Xəbər lenti


 Şəkildə gördüyünüz bu adamlar 4 dostdurlar. Onlardan 3-ü NDU-nun tibb fakültəsində bir yerdə təhsil alıblar. 4-cü şəxs isə tələbə yoldaşı olmasa da, “ümumi maraqlar” onun da bu çevrəyə qoşulmasına kömək edib. Bu mənada dostları təkcə tələbə yoldaşlığı birləşdirmir. Aralarında daha dərin münasibətlər də var.


Dostlardan biri Naxçıvan Respublika xəstəxanasının baş həkimi Zəbur Bağırovdur (şəkildə sağdan ikinci). Öz dostlarını götürüb Küküyə istirahətə gedib və orda sarsılmaz münasibətlərini əks etdirən bu fotonu çəkdiriblər. 


Şəkildə: "Dartanyansız" "3 muşketyor"


Naxçıvandakı mənbələrin Ovqat.com-a verdiyi məlumata görə, dostlar tez-tez belə istirahətlərə gedirlər və hər gedişlərində mütləq səsli-küylü xatirələrlə geri qayıdırlar. Belə maraqlı xatirələrdən biri 2019-cu ilin sonunda Zəbur həkimin deputat mandatı almasından bir ay əvvəl baş verib. Deyilənlərə görə, həmin səsli-küylü xatirə bu günə qədər Zəbur həkimi Naxçıvan polisinin daimi "abunəçi"sinə çevirib. Zəbur həkimin aylıq "abunə" vergisi isə az deyil - ayda bir neçə min manat.



 

Bəs bu bahalı “abunəçilik” hansı zərurətdən yaranıb?

 

İddialara inansaq, Zəbur həkim şəkildəki dostlarını götürüb bağ evinə istirahətə gedib. Təbii ki, tək olmayıblar. Dostlar məclisi şərəfləndirmək üçün Naxçıvan MR Səhiyyə naziri Niyazi Novruzovu da ziyafətə dəvət ediblər. Niyazi həkim də öz bacısı nəvəsi Zəbur Bağırovun sözünü yerə salmayıb. Amma nazirin məclisdə iştirakı uzun sürməyib. Yarım saatdan sonra ona zəng gəlib və nazir ley-pey məclisini təcili tərk etmək məcburiyyətində qalıb. Üzərindən az keçməmiş məclisi polislər basıb. 

 

Bildirildiyinə görə, 4 dostu polis bölməsinə aparan asayiş keşikçiləri Zəbur həkimi yaxşıca kötəkləyiblər. Baş həkimin “cinayəti” o qədər böyük olub ki, deputat toxunulmazlığı belə adamın karına gəlməyib. Əksinə, baş həkim hər ay minlərlə manat məbləğində “abunə haqqı” verməklə “cinayəti”nin açılıb-ağardılmaması məsələsində polislərlə ümumi dil tapa bilib.


 

Bizə maraqlı gələn əsas məqam Naxçıvanın Səhiyyə naziri Niyazi Novruzovun da 4 dostun üzqızardıcı məclisində iştirak etməsidir. Məsələ təkcə onda deyil ki, nazirə həkimlərlə bir məclisdə ley-pey olmaq yaraşmaz. Məsələ həm də ondadır ki, Zəbur həkim həm də Niyazi Novruzovun bacısı nəvəsidir. Zəbur Bağırovun Muxtar Respublikanın ən mühüm xəstəxanasına Baş həkim kimi təyin olunmasında bu yaxın qohumluğun da böyük rolu var. Belə çıxır ki, böyük dayı və bacı nəvəsi bərabər ley-pey məclisinə gedəcək qədər yaxındırlar. Bu isə nəinki Azərbaycanın, ümumiyyətlə insanoğlunun əxlaqi dəyərləri ilə bir araya sığmır.

 

Baş həkimin “dəlləkliyi”

 

Zəbur həkimin ən böyük özəlliyi həm də Naxçıvanın baş dəlləyi olmasıdır. Bəli, bəli, səhv anlamadınız. Söhbət uşaqların sünnət yerindəki artıq əti kəsən peşədən gedir. Nəzərinizə çatdırdığımız bu şəkillər də Zəbur həkimin “dəlləkliyi”nin görüntüləridir.



 

Amma Zəbur həkimin tibb elminə gətirdiyi “dəlləklik” uşaqları sünnət etmək də deyil. Zira bu gün bir çox uroloqlar-cərrahlar həm də dəlləklik edirlər. Zəbur müəllimin ən böyük "dəlləkliyi" tibbi əməliyyatı maskasız və papaqsız aparmasıdır. Ən pisi isə odur ki, Zəbur həkimin tibb bacıları əməliyyat zamanı əllərinə ümumiyyətlə əlcək belə taxmırlar. Halbuki, müasir tibb elmi əməliyyat olunan şəxslərə mikrob düşməsin deyə, maskasız, papaqsız, ələlxüsus da əlcəksiz əməliyyat aparmağı qadağan edir. 

 

Maraqlı burasıdır ki, şəkildə gördüyünüz "dəlləklik" Zəbur həkimin ən abırlı əl işidir. Əks halda onu Naxçıvan TV-yə çəkdirib özünü reklam etdirməzdi.

 

4 dostun “xəstə tutmaqlığı”

 

Zəbur həkimin şəkildə görünən dostlarından biri isə Nazim İbrahimovdur (şəkildə sağdan 3-cü). Diaqnostika Mərkəzində ümumi cərrah işləyən Nazim həkim Naxçıvanda ilk dəfə 2016-cı ildə özündən söz etdirə bilib. Məlumata görə, həmin vaxt onu sevgi yalanları ilə aldatdığı bir qız bıcaqlayıb. Sonra isə həm qız özünü Diaqnostikanın 4-cü mərtəbəsindən ataraq intihar edib. Amma bu faciə belə, Nazim həkimi tez-tez istirahətlərə getməkdən çəkindirməyib. Əksinə, indi o, istirahətə tək yox, tələbə yoldaşları ilə getməyə üstünlük verir. Yəni fərdi naqisliyini kollektivləşdirib.



 

Nazim həkimin ən maraqlı özəlliyi  Diaqnostika Mərkəzində “qapıağzı biznesi” qurmasıdır. Bildirilir ki, o, mərkəzdə işləyən tibb bacıları və xadimələrin xəstələrə “yol göstərmələrindən” ciddi şəkildə yararlanır. Tibb bacılarının köməkliyi ilə yaxşı “xəstə” tutan Nazim həkim bir gündə bir neçə əməliyyat aparır. Əməliyyatın necə aparıldığından isə danışmağa dəyməz. Əksər hallarda bu əməliyyatlara əslində ehtiyac olmur. Sadəcə tibb ocağının əməkdaşlarının köməkliyi ilə adi xəstələr vəziyyətlərinin ağır olduğuna, Nazim həkimin bıçağı altına düşməsələr ölüb gedəcəklərinə inandırılırlar. Beləcə, Nazim həkim qaz vurub, qazan doldurur. Təsəvvür edin ki, Nazim həkimin Diaqnostika Mərkəzində qurduğu “qapıağzı biznesi” sayəsində onunla eyni yerdə işləyən və kifayət qədər savadlı olan İsa Abdullayevə ayda 2 əməliyyat ancaq düşür. Nazim həkim isə Diaqnostika Mərkəzinin “aylıq planı”nın hardasa 99%-ni təkbaşına doldurur.

 

Yeri gəlmişkən, Naxçıvan Respublika xəstəxanasının Baş həkimi Zəbur Bağırovun da öz “xəstə tutmaq” qabiliyyəti ilə dostu “Nazim doktor”dan geri qalmadığı iddia olunur. Bildirilir ki, Zəbur həkimin “xəstə tutmaq” metodları daha mükəmməldir. Onun baş həkim vəzifəsinin gətirdiyi üstünlüklər və rəhbəri olduğu xəstəxananı üzündən yağan zəhrimarla idarə etməsi bu sahədəki işini təkmilləşdirməsinə kifayət qədər şərait yaradır. Zəbur həkimin dostundan fərqli olaraq təkcə “qapıağzı biznesi” yoxdur, həm də bəzi həkimlər məhz ona “işləyir”. Diaqnostika Mərkəzində Nazim həkimə “xəstə tutanlar” tibb bacıları və texniki işlərdirsə, Respublika xəstəxanasında bu vəzifəni Araz Musayev (şəkildə soldan birinci) adlı digər dost həyata keçirir. Zəbur həkimin 3 dostundan biri olmaq səlahiyyəti qazanan və onunla bərabər şəkil çəkdirənlər arasına düşən Araz həkim Respublika xəstəxanasında USİ (ultrasəsli diaqnostika) aparatı işlədir. Xəstəxanaya gələn bütün xəstələr mütləq onun aparatından keçirlər. Təbii ki, Araz həkim də xəstələri mütləq böyrəklərindən əməliyyat olunmasının vacibliyinə inandırır və dostuna yönləndirir.

 

Respublika xəstəxanası, yoxsa Zəbur Bağırovun “ailə təsərrüfatı”

 

Zəbur həkimin digər “xəstə tutanı” da özgəsi deyil. Baş həkimin bacısı Zəburə Bağırova da Respublika xəstəxanasında MRT və KT-də oturur. Zəbur Bağırov baş həkim təyin olunmamışdan əvvəl Diaqnostika Mərkəzdə işləyən Zəburə xanım qardaşının yeni vəzifəyə təyinatından sonra onun yanına gətirildi. Beləcə, Zəbur Bağırovun oylağına təşrif buyuran gələn bütün xəstələrin əməliyyatı barədə qərar vermək onun bacısının və yaxın dostunun ixtiyarındadır.


 

Şəkildə Zəburə Bağırova iş başında


Zəburə Bağırova da öz qardaşı ilə əməkdaşlıqdan pis qazanmır. Məlumata görə, əslində sığortalı xəstələrə müftə xidmət göstərməli olan Zəburə xanım onların hər birindən MRT diaqnostikası üçün 80 manat, KT diaqnostikası üçün isə 30 manat “zəhmət haqqı” alır.


Naxçıvan tibbinin "D`Artanyan"ı

 

Şəkildəki 4-cü adam (sağdan birinci) Naxçıvanda “Stomatoloq Vüsal” adıyla tanınır. Vüsal Əliyev əslində Zəburla tələbə yoldaşı deyil. Bununla belə, bəzi ortaq özəllikləri və Baş həkimin işçisi olması onları dost edə bilib. Məhz bu məntiqdən çıxış edərək “Stomatoloq Vüsal”ı Naxçıvan tibbininin D`Artanyanı, 3 tələbə yoldaşını isə müşketyorlar adlandırmaq olar.

 




Ana səhifəyə qayıt        Baxış: 7 309          Tarix: 5-07-2022, 14:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma