“Azərişıq” ASC yarandığı gündən ölkənin bütün regionlarında istehlakçıların dayanıqlı, fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi, həmçinin istismar müddətini başa vurmuş elektrik şəbəkələrində texniki itkilərin aradan qaldırılması məqsədilə Mərkəzi Aran regionunda da geniş miqyaslı təmir-tikinti və yenidənqurma işləri görülür.
Mingəçevir və Naftalan şəhərləri və Ağdaş, Ağsu, Yevlax, Bərdə, Kürdəmir, Göyçay, Goranboy, Tərtər, Ucar rayonlarının daxil olduğu “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsində (RETSİ) 261 min abonentə və bununla da milyondan artıq əhaliyə xidmət göstərilir.
İyun ayının 13-də isə “Azərişıq”ASC-nin Mərkəzi Aran RETSİ-nin yeni tikilən inzibati binası əməkdaşların və istehlakçiların istifadəsinə verildi. İki mərtəbədən ibarət yeni ofis binasında işçilərin səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb. Burada abonentlərə xidmətin keyfiyyətinin artırılması, enerji satışı, qəza xidməti, müştəri xidmətləri üçün xüsusi otaqlar yaradılıb.
Açılış zamanı Azərişıq”ASC-nin sədr müavini Vüqar Əhmədov, Mingəçevir şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov ölkənin enerji təsərrüfatında həyata keçirilən yenidənqurma işlərindən, iqtisadi və sosial sahədə aparılan kompleks tədbirlərdən danışaraq energetikləri təbrik ediblər.
Xatırladaq ki, bundan əvvəl Ağsu, Ucar, Yevlax, Tərtər və Goranboy rayonlarında müasir standartlara cavab verən yeni ofis binaları istifadəyə verilmişdi.
Mərkəzi Aran RETSİ-nin xidməti ərazisində 9 ədəd 110 kv-luq və 55 ədəd 35 kv-luq yarımstansiyalarda yenidənqurma işləri aparılıb, Ağsu və Goranboy rayonlarında 110/35/10 kV-luq yeni yarımstansiya inşa edilib və istismara verilib.Hal hazırda “Azərişıq” ASC-nin daxili vəsaiti hesabına daha 2 ədəd yeni yarımstansiya tikilir.
Mərkəzi Aran rayonlarında 556 ədəd yüksək gərginlikli, 45.000 ədəd isə aşağı və orta gərginlikli elektrik dayaqları dəyişdirilib. Paralel olaraq 142 km yüksək gərginlikli, 10-0,4 kV-luq 670 km hava xətlər tikilmiş, həmçinin 1900 km ÖİN (Özünüdaşıyan İzolyasiyalı Naqillər ) çəkilib.
“Azərişıq” ASC-nin Mətbuat Xidməti
Paylaş: