Xəbər lenti
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
Ötən yazımızda bildirdiyimiz kimi, Naxçıvan MR DİN-də Azərbaycan Polis Akademiyasının məzunu olan ixtisaslı kadrlar sıxışdırılır.
Ovqat.com-un bildirdiyinə görə, bunun bir neçə səbəbi ola bilər:
1-ci səbəb: Azərbaycan Polis Akademiyasının məzunu olan ixtisaslı kadrlar Naxçıvan MR-in və Naxçıvan DİN-in rəhbərliyinin maraqlarına uyğun xidmət etmirlər. Onlar Akademiyada keyfiyyətli təhsil aldıqlarından öz hərəkətlərinin məsuliyyətini anlayır və bacardıqları qədər polislərin davranış qaydalarına əməl etməyə çalışırlar. Bu isə Naxçıvanda dərəbəlik hakimiyyəti quran və paytaxtla hesablaşmayan yerli rejimin maraqlarına cavab vermir.
Üstəlik, Polis Akademiyasını bitirən uşaqlar qəbul imtahanlarında 600 civarında bal alan IQ-sü yüksək səviyyəli gənclər olurlar. Onların düşünmə qabiliyyəti isə Naxçıvan MR hakimiyyətini qorxudur. Naxçıvan Muxtar hakimiyyətinə qəbul imtahanlarında 50 balı zorla toplayan və bütün qanunsuz əmrlərə amadə polislər lazımdır.
Ən əsası isə Naxçıvanda Azərbaycan Polis Akademiyasını bitirib Muxtar Respublikaya göndərilən ixtisaslı kadrlara Bakının casusu kimi baxırlar. Onların Naxçıvanda baş verən eybəcərlikləri qeydə alıb Bakıya ötürdüklərinə və kritik məqamlarda paytaxtdan gələn əmri yerinə yetirəcəklərinə inanırlar. Təbii ki, Muxtar Respublikada “xan” əmrinə barmaq arası baxan hüquq mühafizə orqanlarının əməkdaşlarına çox bel bağlamır və onlara təhlükə mənbəyi kimi baxırlar.
2-ci səbəb: Naxçıvan rəhbərliyi özünün kadr ehtiyatını yaratmaq üçün hələ 2018-ci ildə Orta İxtisas Polis Məktəbi təsis edib. Tam “xanlıq” rejiminin standartlarına uyğun kadr hazırlayan bu məktəb hər il 30 məzun verir. Onların polis orqanlarında yerləşdirilməsi üçün təbii ki, eyni sayda yerlər boşalmalıdır. Bu zaman isə ixtisara layiq görülən kadrlar Azərbaycan Polis Akademiyasının savadlı məzunları olurlar. Sanki Azərbaycan Polis Akademiyası ixtisaslı kadr yox, Naxçıvan MR DİN üçün hər kəsilməsini gözləyən “qurbanlıq quzu” yetişdirir. Halbuki, söhbətləşdiyimiz mütəxəssislərin əksəriyyəti Naxçıvandakı Orta İxtisas Polis Məktəbinin əslində təsisinə ehtiyac olmadığını vurğulayırlar.
“Çünki Azərbaycan Polis Akademiyası bütün Azərbaycanı təmin edə bilir. Təbii ki, əgər Polis Akademiyası Azərbaycan Respublikasını ixtisaslı kadrlarla təmin edə bilməsəydi, Ukrayna, Rusiya, Türkiyə, Almanya və s. ölkələrdəki kimi 2-ci bir ali təhsil müəssisəsi yaradılardı. Daha Naxçıvandakı kimi texnikum yox. Düşünün, 20 il o tin sənin bu tin mənim boş boş gəzəsən. Sonra gedib 50 bal toplayasan, məktəbə girəsən, 2 il vaxtını keçirib zabit olasan. Vallah, gülməli vəziyyətdir”, - deyə Naxçıvan DİN-dəki mənbəmiz də bu fikirlərə qatılır.
Onun bildirdiyinə görə, artıq 3 aydan sonra 30 kursant Naxçıvan Orta İxtisas Polis Məktəbini “nəzir-niyazla bitirib” xidmətə başlayacaqlar: “Naxçıvan DİN in rəhbərliyi isə onlar üçün indidən iş şəraiti yaradır. Əlbəttə ki, Polis Akademiyasının məzunları sıxışdırılmaqla”.
Həmsöhbətimizin iddiasına görə, Naxçıvan polisində bu ilin ilk qurbanı artıq “kəsilib”. Bu, Eyvaz Cəfərli adlı polis əməkdaşdır: “Eyvaz Cəfərli 2021-ci ilin iyul ayında Polis Akademiyasını bitirərək Naxçıvan DİN-in sərəncamına göndərilib. Həmin vaxt Naxçıvanın sabiq Daxili İşlər naziri Fazil Ələkbərov Eyvaz Cəfərlini Naxçıvan ŞPİ-yə yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektor vəzifəsinə təyin etmişdi. Lakin Eyvazın sosial-məişət problemləri onu Naxçıvanda yaşamağa imkan vermirdi. Eyvaz Cəfərlinin ailə üzvləri Bakı şəhərində yaşayır. Özü isə Naxçıvanda kirayədə qalmalıdır. Naxçıvan şəhərində kirayənin qiyməti 300-350 manatdan başlayır. 700 manat maaş alan Eyvaz onun 350 manatını ev kirayəsinə verirdi. Eyvaz Naxçıvan DİN-in rəhbərliyindən qanuni kirayə pulu tələb edəndə ona "sənə kirayə pulu düşmür" deyirdilər.
İkinci problem isə zərurət olmadan Eyvaz Cəfərli gecə saat 00:00 dək işlədilirdi. Bunlara dözməyən Eyvaz Cəfərli xidmətdən xaric olmaq üçün Naxçıvan DİN rəhbərliyinə müraciət etmişdi. Lakin Naxçıvan Daxili İşlər naziri Rəşad İsmayılov onun müraciətini qəbul etmədi. Eyvaz Cəfərli təkidlə yenidən müraciət edəndə nazir ona töhmət verdi və dedi ki, əgər getmək istəyirsənsə könüllü buraxmayacağıq səni. Səni ləkələyib buraxacağıq. Və belə də oldu. Rəşad İsmayılov Eyvaz Cəfərlini ləkələyib xidmətdən xaric etdi”.
İddiaya görə, Eyvaz Cəfərli xidmətdən xaric olunarkən ona bu ləkənin Naxçıvan Ali Məclisinin sədrinin təşəbbüsü ilə vurulduğunu bildiriblər və o, Daxili İşlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 135.10-cu (intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda) maddəsi ilə xidmətdən uzaqlaşdırılıb. “Bunun isə bir səbəbi var: Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik Cənab Vilayət Eyvazov tərəfindən E.Cəfərli xidmətə yenidən bərpa edilə bilməsin”- mənbəmiz bu fikirdədir: “Bildiyiniz kimi, ötən ilki ixtisarlar zamanı Naxçıvan MR DİN-dən uzaqlaşdırılan bəzi polis əməkdaşları Bakıda işlə təmin olunmuşdular. Bu işdə media qurumlarının, o cümlədən sizin də məsələni gündəmdə saxlamağınızın rolu olmuşdu. Görünür, bu hadisədən sonra Naxçıvan MR DİN basqılara dayanmayıb işdən çıxan kadrları ləkələmədən buraxmaq istəmir”.
Halbuki, Polis haqqında Azərbaycan Respublikası Qanununa görə, hər bir əməkdaşın istədiyi zaman bu orqanlardan ayrılmaq səlahiyyəti var. Qanunun 34-cü maddəsində polislərin işdən çıxarılması aşağıdakı qaydalarda tənzimlənir:
Maddə 34. Polis əməkdaşının xidmətdən xaric edilməsi
I. Polis əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər:
1) öz arzusu ilə polisdə xidmətdən çıxmaq barəsində yazılı ərizə verdikdə;
2) and içməkdən imtina etdikdə;
3) cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqi haqqında qərar olduqda;
4) polisdə xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olduqda;
5) xidmətdə olmanın son yaş həddinə çatdıqda;
6) səhhətinə görə, o cümlədən uzunmüddətli (dörd aydan artıq) xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə xüsusi həkim komissiyasının rəyi olduqda;
7) polisdə xidmətə tam yararsız olması barəsində attestasiya komissiyasının rəyi olduqda;
8) başqa dövlətin vətəndaşlığını qəbul etdikdə, Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə; [55]
9) polis əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə; [56]
10) intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda;
11) ştatlar ixtisar edildikdə;
12) fəaliyyət qabiliyyətsizliyi və məhdud fəaliyyət qabiliyyəti məhkəmə qaydasında müəyyənləşdirildikdə;
13) digər hüquq-mühafizə orqanlarına işə keçdikdə. [57]
II. Polis əməkdaşı xidmətdən xaric edilməsi barədə tabeliyi üzrə yuxarı orqana və ya məhkəməyə müraciət edə bilər.
III. Polis əməkdaşının xidmətdən xaric edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə tənzimlənir.
IV. Vəfat edən, həlak olan və məhkəmə qaydasında ölmüş və ya xəbərsiz itkin düşmüş elan edilən polis әmәkdaşları daxili işlər orqanları əməkdaşlarının siyahısından çıxarılırlar.
Həmsöhbətimizin fikrincə, E.Cəfərlinin bu maddə ilə təsbit olunan hüquqları tapdalanıb və o, iş karyerasının başlanğıcında öz peşəsinə uyğun işləmək haqqından məhrum edilib. Halbuki, Azərbaycan dövləti Eyvaz kimi polis əməkdaşının yetişdirilməsi üçün 500 min manata yaxın pul xərcləyir.
Naxçıvan MR-in indiki Daxili İşlər naziri Rəşad İsmayılovun bu acımasız hərəkətini sələfləri ilə müqayisə edən həmsöhbətimiz sabiq nazir Fazil Ələkbərovun daha vicdanlı olduğunu bildirdi:
“Allah Fazil Ələkbərovun ölənlərinə qəni qəni rəhmət etsin. Fazil Ələkbərovun dönəmində xidmətdən xaric edilmək istəyənlər heç bir problem yaşamırdılar. Rəşad İsmaylovun isə Əhməd Əhmədovdan fərqi yoxdur. Məhz elə buna görə də hörmətli Rəşad müəllim vaxtı gələndə Əhməd Əhmədovdan daha pis vəziyyətə salınacaq. İnsanın əbədi olmadığı bu dünya da heç bir vəzifə əbədi deyil”...
Həmsöhbətimiz Muxtar Respublika DİN-də baş verən bu “hoqqabazlıqlara” paytaxtın mütləq cavab verəcəyinə ümid edir və saytımız vasitəsilə müvafiq dairələri artıq hərəkətə keçməyə çağırır:
“Biz inanırıq ki, hörmətli Vilayət Eyvazov tərəfindən Eyvaz Cəfərli kimi savadlı kadrın məhv edilməsinə imkan verilməyəcək! Biz inanırıq ki, hörmətli Vilayət Eyvazov Azərbaycan Polis Akademiyasının övladı-məzunu Eyvaz Cəfərliyə sahib çıxacaq!”.
Həmsöhbətimiz Azərbaycan Polis Akademiyasını bitirən bəzi ixtisaslı kadrların Naxçıvanda uyğun işlə təmin olunduqlarını da danmır. Amma bu zaman belə, həmin kadrların savadlarına görə yox, daydayıları nəzərə alınaraq seçildiyini bildirib.
“Akademiya məzunlarından özlərinı yaxın olanları yuxarı vəzifələrə gətirilir. Digərləri isə uzaq rayonlara aşağı vəzifələrə göndərilir. Məsələn Azərbaycan Polis Akademiyasının məzunu Sədat Kərimli Naxçıvan MR DİN-in Xüsusi Əməliyyat Axtarış Tədbirləri Şöbəsinə baş əməliyyat müvəkkili təyin olunub. Ona görə yox ki, S.Kərimli savadlıdır. Hərçənd onun savadına şübhəm yoxdur. Amma inanmıram ki, Sədatın əmisi general-mayor Kərimov Hikmət Kərim oğlu Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirinin müavini olmasaydı, o, Naxçıvan MR DİN-də öz layiqli yerini tuta bilərdi. Yaxud Polis Akademiyasının məzunları arasında Xanbaba Qasımzadə adlı biri var. Qayınatası Gəmiqaya Holdinqdə yüksək vəzifədə işləyir. Məhz qayınatasının sayəsində onu Kəngərli RPŞ-yə baş müstəntiq vəzifəsinə təyin etdilər. Hazırda Naxçıvan MR DİN-in Kriminalstik Tədqiqatlar bölməsində baş kriminalist işləyən Münəvvər Qurbanlı da Polis Akademiyasının məzunudur. O isə nazir Rəşad İsmayılovla eyni kənddən olduğu üçün bu vəzifəyə yüksələ bilib. Digər məzun Alpay Məmmədov Rəşad İsmayılovun qohumudur. Onu Dövlət Yol Polisi İdarəsinə bölük komandiri verdilər.
Həmsöhbətmizi onu da vurğuladı ki, Naxçıvan MR DİN-in fəaliyyətində xeyli qanunsuzluqlar var və Azərbaycan DİN-dən Muxtar Respublikaya mütləq xidməti yoxlama göndərilməlidir.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar