Xəbər lenti


Şəhla Cəlilzadə

1. Münasibətlərdəki Qarşılıqlı Bağlılığın Mənbəyi

Tarixi-Siyasi Münasibətlər
 
Azərbaycanda qədim dövrlərdən etibarən yaşamağa başlayan yəhudilərin burada məskunlaşması haqqında bir neçə mülahizə vardır. Bu mülahizələrdən birinə görə yəhudilərin əcdadları Azərbaycana ilk olaraq e.ə. 5-6-cə əsrlərdə, Yerusəlimin Babilistan tərəfindən işğalı və e.ə. 586-cı ildə dağıdılmasından sonra gəlmişdir.
 
Sasanilər dövründə yəhudilər bir sıra bölgələrdə kompakt şəkildə yaşamışlar və onların yaşadığı bölgələrə Şirvan və Dərbənd kimi Azərbaycan torpaqları da daxil olmuşdur. Şabran rayonu ərazisindəki arxeoloji araşdırmalar zamanı tapılan 6-cı əsrə aid sinaqoqun qalıqları Azərbaycanda yəhudilərin qədim dövrdən varlığını sübut edir. Tarixçi Moisey Kalankatlı isə dağ yəhudilərinin Cənubi Qafqaza gəlişini e.ə. 1-ci əsrə aid etmişdir.
Qafqazda Avropa yəhudilərinin (Aşkenazilərin) məskunlaşması isə Rusiya İmperiyasının Qafqazı işğal etməsilə eyni dövrə təsadüf edir. 1830-cu ildə Avropa yəhudilərinin Bakıda ilk ibadətgahı olan sinaqoq inşa edilmişdir. Bakıda neft sənayesi inkişaf etməyə başladığı 1870-ci illərdə Azərbaycanda, xüsusilə Bakıda yəhudilərin sayı artmağa başlamış, burada bir çox yəhudi şirkətləri təsis edilmişdir. Məsələn, bu dövrdə Bakıda A.Dembo və H.Kogan tərəfindən təsis olunan Dembo və Kogan Şirkəti, Polak Grigori və oğlu Saveli (Shevah) tərəfindən təsis olunan Polak və Sons Şirkəti, həmçinin baron H. Guenzburg, A.M. Feigel, Bikhowsky, Leites, Ickowich kimi yəhudi iş adamlarının fəaliyyəti göstərilə bilər. Azərbaycandakı 19-cu əsrin sonlarında təsis edilən ən böyük şirkətlərdən biri yəhudi əsilli Fransız vətəndaşları olan Rotschild qardaşlarına aid Xəzər-Qara Dəniz Şirkəti idi. Rotschildlərin ayırdığı 10 milyon dollar maliyyə ilə 1883-cü ildə Bakı-Batum dəmir yolu xətti inşa olunmuş və Bakı neftinin daşınmasında bu xətt uzun müddət əsas rol oynamışdır.
 
1913-1914-cü illərdə Bakının neft sənayesində yəhudilərin payı 44% olaraq dəyərləndirilə bilər. 1897-ci il əhali siyahıyaalmasına görə Bakıda 2341 (ümumi olaraq Azərbaycanda isə 8430) yəhudi yaşayırdı. 1917-ci il inqilabından sonra Azərbaycanda yəhudilərin sayı daha da artmağa başlamışdı. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində yəhudiləri təmsil edən deputat Moisey Gukhman idi. Onunla yanaşı yəhudi əsilli K. Lisgar Ərzaq naziri, R. Kaplan Dini işlər üzrə nazir, Y. Gindes Səhiyyə naziri və M. Abesgauz isə Xəzinə nazirinin müavini olaraq hökumətdə təmsil olunurdular.


 
1918-1920-ci illərdə Rusiya vətəndaş müharibəsi zamanı Ukrayna və Belarusdakı antisemitizm hərəkatından qaçan çox sayda yəhudi Bakıya köç etmiş və bu səbəblə ölkədə yəhudilərin sayı xeyli artmışdı. DSK məlumatına əsasən, 1926-cı ildə Azərbaycanda ümumi olaraq 30,9 min nəfər yəhudi yaşayırdı1939-da bu rəqəm 41,2 min, 1959-da 40,2 min, 1970-də 41,3 min, 1979-da 35,5 min, 1989-da 30,8 min olmuşdur. SSRİ-nin dağılması dövründə yəhudilərin böyük hissəsi ölkəni tərk etmişdir. Beləliklə 1999-cu ildə Azərbaycanda yəhudilərin sayı 8,9 min nəfər olmuşdur. DSK-nın ən son 2009-cu ilə aid məlumatına əsasən Azərbaycanda 9,1 min yəhudi yaşayırdı. Bu gün ölkədəki yəhudilərin böyük hissəsini dağ yəhudiləri təşkil edir və onlar əsasən Quba rayonundakı Qırmızı Qəsəbədə və Bakıda, Aşkenazilər isə əsasən Bakıda yaşayır. Bunlardan başqa ölkədə gürcü yəhudiləri, krımçaklar (karayimlər), kürd yəhudiləri, rus mənşəli subbotniklər (gerlər) də vardır ki, onlar dini olaraq iudaizmə sitayiş etsələr də, etnik olaraq yəhudi sayılmırlar. Hazırda Azərbaycandakı yəhudilərin toplam sayı 12 minə yaxındır.
 
Azərbaycanda yaşayan yəhudi etnik qrupunun üzvləri, həmçinin İsrailə və dünyanın digər ölkələrinə köç edən keçmiş Azərbaycan vətəndaşı olan yəhudilər iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə saxlanmasında önəmli rol oynayırlar. Beləliklə iki ölkə arasında münasibətlərin əsasında öncəliklə tarixi-mədəni bağların durduğunu vurğulaya bilərik.
 
SSRİ-nin dağılması ilə Azərbaycan-İsrail münasibətləri yeni müstəviyə qədəm qoymuşdur.
 
25 dekabr 1991 tarixində İsrail Azərbaycanın müstəqilliyini tanımış, iki ölkə arasında diplomatik münasibətlər isə 7 aprel 1992 tarixində qurulmuşdur. 1993-ü ilin avqust ayından etibarən İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir. İlk səfir Eliezer Yotvat olmuşdur. İki ölkə arasında münasibətlərin qurulmasından sonra müxtəlif platformalarda yüksək səviyyəli görüşlər baş tutsa da dövlətin birinci şəxsi səviyyəsində ölkə səfərləri 1990-cı illərin sonundan etibarən başlamışdır.


İsrail Prezidenti Şimon Peres və Azərbaycan Prezidenti İlham Əliyev. 28 iyun 2009-cu il, Bakı. (Amos Ben Gershom / GPO Getty Images vasitəsilə)
 
29 avqust 1997-ci il tarixində İsrail Baş naziri Benyamin Netanyahu ilk dəfə Azərbaycana rəsmi səfər etmiş və Heydər Əliyevlə görüşmüşdür. 28-29 iyun 2009 tarixlərində İsrail prezidenti Şimon Peresin Bakı səfəri isə siyasi-diplomatik münasibətlərin ən yüksək səviyyəyə çatdığının bir göstəricisi olaraq dəyərləndirilə bilər. Peresin Bakıya rəsmi səfəri ardından İran Azərbaycana təzyiq məqsədilə Bakıdakı səfirini “məsləhətləşmək üçün” geri çağırmış, lakin İsrail-Azərbaycan münasibətlərini poza bilməyəcəyini anlayaraq səfirin “şəxsi səbəblərlə” geri döndüyünü bildirmişdir.
 
2016-cı ildə Netanyahunun Bakıya ikinci rəsmi səfəri zamanı qəbul edilən qərar əsasında 2017-ci ildə Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın yaradılması haqqında Anlaşma Memorandumu imzalanmışdır. Bu Komissiyanın məqsədi qarşılıqlı maraq doğuran sahələrdə ixtisaslaşmış “ad hoc” işçi qrupları yaradaraq müvafiq məsələlərə dair qərarlar qəbul etməkdir. Komissiya tərkibində hər iki tərəfdən müxtəlif nazirliklər və dövlət idarələri təmsil olunmaqdadır. Azərbaycan Jewish Media və bir sıra başqa media qurumları tərəfindən yayılan xəbərə görə isə, 2021-ci il ərzində Azərbaycan İsraildə diplomatik statuslu ticarət nümayəndəliyi və turizmin inkişafı üzrə rəsmi nümayəndəlik açmaq niyyətindədir. Beləliklə qarşıdakı illərdə Azərbaycanın İsraildə səfirlik açması məsələsinin də gündəmə gələcəyini təxmin etmək olar.
 
İqtisadi Münasibətlər
 
İsrail iqtisadiyyatı dünyanın ən qabaqcıl iqtisadiyyatlarından biridir. 2021-ci il üçün İsrailin əsas iqtisadi göstəricilərinin Azərbaycanın əsas iqtisadi göstəriciləri ilə müqayisəsini aşağıdakı cədvəldə görə bilərik:

 
 
Beləliklə, ümumdaxili məhsul və istehsal göstəricilərinə görə, İsrail Azərbaycanı 9-10 dəfə üstələyir. İsrailin xüsusilə yüksək-texnologiya (Hi-Tech) sənayesi çox yüksək sürətlə inkişaf edir. Ölkənin ixracat məhsullarının təxminən 80%-ə yaxınını (2006-da 29 milyard dollar həcmində ixrac olunmuş) bu sektor təşkil edir. Ölkədə bu sahənin daha da inkişaf etməsi üçün dövlətin ictimai büdcəsindən (public budget) hər il yüksək məbləğlər ayrılır, məsələn 2006-cı ildə R&D (araşdırma və inkişaf etdirmə) çalışmaları üçün ictimai büdcənin 90%-i, yəni 7 milyard dollar ayrılmışdı. Bundan başqa İsraildə istehsal olunan almaz (2008-də 9,4 milyard dollar həcmində ixrac olunmuş) və kənd təsərrüfatı məhsulları (2009-da 1,2 milyard dollar həcmində ixrac olunmuş) ölkə ixracatında mühim yer tutur.
 
İsrail iqtisadiyyatının digər ən önəmli sahələri isə turizm, inşaat və nəqliyyat-kommunikasiyadır. Maraqlıdır ki, Doing Business Indexinə, başqa ifadə ilə ölkədə biznes fəaliyyətinin rahatlığına görə İsrail Azərbaycanı üstələmir, əksinə hazırda 1 sıra geridədir. Odur ki, İsrail şirkətləri Azərbaycanda çətinlik çəkmədən öz bizneslərini qura və inkişaf etdirə bilərlər. Beləliklə bu iki ölkə iqtisadiyyatının bir-birinə cəlbedici ola biləcəyini deyə bilərik. Azərbaycan daha çox İsrailin ehtiyac duyduğu enerji mənbələri ilə, İsrail isə Azərbaycanın daha çox ehtiyac duyduğu yüksək texnologiya bacarıqları və imkanları ilə zəngindir.
 
Dövlət Statistika Komitəsinin (DSK) ən son (2019) məlumatına əsasən Azərbaycanda sənaye istehsalının 69,9%-ni mədənçıxarma sənayesi (bunun da 62,3%-ni xam neft-qaz hasilatı), 25,1%-ni emal sənayesi (7,6% qida məhsullarının istehsalı, 6,2% neft məhsullarının istehsalı, 1,6% tikinti materiallarının istehsalı, 1,2% metallurgiya sənayesi istehsalı vs.) təşkil etmişdir. Beləliklə Azərbaycan iqtisadiyyatının, həmçinin ixracatının təməlində neft-qaz sənayesinin durduğunu demək olar. 2019-cu ildə Azərbaycanın ümumi ticarət dövriyyəsi 33,3 milyard dollar olmuş, bunun 13,7 milyard dolları Azərbaycanın idxal etdiyi, 19,6 milyard dolları isə ixrac etdiyi məhsullardır. Təbii olaraq Azərbaycanın əsas ixracat məhsulları da xam neft və qaz, həmçinin neft məhsullarıdır.
 
DSK məlumatına görə, 2019-cu ildə Azərbaycandan İsrailə ixrac 1,3 milyard dollar, İsraildən Azərbaycana idxal isə 43,7 milyon dollar həcmində olmuşdurLakin idxal rəqəmi ilə bağlı Komitənin hansısa yanlışa yol verdiyini qeyd etmək lazımdır. Belə ki, fevral 2012-ci il tarixində Azərbaycan və İsrail arasında 1,6 milyard dollar dəyərində silah, o cümlədən İsrail dronları və anti-raket müdafiə sistemlərinin alış-satış əməliyyatının baş tutduğu bilinməkdədir. Həmçinin əldə olunan razılaşmaya görə Bakıda Azərbaycan-İsrailin ortaq şəkildə insansız hücum təyyarələrinin istehsalını həyata keçirməyə başladıqları məlumdur. Müvafiq silah alışı günümüzədək davam etməkdədir. Lakin rəsmi məlumata əsasən, iki ölkə arasındakı ticarətdə Azərbaycanın lehinə böyük bir ağırlıq vardır və bu ağırlığın əsas səbəbi olaraq Azərbaycanın İsraili xam neft və qaz, həmçinin neft məhsulları ilə təmin etməsi göstərilir.


İlham Əliyev və Benyamin Netanyahu, 2018-ci il.
 
Soyuq Müharibə illərində İsrail enerji ehtiyacını Misir, Qərbi Afrika, Şimal dənizi və Cənubi Amerika ölkələrindən təmin edirdi. Soyuq Müharibənin başa çatmasında sonra isə İsrail üçün yeni enerji mənbələri ortaya çıxdı. Bunlar Rusiya və keçmiş Sovet ölkələri, həmçinin Azərbaycan idi. 1991-ci ildə müstəqilliyini əldə edən Azərbaycandan yeni enerji xəttinin çəkilməsi Türkiyənin TPAO şirkəti vasitəsilə təklif edilmiş və bu təklif birbaşa olaraq Netanyahudan gəlmişdir. Hətta ABŞ-ın bu layihəni dəstəkləməsində ordakı yəhudi lobbisi ciddi rol oynamışdır. 1997-ci ildə Netanyahunun Bakı səfəri və Heydər Əliyevlə görüşü zamanı Azərbaycandan çəkiləcək neft və qaz xətlərinin marşrutu təsdiq olunmuş və bu haqda son qərar qəbul edilmişdir. Günümüz etibarilə İsrailin neft ehtiyacının 30-40%-ni Azərbaycan təmin edir. 6 iyul 2006 tarixində Bakı-Tiflis-Ceyhan neft boru xəttinin açılışı tədbirinə İsrail Milli İnfrastruktur naziri Binyamin Ben-Eliezer də qatılmış və o, xəttin son mənzili olan Ceyhandan Qırmızı dəniz limanına daha bir xəttin çəkilməsi haqqında təklifini və bunun vacibliyini dilə gətirmişdir. Müvafiq təklifə görə həmin xətt artıq var olan Ashkelon-Eilat neft boru xətti ilə birləşib Azərbaycan neftini birbaşa İsrailə, həmçinin Hind okeanına, ordan isə su yolu ilə Hindistan, Yaponiya və Cənubi Koreya kimi ölkələrə çatdırmaq üçün fürsət yarada bilər. Hazırda isə İsrail Azərbaycan neftini Ceyhan limanından öz neft tankerləri vasitəsilə birbaşa olaraq, həmçinin ikinci satış ünvanlarından dolayı yolla satın alır.
 
Bundan başqa Azərbaycanın neft şirkəti SOCAR İsrailin “Yam-3” və “Med Ashdod” neft yataqlarının hər birində 5%-lik payla araşdırma və qazma işlərinə başlamışdır. Bu barədə İsrailin Azərbaycandakı keçmiş səfiri Rafael Harpez tərəfindən 2015-ci ildə mediaya açıqlama verilmiş və o, İsrailin enerji ehtiyatlarına sahib olduğu, lakin bu ehtiyatların çıxarılması və işlənməsi sahəsində təcrübəsinin az olduğu üçün Azərbaycanla əməkdaşlıq etməyin faydalı olacağını bildirmişdir.


 
Sosial və Mədəni Münasibətlər
 
Hələ Azərbaycan müstəqillik əldə etməzdən öncə, 1982-ci ildə bütün SSRİ məkanında ilk dəfə məhz Bakıda Yəhudi Sohnut Məktəbi açılmışdır. 1987-ci ildən etibarən isə Bakı və Sumqayıtda bir sıra mədəni və Sionist təşkilatlar fəaliyyətə başlamışdır. Bu gün ölkədə 5 sinaqoq (3-ü Bakıda, 2-si Qubada) və 10-15 arası yəhudi təşkilatı fəaliyyət göstərir. Bunlar: 1990-cı ildə təsis olunan Azərbaycan-İsrail Mədəni Münasibətlər Təşkilatı (bugün Azİz Beynəlxalq Assosiasiyası adlanır), 1992-ci ildə təsis olunan Azərbaycan-İsrail Dostluq Təşkilatı, Avropa Yəhudilərinin Bakı Dini Kommunası, təhsil proqramları ilə məşğul olan İsrail Mərkəzi, “Yeva” Qadın və Uşaqların Rifahı Mərkəzi, Müharibə Veteranları Cəmiyyəti (Abilov, 2009), “Sohnut” Yəhudi Agentliyi, “Joint” (Birgə) və “Vaad-L-Xetzola” kimi yəhudi adət-ənənələrini qoruyan komitələr, Heesed-Kershon xeyriyyə cəmiyyəti, Alef gənclər klubları, Hillel Tələbə Təşkilatı, bir sıra qəzet və jurnallar, yəhudi məktəbləri vs
 
Həmçinin Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində İvrit dili tədris edilir, Azərbaycan Dillər Universitetində isə İsrailşünaslıq fakültəsi fəaliyyət göstərir. 2003-cü ildə Bakıda Cənubi Qafqazın ən böyük yəhudi tədris kompleksi olan “Habad-Or-Avner” məktəbi inşa edilmişdir.
 
13 Dekabr 2016 tarixində İsrail Baş naziri Benyamin Netanyahunun Bakıya rəsmi səfəri iki ölkə arasında mədəni münasibətlərin inkişafına da töhfə vermişdir. Bu səfər zamanı əsasən standartlaşma, meteorologiya, kənd təsərrüfatı, ikiqat vergi tutmanın qarşısının alınması, hökümətlərarası birgə komissiyanın yaradılması haqqında bir sıra müqavilələr imzalanmış, həmçinin Cənubi Qafqazda ilk yəhudi muzeyinin açılması planlaşdırılmışdır. 2019-cu ildə yəhudi iş adamları Qod Nisanov və Zarah İliyevin, həmçinin STMEQİ xeyriyyə fondunun maliyyə yardımı ilə Qırmızı Qəsəbədə inşa olunan ilk dağ yəhudiləri muzeyinin açılışı olmuşdur.


 
Hərbi Münasibətlər
 
İsrail hər zaman Azərbaycanın hərbi tərəfdaşı olmuş və ən çətin anlarda Azərbaycanı dəstəkləmişdir. ABŞ erməni lobbisinin təsiri ilə 1992-ci ildə “Azadlığa Dəstək Qanunu”na 907-ci düzəlişi etməklə Azərbaycana silah satışı qadağası qoyduqdan sonra belə İsrail Azərbaycanı ən yüksək növ silahlarla təmin etmişdir. Məsələn 1992-1994-cü illərdə, yəni I Dağlıq Qarabağ müharibəsi zamanı İsrailin Azərbaycana Stinger raketlərini verdiyi məlumdur. Silah təminatı II Dağlıq Qarabağ müharibəsi zamanı daha çox özünü büruzə vermiş və Azərbaycanın müharibədəki zəfərində önəmli rol oynamışdır. Wikileaks tərəfindən ictiamiyyətə sızan məlumata görə 2007-ci ilin yanvar ayında Azərbaycan və İsrail arasında təhlükəsizlik sahəsində 2 əməkdaşlıq müqaviləsi imzalanmışdır. Həmin məlumata əsasən İlham Əliyevin təhlükəsizlik məsələləri üzrə müşaviri İsrailə müalicə üçün getmiş, bu sırada həm də İsrail Müdafiə nazirinin köməkçisi Ephraim Sneh və MOSSAD rəsmiləri ilə görüşmüşdür.
 
Azərbaycan və İsrail kəşfiyyatı arasında əməkdaşlıq ölkədə bir sıra terror hadisəsinin qarşısının alınmasında ciddi rol oynamışdır. Məsələn, 2008-ci ildə Qəbələ anti-roket radio-lokasiya stansiyasına və Bakıdakı İsrail səfirliyi binasına qarşı təşkil olunmuş terror hücumunun qarşısı İsrail kəşfiyyatının dəstəyi ilə alınmışdır. 2011-ci ildən İsrail Azərbaycanın öz sərhədlərinin təhlükəsizliyini təmin etmək və nəzarətdə saxlamaq üçün dronlarla təmin edir. Məhz bu əməkdaşlıq İran tərəfindən sərt etiraz və narahatlıqla qarşılanır və zaman-zaman İran-Azərbaycan münasibətlərində soyuqluğa səbəb olur. Xüsusilə 2011-ci ildən sonra İran mediasında Azərbaycan əleyhinə yazılar məhz bununla bağlıdır. İran mediasına görə ona qarşı ehtimal olunan ABŞ-İsrail birgə hücumu zamanı Azərbaycan qarşı tərəfi dəstəkləyəcək. Buna səbəb olaraq isə Azərbaycanın İsraildən silahlar alması göstərilir. Bu mövqenin əleyhinə çıxan Azərbaycan gəncləri 2013-cü ildə Bakıdakı İran səfirliyi qarşısında aksiya keçirmişlər. Müvafiq mövqe 2013-cü ildə Həsən Ruhaninin İran Prezidenti postuna gəlməsinə qədər davam etmiş, hazırda da ara-sıra qarşımıza çıxmaqdadır. 
 
2. Qarşılıqlı Bağlılığın Faydaları, İnkişaf Perspektivləri və Önündəki Əngəllər
 
Azərbaycanın İsraillə münasibətləri hər sahədə qarşılıqlı faydaya əsaslanır. İlk olaraq enerji və təhlükəsizlik sahələrində iki ölkə arası münasibətlər strateji müttəfiqlik səviyyəsində dəyərləndirilə bilər. Bundan başqa son dövrlərdə, xüsusilə II Dağlıq Qarabağ müharibəsindən sonra İsrailin Azərbaycanın bir çox digər sahələrinə yatırım layihələri ilə gəlməsi gözlənilir. Bunlar ölkədə yeni texnologiyaya əsaslanan sənaye sahələrinin və təsərrüfatın inkişafına dəstək verə bilər. Bütün bunlarla yanaşı İsrail və yəhudilər ilə əməkdaşlıq Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, hətta “Azadlığa Dəstək Qanunu”na 907-ci düzəlişin 2002-ci ildən etibarən hər il davamlı olaraq durdurulmasına yardım edir.
 
Bu gün Azərbaycan və İsrail arasında münasibətlər ən yüksək strateji səviyyəyə çatdırılsa da, Azərbaycanın hələ də İsraildə səfirliyi açılmayıb. Azərbaycanın İsraildə səfirlik açmaması demək olar məsələ ilə maraqlanan hər kəsdə “niyə?” sualını doğurur. Hətta bu barədə ən son 26 aprel 2021 tarixində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə müsahibə aparan “Israel Hayom” media kanalının nümayəndəsinin sualını da xatırlaya bilərik. Qeyd etmək lazımdır ki, indiyədək Azərbaycan İsrail ilə münasibətlərini o qədər yüksək səviyyəyə çatdırmışdır ki, hətta qardaş ölkə Türkiyənin İsraillə münasibətləri 2008-ci ildə İsrailin Qəzza Bölgəsində Dökme Kurşun (Cast Lead) Əməliyyatı zamanı pozulmağa başlasa da, 2009-cu ilin yanvar ayında Davos zirvəsində iki ölkə arası münasibətlər ən gərgin səviyyəyə çatsa da, hətta 2010-cu ilin Mavi Marmara olaylarının yaşanması ilə Türkiyə-İsrail münasibətləri tamamilə kəsilsə də, bütün bunlar Azərbaycana təsir etməmişdir.
 
Azərbaycanın İsraildə indiyədək səfirlik açmamasının tək səbəbi olaraq müsəlman dünyasından özünə yönəlik dəstəyi itirməmək istəyidir. Belə ki, müsəlman ölkələr həm BMT, həm də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində, həmçinin digər beynəlxalq platformalarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsinə dair hər zaman Azərbaycanı dəstəkləmişlər. Azərbaycan bu məsələdə Türkiyə nümunəsini də əsas götürür. Məsələn, Türkiyə 1950-ci illərin axırlarında İsraillə olduqca isti münasibətlər qurduğu üçün 1960-cı illərdə qabaran Kipr məsələsində beynəlxalq arenada müsəlman dövlətlərinin dəstəyini ala bilməmişdi. 1964-cü ilin “Johnson məktubu” ilə ABŞ-ın ikitirəli münasibətini görən və müsəlman ölkələrin dəstəyini təkrar qazanmaq istəyən Türkiyə hökumətinin 1960-larda İsraillə münasibətləri soyuqlaşdırması nümunəsi vardır. Azərbaycan isə bir az daha fərqli bir strategiya seçərək, İsrail ilə münasibətləri müxtəlif kanallarla ən yüksək səviyyəyə çatdırmağı bacarmış, səfirliyin açılması məsələsini isə təxirə salmışdır. Bununla yanaşı, Azərbaycan rəsmiləri hər zaman Fələstin dövlətinin yaradılmasını dəstəklədiklərini açıqlamışlar. Məsələn, Azərbaycanın keçmiş Xarici işlər naziri Elmar Məmmədyarovun 2013-cü ildə İsrailə rəsmi səfəri zamanı onun Fələstin prezidenti ilə də görüşü olmuş və Azərbaycanın Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu, həmçinin Fələstin dövlətinin yaradılmasını dəstəklədiyini bildirmişdir.

Fələstin-İsrail münaqişəsinin tarixi 1947-ci ildə BMT-nin Fələstin torpaqlarında iki dövlətin (İsrail və Fələstin) yaradılacağına dair planı elan etməsindən sonra başlamışdır. Bu plan əsasında 14 may 1948-ci il tarixində İsrail dövləti yaradılsa da, Fələstin dövləti yaradılmamışdır. Belə ki, fələstinlilər müvafiq plana etiraz edərək İsraili dövlət olaraq tanımaqdan imtina etmiş, digər ərəb və müsəlman dövlətlərinin yardımı ilə silahlı mübarizəyə başlamış və bu mübarizə günümüzədək davam edir. 1993-cü ildə Oslo Razılaşması ilə İsrail 1964-cü ildə qurulan Fələstin Azadlıq Təşkilatını (FAT) rəsmi tərəf olaraq qəbul etmiş və FAT-ın rəhbərliyi ilə fələstinlilərin yerli-özünüidarə statusunu icra etməsi üçün Fələstin Milli İdarəsi yaradılmış, əvəzində Fələstin tərəfi İsrailin dövlət olaraq varlığını qəbul etmişdir. 1995-ci ilədək İsrail Fələstinin nəzarətinə keçəcək ərazilərdən (İordan çayının qərb sahili və Qəzza bölgəsi) öz qoşunlarını çıxarmağı öhdəsinə götürmüşdür. Lakin bu razılaşmaya imza atan Baş nazir İzhak Rabinin 1995-ci ildə sui-qəsd nəticəsində öldürülməsi sonrası münaqişə təkrar qızışmışdır. 2007-ci ildə Hamas təşkilatı Qəzzada idarəni ələ keçirdikdən sonra Fələstində ikihakimiyyətlilik yarandı. 2011-ci ildə bu tərəflər arasında imzalanan barışıq sazişi 2014-cü ildə birlik höküməti qurulanadək icra olunmamışdır. 2012-ci ildə Fələstin dövləti BMT-də qeyri-üzv müşahidəçi statusu almış (Azərbaycan da buna “hə” demişdir) və indiyədək bu dövlət 138 BMT üzvü, həmçinin Azərbaycan tərəfindən tanınmışdır.
 
İsrailin də Ermənistanla zaman-zaman yaxınlaşma meyilləri gözardı edilə bilməz. Buna misal olaraq 25-26 iyul 2017-ci il tarixində İsrailin Regional Əməkdaşlıq naziri Tzachi Hanegbinin Ermənistan səfəri və bu səfər zamanı Ermənistan-İsrail “dostluq və qarşılıqlı faydalı” münasibətlərin, həmçinin iqtisadi əlaqələrin inkişafına dair nitqi göstərilə bilər. Bu görüş zamanı diplomatik pasport sahiblərinə vizasız səyahət haqqında, həmçinin 2017-2020-ci illər üçün mədəniyyət, təhsil, elm, idman və gənclər sektorunda iki ölkə arasında əməkdaşlıq haqqında anlaşmalar da imzalanmışdır.
 
Qeyd edim ki, müvafiq “yaxınlaşma” Türkiyə ilə Ermənistan arasında da bir zamanlar (2009-2010) yaşanmışdır. Lakin Türkiyə nümunəsində olduğu kimi, İsrailin də Azərbaycanla olan daha güclü və dərin münasibətləri onun Ermənistanla yaxınlaşması önündə əngəl olmuşdur. Üstəlik Ermənistan və İsrail arasında iqtisadi münasibətlərin səviyyəsi də heç cəlbedici deyil. Məsələn 2018-ci ildə Ermənistandan İsrailə ixrac 7,6 milyon dollar, İsraildən idxal isə 9 milyon dollara yaxın olmuşdur. Xüsusilə 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycanın Ermənistana qarşı İsrail silahlarını istifadə etməsi və müəyyən qədər cəbhə xəttində irəliləməsi iki ölkə arasında soyuqluq yaratmışdır (Avdaliani, 2017: 2). Bu soyuqluq II Dağlıq Qarabağ müharibəsindən sonra daha da sərtləşərək Ermənistanda İsrail bayrağının yandırılmasına səbəb olmuşdur.
 
Nəticə olaraq Azərbaycan-Fələstin və İsrail-Ermənistan münasibətlərinin mövcud səviyyəsi Azərbaycan-İsrail münasibətlərinin önünə keçə bilməyəcək qədər aşağı, həmçinin iki ölkə arasındakı strateji müttəfiqlik münasibətlərini zədələyə bilməyəcək qədər zəifdir. Hətta 2015-2019-cu illərdə ABŞ-ın keçmiş Prezidenti Donald Trumpın vasitəçiliyilə ortaya atılan Abraham (İbrahim) Razılaşması əsasında İsrailin bir sıra körfəz ölkələri (BƏƏ, Bəhreyn, Mərakeş və Sudan) ilə münasibətləri normallaşdırması və Səudiyyə Ərəbistanı ilə 2019-cu ildən etibarən gündəmə gələn normallaşma danışıqları, xüsusilə Fələstin münaqişəsinin birdəfəlik həllinə dair danışıqlar gələcəkdə Yaxın Şərq regionunda yəhudi və ərəblər arasında sülhün bərqərar olacağını, Azərbaycanın da yaxın gələcəkdə İsraildə səfirliyini açacağını ehtimal etməyə əsas verir.


Ana səhifəyə qayıt        Baxış: 8 171          Tarix: 12-05-2021, 04:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma