Xəbər lenti
Dünən, 19:25

"Pul verdik ki, işə düzələk, işə düşdük" - Dələduz rəis məhkəmə qarşısında

“Azər mühafizə” MMC özəl mühafizə şirkətinin Şirvan bölməsinin sabiq rəisi Namiq Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş qismində Elməddin Nəbiyev ifadə verib. O bildirib ki, işə düzəlmək üçün “Azər mühafizə”yə müraciət edib və buna görə 3 min manat verib.

Onun sözlərinə görə, pulun 1000 manatını Namiq Məhərrəmova verib: “Qalan 2000 manatı isə depozit üçün bir xanıma təqdim etdim. İki ay işə çıxdım, lakin maaş almadım. Pul verdik ki, işə düzələk, özümüz işə düşdük”.

Namiq Məhərrəmov zərərçəkmişin ifadəsini təsdiq edib. Daha sonra iş üzrə digər zərərçəkmiş İlkin Heydərov ifadə verib. O, bildirib ki, iş üçün Namiq Məhərrəmovun yanına gedib: “Ümumilikdə 3000 manat pul vermişəm. Həmin pulun 2000 manatını Namiq Məhərrəmova verdim, 2000 manatı isə depozit qoydum. Sonra Saatlı rayonunda mağazada mühafizəçi kimi işə çıxdım. Sonradan dələduzluqla üzləşdiyimi gördüm. Verdiyim pulumu tələb edirəm”.

Növbəti proses sentyabrın 26-da davam edəcək.

İttihama görə, 2015-ci ildə Daxili İşlər Nazirliyi işə düzıltmək adı altında vətəndaşları aldadan sahibkar haqqında məlumat yayıb.

Məlumata görə, “Azər Mühafizə” MMC və “Qala BTX” MMC adlı özəl mühafizə şirkətlərinin vəzifəli şəxsləri ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda vəsaitlərini ələ keçiriblər.

Müəyyən olunub ki, “General” MMC, daha sonra “Azər Mühafizə” MMC və “Qala BTX” MMC adlı özəl mühafizə şirkətlərinin direktoru Vüqar Hüseynov adı çəkilən qurumların vəzifəli şəxsləri Mirabtalıb Cəfərov, Kamil Bayramov, Aydın Həsənov, Fariz Babayev və başqalarından ibarət mütəşəkkil dəstə yaradıb. Dəstə üzvləri 2013-2014-cü illər ərzində mühafizəçi və başqa vəzifələrə qəbul olunmaları üçün ayrı-ayrı vətəndaşları aldadaraq depozitə pul qoymalarına inandırıb, sonra taladıqları vəsaitin bir qismini əmək haqqı kimi onlara qaytararaq digərlərinin də bu adla daha çox pul ödəmələrinə nail olublar. Beləliklə də, həmin şəxslər paytaxtda, respublikanın digər şəhər və rayonlarında vətəndaşlara qarşı dələduzluq ediblər.

Ümumilikdə iş üzrə 38 nəfər təqsirləndirilən şəxs, 5200 nəfər zərərçəkmiş var.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Faiq Qəniyevin sədrliyi ilə “Qala BTX” MMC adlı özəl mühafizə şirkətlərinin direktoru Vüqar Hüseynov və daha 37 nəfər şəxsin cinayət işi üzrə məhkəməyə baxılır.

Xatırladaq ki, Namiq Məhərrəmov da eyni əmələ görə təqsirli bilinir. O, 38 nəfər şəxs həbs edilərkən istintaqdan yayınıb. Bu səbəbdən Namiq Məhərrəmovun barəsində axtarış elan olunub. O, daha sonra həbs edilib, işi ayrıca icraata verilib. İttiham aktına əsasən, Namiq Məhərrəmov vətəndaşları mühafizə işinə düzəltmək adı altında aldadaraq, onların 180 min 615 manat pulunu dələduzluq yolu ilə mənimsəyib.




Ana səhifəyə qayıt        Baxış: 552          Tarix: 19-09-2017, 15:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma