist İbrahim Yusifoğlu, şair-publisist Məmməd Tahir, şair-jurnalist, “Ədəbi incilər” jurnalının təsisçisi və baş redaktoru Xalidə Nuray çıxış edib, Naxçıvana həsr olunan şeirlərini səsləndiriblər.


Qeyd edək ki, həmin gün festival çərçivəsində Azərbaycan ədəbiyyatı, Nizami adına Ədəbiyyat İnstitutunun 90 illiyi, mərhum millət vəkili Qənirə Paşayevanın xatirəsinə, ilk Cümhuriyyətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunan tədbirlər, görüş, film nümayişi və konsert reallaşıb.

Türksoylu ölkələrdən alimlərin, qələm adamlarının, naşirlərin qatıldığı festivalda şeir saatları, müzakirələr, kitab təqdimatları, konfranslar, konsert proqramları ilə yanaşı, görkəmli ədiblərin yubileylərinə həsr edilən tədbirlər təşkil olunur.

III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı mayın 31-də başa çatacaq




Ana səhifəyə qayıt        Baxış: 2 875          Tarix: 29-05-2024, 08:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma