Xəbər verdiyimiz kimi, bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2024-cü il yaz sessiyasının növbəti plenar iclası keçirilib.
İclasda Ali Məclisin qanunvericilik təşəbbüsü hüququndan istifadə olunaraq “Media haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ilə bağlı Milli Məclisə müraciət edilib.
Ali Məclis sədrinin müavini Anar İbrahimov bildirib ki, “Media haqqında” Azərbaycan Respublikasının Qanunu və buna müvafiq olaraq qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasında çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının dəqiq siyahısı müəyyən edilib. Müvafiq normativ hüquqi aktlarda Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin çap mediası subyektinin təsisçisi olmaq səlahiyyəti nəzərdə tutulmayıb. Belə olan halda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin rəsmi orqanı olan “Şərq qapısı” qəzetinin təsisçisi qismində çıxış etməsi mövcud qanunvericiliklə ziddiyyət təşkil edir. 1921-ci ildən nəşr edilən, ölkəmizin və muxtar respublikamızın ictimai-siyasi həyatında özünəməxsus rolu olan muxtar respublikada yeganə rəsmi qəzetin gələcək fəaliyyətinin tənzimlənməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququndan istifadə etmək qərarına gəlib. Ali Məclisin qanunvericilik təşəbbüsü hüququ əsasında “Media haqqında” Azərbaycan Respublikasının Qanununda müvafiq dəyişiklik edilməsi məqsədilə Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanıb. Layihə “Media haqqında” Qanunun 59.2-ci maddəsinə dəyişiklik etməklə siyahısı Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilən orqanlar (qurumlar), Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin də çap mediası subyektinin təsisçisi olmasını nəzərdə tutur. Təqdim edilən Azərbaycan Respublikasının Qanun layihəsi Ali Məclisin Daxili Nizamnaməsinin müvafiq maddələrinə uyğun olaraq, Ali Məclisin iclasında baxılmaq üçün hazırlanıb, deputatlara paylanılıb, 20 fevral 2023-cü il tarixdə isə Hüquq siyasəti komitəsinin iclasında müzakirə olunub. Müzakirələrin nəticəsi olaraq Hüquq siyasəti komitəsi tərəfindən Qanun layihəsinin “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının 2010-cu il 21 dekabr tarixli Konstitusiya Qanununun tələblərinə uyğun hazırlandığı qeyd olunub, layihənin baxılması və qəbul edilməsi üçün Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim olunması barədə rəy qəbul edilib.
Ali Məclisin Hüquq siyasəti komitəsinin sədri İsmayıl Qəribli qanun layihəsi barədə məlumat verib, komitənin rəyini diqqətə çatdırıb.
Anar İbrahimov bildirib ki, ”Şərq qapısı” qəzeti Ali Məclisin normativ hüquqi aktlarının dərc olunduğu yeganə qəzetdir. Bundan başqa, qəzet Ulu Öndər və Naxçıvanın böyük irsinin tərkib hissəsidir. Ümid edirik ki, buna görə də Milli Məclis məsələyə həssas yanaşacaq, qanunda müvafiq dəyişiklik həyata keçiriləcək.
Ali Məclisin sədr müavini qeyd edib ki, Ali Məclisin Daxili Nizamnaməsinin müvafiq maddəsinə əsasən Ali Məclisin qanunvericilik təşəbbüsü hüququnun həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının müvafiq qanununun qəbul edilməsini nəzərdə tutan layihə deputatların 23 səs çoxluğu ilə qəbul edilir. Bu barədə qəbul edilən qərar Ali Məclis sədrinin müşayiət məktubu və müvafiq layihə əlavə olunaraq baxılması üçün Azərbaycan Respublikasının Milli Məclisinə göndərilir.
Sonra “Media haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi oxunduqdan sonra səsə qoyularaq qərar qəbul olunub.
Qeyd edək ki, Naxçıvan Ali Məclisi Ulu Öndər Heydər Əliyevin muxtar respublikaya rəhbərlik etdiyi dövrdən sonra ilk dəfə olaraq, qanunvericilik təşəbbüsü hüququndan istifadə edir.
Paylaş: