Xəbər lenti

Moskvaya cavab olaraq rus səfirin XİN-ə çağırılması ilə diplomatik gərginlik yüksəldi, Azərbaycan və Qazaxıstan açıqlamalar yaydı; deputat: “Kompensasiya ödəniləcəksə, o zaman gərginlik aradan qalxacaq”

Rusiya ilə Azərbaycan arasında diplomatik müstəvidə gərginlik və “soyuq müharibə” davam edir. Məlumdur ki, yanvarın 28-də Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə dəvət olunub.

Görüş zamanı Rusiya mətbuatında, eləcə də Rusiyanın bəzi rəsmi dairələri tərəfindən dezinformasiya xarakterli, ölkəmizi hədəf alan yazıların dərc olunması, reportajların yayımlanmasının anlaşılmazlıq yaratdığı, bunun Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin məzmun və ruhuna zidd olduğu diqqətə çatdırılıb. Azərbaycan Hava Yollarına məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı ilkin təhqiqatın nəticələrinin məlum olduğu, istintaqın yekunlaşdırılması üçün iş aparıldığı, qəza ilə bağlı Rusiya tərəfindən gözləntilərimizin açıq şəkildə bəyan edildiyi xatırlanıb.

Yerli mətbu orqanlarda “Rus evi” ilə bağlı məlumata gəldikdə, bunun rəsmi mövqe olmadığı, bu kimi təşkilatların ölkəmizin ərazisində fəaliyyətinin qarşılılıq prinsipinə əsaslandığı və qanunvericiliyin tələblərinə uyğun aparılmasının vacib olduğu bildirilib. Qeyd edək ki, bir gün əvvəl də Azərbaycanın Rusiyadakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə dəvət olunmuşdu. Səfir Rəhman Mustafayevi nazir müavini Mixail Qaluzin qəbul etmişdi və Azərbaycan mətbuatında Rusiya ilə bağlı əsassız ittihamlar dərc edildiyini bildirmişdi. Bunun ardınca Bakıdakı rus səfirin çağırılması və ona adekvat cavab verilməsi hazırda münasibətlərdəki problemlərdən qaynaqlanır. Azərbaycanın tələbi sadədir - təyyarəmizin vurulmasına görə günahkarlar məsuliyyətə cəlb edilsin və zərərçəkənlərə təzminat ödənilsin. Ancaq həm rəsmi səviyyədə səslənən tələbimizə, həm Azərbaycan mediasında əsaslı tənqidlərin yer almasına Moskva təzyiqlə cavab verir, səfirimizi çağırıb ultimatum dilində danışır.

Bu mövzuda Azpolitika.info yazıb ki, son dövrlər Azərbaycan mətbuatında Rusiyanın ünvanına səsləndirilən haqlı tənqidlər, deyəsən, hədəfə dəyib. “Kremlin bu tənqidlərə verdiyi reaksiya isə daha çox "Soğan yeməmisən, için niyə göynəyir" məsəlinə uyğun gəlir. Qatığa qara deməyə" adət edən və bütün tərəfdaş hesab etdiyi ölkələrdən də buna “amin” deməyi tələb edən Rusiyanın Azərbaycan səfirinə nota verməsi bir tərəfdən siyasi-diplomatik həyasızlığın, digər tərəfdən də acizliyin göstəricisidir. Çünki Azərbaycan mətbuatında Rusiyaya qarşı haqlı tənqidlərdən “içi göynəyən” Kreml nədənsə Rusiya mediasında, mərkəzi telekanallarda uzun ilərdir davam edən, Azərbaycan təyyarəsinin vurulmasından və rəsmi Bakının buna məntiqli reaksiyasından, etirazlarından sonra daha da şiddətlənən və hətta təhqir həddinə çatan anti-Azərbaycan təbliğatını görmür", - deyə sayt əlavə edib.

“AZAL-a məxsus təyyarənin qəzaya uğramasının səbəblərinin araşdırılmasının nəticələri barədə məlumat yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq”. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev TASS-a bildirib: “Azərbaycanın müvafiq qurumları AZAL-ın sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasının səbəblərini araşdırmaqda davam edir. Hesab edirik ki, yaxın vaxtlarda tərəfdaş dövlətlərlə birlikdə bu məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat verəcəyik”. Qazaxıstanın Baş Prokurorluğu isə Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasının səbəblərini araşdırmaqda davam edir, istintaqa daha təcrübəli əməkdaşlar cəlb olunub. Qazaxıstan baş prokurorunun müavini Qalımjan Koygeldiyev deyib ki, istintaq davam edir, ən təcrübəli əməkdaşlardan istintaq qrupu yaradılıb, ekspertizalar təyin edilib. “Bildiyiniz kimi, asan məsələ deyil. Nəticələri gözləyirik”, - Koygeldiyev bildirib.

Deputat Arzuxan Əlizadə “Yeni Müsavat”a qeyd etdi ki, bu gərginliyin yaranmasına rəsmi Moskva səbəbkardır: “2022-ci ilin fevralında strateji müttəfiqlik bəyannaməsi imzalandı, sonrakı dövrdə sülhməramlı kontingent bölgəni vaxtından tez tərk etdi, tərəflər arasında qarşılıqlı əlaqələr yüksək səviyyədə inkişaf etməkdə idi, Rusiya liderinin ötən ilin yayında Bakıya səfəri olmuşdu, müxtəlif sahələrdə əməkdaşlıq davam etdirilirdi, yəni münasibətlərdə hər şey normal gedirdi. Təəssüflər olsun ki, təyyarəmizin vurulması bu əlaqələri korladı. AZAL-a məxsus mülki hava gəmisinin vurulması artıq təsdiq olunub və "qara qutular"dakı məlumatlar da tezliklə açıqlanacaq. Faktiki olaraq, təyyarəmiz hava hücumundan müdafiə sistemi ilə vurulub, sonra cinayətin izinin itirilməsi üçün enişinə icazə verilməyib. Sadəcə, bu hadisədən sonra Rusiyadan obyektiv, humanist addım görmürük".

Deputat vurğuladı ki, əksinə, rus mediasında böhtan xarakterli məlumatlar tirajlanır, Azərbaycan ittiham olunur, Rusiya rəsmiləri də bizi qane etməyən mövqe sərgiləyirlər: “Azərbaycan həqiqətin üzə çıxmasını tələb edir, qarşı tərəf isə günahını boynuna almaq istəmir. Əgər hadisəyə obyektiv qiymət veriləcəksə, kompensasiya ödəniləcəksə, o zaman gərginlik də aradan qalxacaq. Azərbaycan Prezidenti bəyan edib ki, haqlı tələbimizdən geri çəkilməyəcəyik. Bizim bu məsələləri beynəlxalq müstəvidə qaldırmaq və haqqımızı istəmək hüququmuz var”. Xatırladaq ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla, 38 nəfər həyatını itirib.

Müsavat.com




Ana səhifəyə qayıt        Baxış: 5 060          Tarix: Bu gün, 10:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma