
Heydər Oğuz öz Facebook hesabından maraqlı paylaşım edib. “Qahablı Nuraninin qoyunlarla söhbəti” adıyla paylaşdığı şikayət videosu izləyicilər tərəfindən maraqla qarşılanıb.
Paylaşımda naxçıvanlı bir çobanın qoyunları başına yığaraq Qida Təhlükəsizliyi Agentliyinə qeyri-adi şəkildə şikayət edir. Adı Qahablı Nurani kimi qeyd edilən çoban Naxçıvandakı vəziyyəti, acınacaqlı həyatı sanki qoyunlara başa salmağa çalışır:
“Ay Qoyunlar, verdiyim sözü tuta bilmirəm. Biz Azərbaycanda acınacaqlı həyat yaşayırıq. Naxçıvandan Bakıya heç bir ət məhsulu göndərə bilmirik. Qida Təhlükəsizlik Agentliyi bizə zərbə vurub.
Baxın, sizi çadırda saxlayıram. Şəraitim yoxdur ki, tövlə tikəm. Qida Təhlükəsizlik Agentliyi Türkiyədən çadır gətirməyə belə qadağa qoyub. Sizin problemləri həll etmək üçün, bir material alıb gətirə bilmirik. Bağrım çartlayır, nə gecə yata bilirəm, nə də gündüz. Gələn də elə yalandan, “Yox e, narahat olma, düzələcək” deyir, amma düzələn bir şey yoxdur. Ömrümüz gedib, 42 ildir mən düzəliş görməmişəm.
Çalışacam sizi yaza kimi çıxardım, amma bundan sonra başınızın çarəsinə özünüz baxın. Bəlkə imkanlı bir şəxs çıxar, sataram sizi, canım qurtarar, çünki artıq bacara bilmirəm.
Hər kəs öz kefindədir. Kim “stol”u qamarlayır, vəssalam, biz yaddan çıxırıq! Hələ bir qarış torpaq da əkə bilməmişəm, hamısı qalıb yerdə. Çünki şum pulu 110 manat, səpim 60 manat, toxum 80 qəpik... Hesablayıram, görürəm əkməyin də xeyiri yoxdur, yaşamağın da... Onsuz da biz Naxçıvanda blokada şəraitində, açıq türmə həyatını yaşayırıq. Gözümüzü dikmişik bir Türkiyə Respublikasına, onu da bizə çox görürlər. Qoyununa dərman gətirməyə gedirsən, deyirlər gətirə bilmərsən. Gərək gedib Qida Təhlükəsizliyindən icazə alasan. Agentlik səni göndərəcək Ankaraya müqavilə bağlayasan. Bunların ancaq bir fikri var, bizdən pul alıb, özləri yaşasın...!
Bizi fikirləşən yoxdur, qoyunlar! Üzürlü sayın, mən bacara bilmirəm.”
Həmin videonu sizə təqdim edirik:
Paylaş: