Əvvəllər Azərbaycanda erkən nikah halları daha çox cənub bölgəsində baş verirdi, amma indi artıq Mərkəzi Aran rayonlarında da belə faktlar üstünlük təşkil edir.
Bu barədə Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə bildirib.
Onun sözlərinə görə, cənub bölgəsində erkən nikahla bağlı əhalinin maarifləndirlməsi üçün daha çox iş aparılması burada belə halların azalmasına gətirib çıxarıb.
Hazırda belə tədbirlərin Mərkəzi Aran rayonlarında da aparıldığını xatırladan R.Süleymanzadə deyib ki, 2016-cı ildə erkən nikahla bağlı 440 fakt qeydə alınıb:
“Bu, yalnız aşkara çıxarılan faktlardır. Təbii ki, məsuliyyətdən yayınanlar da ola bilər. Əvvəllər belə faktların sayı daha çox idi. Lakin qanunvericiliyə dəyişiklik edildikdən sonra erkən nikah halları minimuma enib. Bunun da qarşısını almaq üçün daim maarifləndirmə işləri aparılır”.
R.Süleymanzadə qeyd edib ki, 2016-cı ildə qızı erkən nikaha daxil olmağa məcbur etdiyinə görə, 40 nəfər məsuliyyətə cəlb edilib.
Azərbaycanda erkən nikah hallarının ildən-ilə azaldığını deyən R.Süleymanzadə qeyd edib ki, erkən nikaha daxil olanlar arasında daha azyaşlı uşaqların olub-olmaması barədə məlumatları yalnız mətbuatdan əldə edirlər.
Onun sözlərinə görə, daha çox rast gəldikləri faktlar 16-17 yaşlı qız uşaqlarının nikaha daxl olmağa məcbur edilməsi hallarıdır.
Hazırda Azərbaycanda nikah yaşının 18 olduğunu söyləyən R.Süleymanzadə əlavə edib ki, 2011-ci ildə Cinayət Məcəlləsinə erkən yaşda nikaha daxil olmağa məcburetməyə görə əlavə maddə daxil edilmişdi. CM-nin 176.1-ci maddəsinə görə, qadını iradəsinə zidd olaraq, nikaha daxil olmağa məcbur edən şəxs 2000 manatdan 3000 manatadək cərimələnir və ya 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə 3000 manatdan 4000 manatadək miqdarda cərimə və ya 4 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq edilir:
“Göründüyü kimi, erkən nikahla bağlı kifayət qədər ağır cəzalar nəzərdə tutulub. Amma bəzən olur ki, bu məsələ ilə bağlı məlumatlar hüquq-mühafizə orqanlarına da gəlib çatmır. Şəxslər öz aralarında qeyri-rəsmi nikaha daxil olurlar və hüquq-mühafizə orqanları, eləcə də icra hakimiyyəti orqanları, qəyyumluq və himayəçilik komissiyaları və digər mərkəzi icra hakimiyyəti orqanları bundan məlumatsız olurlar. Bu səbəblərə görə də bəzən hər hansı tədbirlərin görülməsi mümkün olmur”.
Azərbaycan ailəsində əsas qərarlar daha çox ata tərəfindən verildiyindən qızını nikaha məcbur edən ataya qarşı daha ağır cəzaların verilməsinin mümkünlüyünə gəldikdə isə, R.Süleymanzadə qeyd edib ki, hazırda qanunvericilikdə belə bir məsələ nəzərdə tutulmayıb.
Onun sözlərinə görə, məsuliyyətə ata, ana, nənə, bacı, qardaş, bir sözlə qızı nkaha daxil olmağa məcbur edən istənilən şəxs cəlb oluna bilər:
“Bu zaman fərqi yoxdur ki, nikaha məcbur edilən qız 18 yaşına çatıb, ya yox. Bu məsələ ilə bağlı atanın daha ağır məsuliyyətə cəlb edilməsi məsələsi qanunvericilikdə yoxdur. CM-də hər bir şəxs üçün ayrı şəkildə deyil, hər bir kəs üçün bərabər şəkildə cəza nəzərdə tutulub”.
Paylaş: