Azərbaycan Prezidentinin sərəncamları ilə Şirzad Abdullayev və Rüfət Məmmədov iqtisadiyyat nazirinin müavinləri təyin olunub.
Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Yeni vəzifəsinə qədər İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru olan Şirzad Abdullayev 1970-ci ildə anadan olub.
Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə, Bakı Dövlət Universitetini hüquqşunas ixtisası üzrə bitirib. Almaniya Federativ Respublikasında Berlin İqtisadiyyat Məktəbi və Almaniya Tətbiqi Elmlər İnstitutunda əlavə təhsil alıb.
Şirzad Abdullayev uzun müddət bank sistemində işləyib, 2003-2008- ci illərdə Mərkəzi Bankın Bank nəzarətinin hüquqi təminatı şöbəsinin rəisi, 2008-ci ildən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru olub.
Iqtisadi elmləri doktoru, monoqrafiyaların, dərs vəsaitlərinin müəllifi, Azərbaycan Dövlət İqtisad Universitetinin professorudur.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Dövlət qulluğunda fərqlənməyə görə” və“Tərəqqi” medalları ilə təltif edilib.
İngilis və rus dillərini bilir.
Ailəlidir, 3 övladı var.
Digər yeni nazir müavini Rüfət Məmmədov Bakı Dövlət Universitetində Beynəlxalq hüquq ixtisası üzrə bakalavr, Almaniyanın Drezden Texniki Universitetində Avropa inteqrasiyası hüququ ixtisası üzrə magistr təhsili alıb.
R.Məmmədov 2007-2010-cu illərdə Avropa İttifaqının Azərbaycan Respublikasına Beynəlxalq Texniki Yardımı üzrə Koordinasiya Bürosunda icraçı direktor, 2010-cu ildən İqtisadiyyat Nazirliyində şöbə müdirinin müavini, 2011-ci ildən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) müxtəlif vəzifələrdə çalışıb, son təyinatdan əvvəl isə AZPROMO-nun rəhbəri olub.
İngilis, rus və alman dillərini sərbəst bilir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
Ailəlidir, 2 övladı var.
Paylaş: