Xəbər lenti


Azərbaycan jurnalistikasına ağır itki üz vermişdir. Avqustun 11-də tanınmış qələm sahibi, Əməkdar jurnalist, “Xalq qəzeti”nin Qarabağ üzrə bölgə müxbiri Ziyəddin Kamal oğlu Sultanov uzun sürən xəstəlikdən sonra ömrünün və yaradıcılığının məhsuldar dövründə dünyasını dəyişmişdir.
Ziyəddin Sultanov 1951-ci ildə Ağdam rayonunun 27 ildən bəri erməni işğalı altında qalan Kolanı obasının Mollalar kəndində müəllim ailəsində anadan olmuşdur. Orta məktəbi doğma kəndində bitirən gələcəyin jurnalisti yeniyetməlik illərindən mətbuatda müxtəlif yazılarla çıxış etmiş, taleyini ömürlük söz yaradıcılığı ilə bağlamışdır. Həmkarımız 1969–1974-cü illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ali ixtisas təhsili almış, tələbəlik illərindən aktual mövzularda yaradıcılıq istedadını və bacarığını sübuta yetirmiş, təcrübəli qələm sahiblərinin yüksək etimadını qazanmışdır.

Jurnalistika aləminə ictimai ideallara sadiq, milli mətbuatımızın ən yaxşı ənənələrinə bağlı, çağdaş jurnalistika nəzəriyyəsinə və təcrübəsinə mükəmməl yiyələnmiş qələm sahibi kimi qədəm qoyan Ziyəddin Sultanov peşəkar fəaliyyətə nəşriyyat redaktoru kimi başlamışdır. “Gənclik” nəşriyyatında buraxılan bir sıra maraqlı kitabların ədəbi-bədii dil normalarına uyğun çapa hazırlanmasında fəal iştirak etmişdir. O dövrdə gəncliyin istək və maraqlarını dərindən öyrənmiş jurnalist kimi Ziyəddin Sultanov 1978–1980- ci illərdə “Azərbaycan gəncləri” qəzetinə dəvət olunmuş, bu populyar nəşrin səhifələrində dərc olunmuş silsilə analitik və publisistik yazıları ilə geniş oxucu auditoriyasının diqqətini cəlb etmiş, o dövrün rəhbər və ustad jurnalistlərində mərkəzi mətbuat üçün perspektivli kadr olduğuna dərin inam yaratmışdır.

Qısa müddətdə səriştəli qələm sahibi kimi tanınmış Ziyəddin Sultanov 1980-ci ildə Azərbaycan dövri mətbuatının avanqardı, akdemik jurnalistika məktəbi sayılan “Kommunist” (1991-ci ildən “Xalq qəzeti”) qəzetində fəaliyyətə başlamış, 1982-ci ildən Dağlıq Qarabağda artmaqda olan separatçı əhvalruhiyyə səbəbindən bu muxtar vilayətdə milli maraqları qorumağa qadir jurnalist kimi Xankəndiyə bölgə müxbiri göndərilmişdir. Uşaqlıq illərindən qonşuluqda yaşayan nankor ermənilərin riyakarlığına və xainliyinə yaxşı bələd olan gənc Ziyəddinin ayıq-sayıqlığı və prinsipiallığı bir sıra hallarda erməniləri açıq təxribatlardan çəkinməyə məcbur etmişdir. Vilayətin daşnakxislət kommunist rəhbərliyi bu səbəbdən dəfələrlə həmkarımızı Xankəndidən uzaqlaşdırmağa cəhd göstərmişdir. Lakin redaksiya rəhbərliyinin qətiyyəti və Ziyəddinin ekstremal şəraitdə çalışa bilmək bacarığı buna imkan verməmişdir.

Redaksiyanın Dağlıq Qarabağ müxbirinin xidməti məruzələrində irəlicədən göstərildiyi kimi, 1988-ci ilin fevralında Xankəndidə millətçi elementlər vilayətin Ermənistana birləşdirilməsi tələbi ilə meydana çıxanda Ziyəddin Sultanovun necə haqlı olduğu və hansı çətin şəraitdə çalışdığı öz təsdiqini tapmışdır. Bölgədə hadisələr faciəli məcraya qədəm qoyanadək müxbir postu Xankəndidə yerləşən Qarabağ üzrə bölgə müxbirimiz 1989-cu ildən fəaliyyətini Ağdamda, 1993-cü ildən sonra isə Bərdədə davam etdirməyə məcbur olmuşdur. Bir qərinədən artıq davam edən Dağlıq Qarabağ münaqişəsinin canlı, operativ xronikası Ziyəddin Sultanovun silaha çevrilmiş qələmi ilə böyük və mükəmməl bir salnamə təşkil edir.
Cəbhə bölgəsi müxbiri adını bütün ölçüləri ilə doğruldan Ziyəddin Sultanov bugünümüz və gələcəyimiz üçün qiymətli bir Qarabağ salnaməsi yaratmaq missiyasını yorulmaq bilmədən davam etdirmişdir. Onun bu materiallar əsasında hazırladığı “Qarabağ gündəliyi”, “Qarabağın qara günləri”, “Xocalı faciəsi”, “Ağdərədən gələn var”,

“Əsirlər, itkinlər, girovlar”, “Qarabağ müharibəsi: faktlar, hadisələr, düşüncələr...”, “Ürək dözmür ayrılığa”, “Göylərdən gələn gəlin” kimi kitablarda Qarabağ müharibəsində xalqımızın üzləşdiyi faciə və itkilərin bitkin mənzərəsini yaratmışdır.
Yetkin söz adamı olan Ziyəddin Sultanov Qarabağ müharibəsinin dəhşətlərini əks etdirən silsilə qəzet yazılarında, sənədli, bədii əsərlərində erməni separatizminin və təcavüzünün, terror və vandalizminin insanlığa zidd mahiyyətini, qanlı səhnələrini sistemli olaraq qələmə almışdır. Erməni silahlı quldur dəstələrinin qarşısında canlı sipər yaratmış əsgər və zabitlərimizin hünəri, şəhidlərimizin qəhrəmanlığı, məcburi köçkünlərin düçar olduqları hədsiz məhrumiyyətlər, cəbhəyanı bölgənin əhalisinin qayğıları və quruculuq işləri də Ziyəddin Sultanovun jurnalistik fəaliyyətində və ədəbi yaradıcılığında geniş yer tutur. O, yurdsevər ziyalı, cəsarətli bir jurnalist kimi Qarabağ müharibəsi başlanandan cəbhə bölgəsini tərk etməmişdi. Bu illərdə Ziyəddin həmişə Qarabağ münaqişəsindən yazan jurnalistlərə, cəbhə müxbirlərinə öz davranış və yaradıcılıq nümunəsi göstərmişdir.
Ötən illərdə Azərbaycan oxucuları Dağlıq Qarabağda baş verən hadisələri bir çox hallarda müxtəlif səbəblərdən gecikdirilmiş rəsmi məlumatlardan qabaq, Ziyəddin Sultanovun qəzetimizə göndərdiyi operativ yazılarla izləmişlər.

Dünyanı sarsıdan Xocalı faciəsi, onun qurbanları və şahidləri barədə çoxsaylı yazılar və bu mövzuda kitablar isə müəllifin yaradıcılığında ayrıca yer tutur. Ziyəddinin cəbhə yaradıcılığını nəzərdən keçirdikcə, o dəhşətli günlərin ağrı-acılarının, qan-qadalarının miqyasını, çəkisini yenidən hiss edib-anladıqca gözümüz önündə bu xronikanı söz-söz, cümlə-cümlə öz tale yazısı kimi ərsəyə gətirmiş döyüşçü-yazarın mətin, yetkin obrazı da canlanır. Bir daha əmin olursan ki, bu alovsaçan, qan qoxuyan xronikanın müəllifi xalqımızı ayıq-sayıqlığa, birliyə çağıran, düşmənə zərbə vurmağa ruhlandıran əsl cəbhə müxbiri olmuşdur.
Ziyəddin Sultanovu “Qarabağın baş yazarı” kimi tanıdan və sevdirən bu əhatəli, qanlı xronikanı onun həssas bədii düşüncəsinin və humanist diləklərinin əks-sədası olan “Məni də sevən var”, “Ömür keçdi, gün keçdi”, “Burdan bir atlı keçdi”, “Kəklik”, “Bir qonağam bu dünyada”, “Xatırla məni” kimi kitabların oxuculara həayt eşqi aşılayan ədəbi dünyası tamamlayır.

Həmkarımızın jurnalistika və ədəbiyyatımız qarşısında xidmətlərini dövlətimiz yüksək qiymətləndirərək, onu “Azərbaycan Respublikasının Əməkdar jurnalisti” fəxri adına layiq görmüş, “Tərəqqi” medalı ilə təltif etmişdir. Ziyəddin Sultanov ölkə jurnalistlərinin “Qızıl qələm, “Ali media” və bir çox digər yaradıcılıq mükafatlarını da ilk qazanan jurnalistlərdən olmuşdur. Ağır xəstəlik, amansız ölüm Azərbaycan milli jurnalistikasının ən yaxşı ənənələri ilə tərbiyələnmiş Ziyəddin Sultanovu ürəkdən sevdiyi, möhkəm bağlandığı, yarım əsrlik bir müddətdə pillə-pillə ucaldığı fəaliyyət sahəsindən, doğmalarından və dostlarından vaxtsız ayırdı. Qarabağın bəlalı xronikasının baş yazarı əbədiyyətə tez qovuşdu. Onun həyat yolu, yaradıcılıq örnəyi isə jurnalistikamızı zənginləşdirmiş və şərəfləndirmişdir.

Ustad jurnalist, bacarıqlı və məsuliyyətli bölgə müxbiri, qeyrətli vətəndaş, mehriban və qayğıkeş dost olmuş Ziyəddin Sultanovun əziz xatirəsi onu tanıyıb-sevənlərin qəlbində daim yaşayacaqdır. Qoy, Qarabağda qazanacağımız Böyük Qələbə Ziyəddinin torpaqlarımızın itkisi ilə göynəyən nisgilli, nigaran ruhuna tezliklə təsəlli olsun. Allah rəhmət eləsin!modern.az
Tahir AYDINOĞLU,
Azərbaycan Mətbuat Şurası
Ahıl Jurnalistlər Məclisinin sədr müavini,
Əməkdar jurnalist



Ana səhifəyə qayıt        Baxış: 3 167          Tarix: 13-08-2020, 20:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma