Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları “Ovçuluq haqqında” qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, respublika ərazisində çöl quşlarının və vəhşi heyvanların qanunsuz ovlanması, saxlanması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq reydlər keçirir. Ovqat.com APA-ya istinadən xəbər verir ki, 2017-ci ilin 7 ayında ərzində keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 73 vətəndaş saxlanılıb, onlardan 66 ov tüfəngi, 172 patron, 18 ədəd quş və 4 baş heyvan götürülüb.
Qanun pozucuları barəsində protokollar tərtib edilərək 64 nəfərə 62600 manat məbləğində inzibati qaydada cərimə və iddia tətbiq olunub, 9 fakt üzrə isə təqsirkarların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün aidiyyəti rayon polis orqanlarına müraciət edilib.
Reydlər zamanı Ağstafa rayonu “Yaşıl Göl” istirahət mərkəzində 1 baş qonur ayının, Xaçmaz rayonu “Çənlibel” istirahət mərkəzində 2 baş Dağıstan turunun, Füzuli rayonu “Qarabağ” istirahət mərkəzində 2 baş qonur ayının və 3 baş ceyranın, Şamaxı rayonu “Sevinc” istirahət mərkəzində 2 ədəd şahin və 1 ədəd qırqovul quşlarının, Quba rayonunda 1 ədəd qırğı quşunun, Xəzər rayonu Mərdəkan bağ massivində isə 3 ədəd şahin quşunun qanunsuz olaraq təbiətdən götürüldüyü və saxlanıldığı aşkarlanıb.
Faktlarla bağlı qanun pozucuları barəsində protokollar tərtib edilərək hər biri inzibati qaydada 500 manat məbləğində cərimə olunub, vəhşi quş və heyvanlar götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verilib.
Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.
Paylaş: