Xəbər lenti

Deputatların hökumətə ünvanladığı sorğulara 15 günə cavab verilməlidir - QAYDALAR

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarından Baş nazirin və ya onun müavinlərinin ünvanına daxil olmuş sorğulara cavab layihələri Nazirlər Kabinetinin Aparatı tərəfindən 15 gündən gec olmayaraq hazırlanacaq.

Publika.az xəbər verir ki, bununla bağlı ötən gün Prezident tərəfindən təsdiq edilən Nazirlər Kabinetinin iş qaydalarında qeyd olunub.

Qaydalarda bildirilir ki, Nazirlər Kabinetinin digər üzvlərinə daxil olmuş sorğulara cavablar aidiyyəti mərkəzi icra hakimiyyəti orqanı tərəfindən hazırlanmalıdır. Sorğulara cavab vermək üçün Baş nazir və ya onun tapşırığı ilə Nazirlər Kabinetinin digər üzvləri Azərbaycan Respublikası Milli Məclisinin iclaslarında iştirak edir.

Milli Məclisin Nazirlər Kabinetinə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair sorğu ilə müraciət etdikdə, Nazirlər Kabinetinin sorğuya cavabının layihəsi Baş nazirin tapşırığı ilə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanı (orqanları) tərəfindən hazırlanır.

Milli Məclisin sorğusuna cavab Nazirlər Kabinetini təmsil edən səlahiyyətli şəxs tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin iclasında bir aydan gec olmayaraq təqdim ediləcək.

Nazirlər Kabineti hər il Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının beşinci iclasında öz fəaliyyəti haqqında hesabat verəcək.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin məktubu ilə Nazirlər Kabinetinə daxil olan Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidenti aktlarının layihələrinə və digər sənədlərə, məktubda başqa müddət nəzərdə tutulmadıqda, bir ay müddətində Nazirlər Kabinetində baxılmalıdır.

Nazirlər Kabinetinin üzvləri tərəfindən vətəndaşların qəbulu Baş nazir tərəfindən hər ay təsdiq olunan qrafik üzrə həftənin müəyyən günlərində aparılır.




Ana səhifəyə qayıt        Baxış: 900          Tarix: 11-10-2017, 16:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma