“Bu gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) aidiyyəti orqanlarla birgə ölkədə ekstremizm və radikallıq meyllərin qarşısını almaq məqsədi ilə ardıcıl və sistemli iş aparır”.
Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şöbə rəisi Suad Mahmudov “Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, DTX radikallıq mənbəyinə çevrilən qüvvələrlə mübarizənin açıq və gizlin metodlarının koordinasiyası, əməliyyat axtarış və hüquqi tədbirlərdən istifadə edir.
O qeyd edib ki, Daxili İşlər Nazirliyi ilə birgə görülən tədbirlər nəticəsində son bir ildə xaricdən idarə olunan 7 qeyri-qanuni dini icmanın fəaliyyətinin qarşısı alınıb, 12 əcnəbi ekstremist Dövlət Miqrasiya Xidmətinin köməyi ilə ölkə hüdudlarından çıxarılıb, Dövlət Sərhəd Xidməti ilə birgə iş nəticəsində xaricdəki münaqişələrdə iştirak edən 20 ekstremist Azərbaycana qayıdarkən saxlanılaraq istintaq orqanlarına təqdim olunub.
S.Mahmudov əlavə edib ki, bu gün dinlə bağlı məsələlərə sırf insan hüquqları və milli-mənəvi dəyərlər prizmasından deyil, həm də təhlükəsizlik baxımından yanaşılması dövlətin hüququdur: “Din dövlətdən ayrı olsa da, dövlət ölkədəki dini duruma və vətəndaşların təhlükəsizliyinə görə bilavasitə məsuliyyət daşıyır”.
Report
Paylaş: