Xəbər lenti
Bu gün, 18:46
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
“Türk-Rus” ya da Türk-Slavyan birliyi (Avrasiyaçılıq)....
Türk dövlətləri müstəqilliyini bərpa edəndən sonra Rusiyanın imperalizm ənənələrini davam etdirən dairələr indi də “avrasiyaçılığı” müdafiə edirlər. Şübhəsiz, işğalçı mahiyyət daşıyan avrasiyaçılıq Rus avrasiyaçılığıdır və bolşevizmdən əsasən çox da fərqlənmir. Ancaq Avrasiyaçılığı türklüyə zidd hesab etməyən Türk aydınları da var ki, belələrinə görə, burada heç bir işağlıçılıq niyyəti yoxdur. Başqa sözlə, avrasiyaçılığı bolşevizm kimi qiymətləndirmək doğru deyildir. Halbuki vaxtilə bolşeviklər də, kommunizm adı altında “xeyirxah” görünsələr də, Türk xalqlarına əsarət gətirmişdir. İndi eyni şeyin təkrarlanıb ya da təkrarlanmayacağına heç kəs zəmanət verə bilməz! Hər halda vaxtilə Türk xalqlarının böyük çoxluğu “rus kommunizmi” ideyasının nəticəsi olaraq belə bir təhlükəni yaşamış və Sovet Rusiyasının müstəmləkə halına gətirilmişdir. Bizcə, həmin dövrdə baş verənlərlə indi baş verənləri diqqətlə təhlil edilməidir. Yəni avrasiyaçılıq kommunizm kimi rusların əlində bir bəhanəyə çevrilib, Türk xalqlarına bəla gətirəcək mi, yoxsa bu dəfə vəziyyət başqa cür olacaqdır?!
Qeyd edək ki, rus bolşevikləri 1917-ci ildə Rusiyada hakimiyyəti ələ aldıqdan sonra əvvəlcə bütün millətlərə azadlıq vəd etdiyi, hətta bunu yazılı şəkildə bəyan etdiyi halda, çox keçmədi ki, kommunizm məfkurəsindən işğalçılıq siyasəti kimi istifadə etməyə başladılar. Ancaq bunun yalnız birtərəfli, yəni beynəlmiləl formada həyata keçirilməsinin mümkünsüzlüyünü anlayan rus bolşevikləri kommunizmə «milli forma» da verməyə başladılar. Başqa sözlə, onlar Marks və Engelsin kommunizm məfkurəsini rus milli maraqlarına uyğun şəkildə digər millətlərin şüurlarına yeritmək üçün sosializm ideyasına «milli» don geyindirməyə çalışdılar. Rus bolşevikləri kommunizm məfkurəsinin «milli» mahiyyətini belə izah edirdilər: formaca milli, məzmunca sosialist. Kommunizm ideyasına «milli» don geyindirməkdə onların məqsədi qeyri-rus millətlərinin özəlliklə də Türk xalqlarınını şüurunu dolaşdırmaq və müstəmləkə halına gətirmək idi. Başqa sözlə, rus bolşevikəri qeyri-rus millətlərini, özəlliklə türk xalqlarını zor-xoş inandırmaq istəyirdilər ki, yalnız ruslar arasında deyil, guya Azərbaycan türkləri, Türküstan türkləri və başqa xalqların həyatında da sosializm inqilabı baş vermişdir. Sadəcə, Rusiyada sosializm inqilabı bir, Azərbaycanda digər, Türküstanda isə ondan bir qədər fərqli formada baş vermişdir. Beləliklə, Türk xalqları zor-xoş “rus kommunizmi”nin oyununun qurbanına çevrildilər.
Belə ki, keçmiş SSRİ dövründə Türküstanda, Azərbaycanda, Tatarıstanda və başqa türk ölkələrində «milli» xüsusiyyətli sosializm adı altında, sözün həqiqi mənasında marksizmin dövlətsiz kommunist cəmiyyəti deyil, rus bolşeviklərinin «rus kommunizmi» quruldu. Bununla da, keçmiş SSRİ xalqlarının şüurlarında kommunizmə münasibətdə yeni bir ictimai şüur formalaşdırıldı. Elə bir şüur ki, orada vətəndaş nə özünü kommunist, nə də milli mənada dərk edə bilirdi. Bununla da, Türk xalqları «sovet vətəndaşı cəmiyyəti» və «kommunizm» adı altında daha çox ruslaşdırılırdı. Bu, artıq idarəedənlər (rus bolşevikləri) üçün asan idarəolunan cəmiyyətlər (ukraynalı, azərbaycanlı, gürcü, qazax və b.) demək idi. Burada əsas məqam odur ki, idarəedənlər (rus bolşevikləri) özlərindən əvvəlki imperiya sələflərinin yolunu (çar Rusiyası dövründəki rus mütləqiyyətçiləri) davam etdirməklə yanaşı, özlərindən sonrakı xələflərini də düşünürdülər. Belə ki, bir gün SSRİ-nin dağılmasının mümkünlüyünü nəzərə alaraq, gələcəkdə imperiya təfəkkürünü davam etdirənlər üçün (məsələn, indi buna «rus avrasiyaçılığı» nümunə ola bilər), sovet dövründə idarəolunan millətlər halına gətirilmiş cəmiyyətləri daim təzyiq altında saxlamağın planlarını da cızmışlar. Fikrimizcə, keçmiş SSRİ-nin tərkibindəki xalqların marksizmin banilərinin kommunizmini deyil, rus imperiya təfəkkürünün daşıyıcıları olan bolşeviklərin «rus kommunizmi»nin psixoloji təzyiqi altında olduğu bir dövrdə «rus avrasiyaçılığı»nın postsovet məkanında yayılması çox ağıllı düşünülmüş bir ideyadır. Çünki Rusiyada yaxşı anlayırlar ki, keçmiş SSRİ xalqları hər il sovet ideologiyasından uzaqlaşır və bu uzaqlaşma yeni nəsil və yeni təfəkkür deməkdir. Yeni nəsilin sovet nəslini get-gedə inkar etməsi isə, rus imperiyası təfəkkürünə daban-dabana ziddir.
Ona görə də, yeni rus ideoloqları keçmiş SSRİ xalqları arasında imperiya təfəkkürünə cavab verən sovet nəsli tarix səhnəsindən getmədən «rus avrasiyaçılığı»nı həyata keçirməyə çalışırlar. Onlar yaxşı anlayırlar ki, ötən 25 ilin üzərinə bir 10, yaxud 20 il gələrsə, keçmiş SSRİ xalqlarını yeni nəsli rus imperiya təfəkkürünü yaxına belə buraxmayacaqlar. Bu baxımdan rus ideoloqları üçün avrasiyaçılıq imperiya təfəkkürünü davam etdirməyin bir vasitəsidir. «Avrasiyaçılıq» kimi imperialist ideyaya qarşı milli şüur formalaşdırıb milli ideya ilə çıxış etmək isə ona alternativlikdir. Fikrimizcə, bu prosesin imperialistlərin, yoxsa millilik tərəfdarlarının qalib çıxmasında ictimai şüurun hansı istiqamətdə – imperiya təfəkkürünə, yoxsa milli şüura doğru inkişaf etməsindən çox şey asılı olacaqdır.
Ona görə də Avropa kimi Rusiyadan gələn “yeni modellər” də Türk dövlətlərində münasibət birmənalı deyildir. Əgər Avropa birliyi daha çox gənc nəslin maraq dairəsindədirsə, “avrasiyaçılıq” isə yaşlı “sovet” nəsli üçün aktuallığını qoruyub saxlayır. Əgər hesab etmək mümkündürsə avrasiyaçılıq Türk xalqlarının müstəqilliyinin, milli dəyərlərinin əleyhinə çevrilməyib, başqa sözlə rus avrasiyaçılığı deyildir, o zaman onu da dəyərləndirmək mümkündür. Ancaq burada bir şeyi də açıq dərk edirik ki, avrasiyaçılıq müəyyən anlamda Türk Birliyinə alterantivdir, hətta, onu öz içində məhdudlaşdırmaq niyyəti vardır. Bir sözlə, əgər avrasiyaçılıqda rus-slavyan ideolojisi ağır basırsa, o zaman Türk birliyi məsələsi də, onların nəzarəti altında ortaya çıxa biləcəkdir. Eyni sözləri Avropa Birliyi haqqında da deyə bilərik ki, burada da Avropa düşüncəsi əsas rol oynayır.
Bu o deməkdir ki, rus-slavyan ideoloqları Türk Birliyi məsələsinin ciddiliyini görür və onu öz nəzarəti altında saxlamağa çalışır. Əgər nəzərə alsaq ki, son iki əsrə yaxındır Türk birliyinin zəifləməsində Rusiya faktoru Qərb faktorundan az rol oynamamışdır, rus-slavyan ideoloqları başa düşmək olar. Rus avrasiyaçıları başa düşürlər ki, əgər müstəqil, heç bir kənar qüvvədən asılı olmayan Türk Birliyi gerçəkləşərsə, o zaman Rusiya Federasiyasının parçalanması daha real olacaqdır. Hər halda, müstəqil bir Türk Birliyi ortaya çıxarsa Rusiya nəinki Azərbaycana, Qazaxıstana, Özbəkistana, Türkmənistana, Qırığızıstana əl sürə biləcək, üstəlik belə bir niyyətə düşərsə artıq qarşısında bir yox, bir neçə Türk dövlətini görməli olacaq hətta, öz tərkibindəki Türk muxtar respublikalarının da milli varlıqlarını tanımaq zorunda qalacaqdır.
Çünki bu gün nəinki müstəqil Türk dövlətləri, hətta Rusiya Federasiyasının tərkibindəki Türk muxtar respublikalarında (Tatarıstan, Saxa, Kalmıkya, Altay vəb.) da Türk Birliyi ruhu yüksələn xətlə davam etməkdədir. Ona görə də hesab edirik ki, Rusiya Federasiyası Türk Dünyasına münasibətini tamamilə dəyişib onunla səmimi şəkildə əməkdaşlıq etməli, bu anlamda Rusiya “avrasiyaçılıq” ideolojisindən türklərin əleyhinə istifadə etmək niyyətindən əl çəkməlidir. Bizcə, Rusiya Federasiyası Qərbəbənzər imperalist niyyətlərdən əl çəkib, Türk Dünyasıyla bolşevizmin təkrarı ola biləcək rus avrasiyaçılıqdan deyil, səmimi şəkildə əməkdaşlıq edərsə bəlkə də bu sahədə hər hansı uğur əldə etmək mümkündür.
Özəlliklə, Rusiya İslam dinini ikinci rəsmi din, Türk dilini ikinici rəsmi dil elan etməklə “Avrasiyaçılıq” məsələsində Qərbəbənzər imperalist deyil, qərblilərlə qarşı mübarizədə bərabər və ədalətli formada bir olduğunu ortaya qoya bilər. Eyni zamanda, Rusiya Avrasiyaçılığın İslam-Türk Dünyasının əleyhinə deyil, Qərbdən özünümüdafiə xarakterli olduğunu inandırmaq üçün Türk dili və İslam diniylə bağlı qəti bir qərara gəlməlidir. Artıq Moskva yönətimi Rusiya Federasiyası tərkibindəki, ondan kənardakı müsəlmanlara və türklərə Qərbin gözü ilə baxmaqdan əl çəkməlidir. Qərbin vaxtilə uğradığı “marksizm” kimi ideoloji oyunlardan uzaq durmalı, ortaq mədəniyyət və ortaq tarixi keçmişdən çıxış etməlidir. Hər halda rusların, ukraynalıların, bolqarların və başqa slavyan millətlərinin keçmişi avropalılardan çox türklərlə bağlıdır.
Türkçülükdən qaynaqlanan Türk Birliyi...
Bu gün ən az gerçəkçi görünən, ancaq daha çox arzulanan müstəqil Türk Birliyidir. Ancaq dəqiqləşdirmək lazımdır ki, Türk birliyi dedikdə konkret nəyi nəzərdə tuturuq. Çünki bu, bir qədər geniş anlamdır. Burada söhbət konkret milli kimliyini, milli dilini, milli dövlətini türk olaraq qəbul edən toplumlardan gedə bilər. Ancaq bu məsələlərdə də bir qədər obyektiv və subyektiv səbəblərdən dolayı problemlər var. Məsələn, «Türk birliyi»nin içərisində nəzərdə tutulan ölkələrin (Türkiyə, Azərbaycan, Türkmənistan, Özbəkistan və b.) bir yerə toplanması Türkdilli dövlətlərin sammiti adlandığı halda, orada bir araya gələnlərin əksəriyyəti rus dilində danışırlar. Əlbəttə, problem yalnız sammitin adı, yaxud da oraya toplaşanların hansı dildə danışmaları ilə bağlı deyildir. Əsas problem bu Türk dövlətlərinin hakimiyyətlərindən daha çox ayrı-ayrı müstəqil ölkələrdə yaşayan, ancaq əsasən eyni soyu, dili, mədəniyyəti və tarixi paylaşan türk xalqlarının bir-birlərini hansı şəkildə dərk etmələri, qəbul etmələri ilə bağlıdır.
Sovetlər birliyi dövründə bu imperiyanın tərkibində yaşamağa məcbur olan Orta Asiya, Krım, Tatarıstan, Qafqaz, Sibir və başqa türk toplumları arasında iqtisadi, mədəni və s. əlaqələr heç də pis deyildi. Sadəcə, həmin dövrdə türk toplumlarının əsas əlaqə vasitəsi rus mədəniyyəti, rus dili, rus ədəbiyyatı idi. Qırğız, özbək, qazax, türk (Azərbaycan), türkmən, tatar və başqaları məhz məcbur olaraq rus dili və mədəniyyəti vasitəsilə bir-biri ilə əlaqə saxlayırdılar. Şübhəsiz, bütün bunlar nə qədər müstəmləkəçiliyə xidmət etsə də, müəyyən qədər onlar bir-biri ilə təmas yarada bilirdilər. Ancaq bu ölkələr müstəqil olduqdan sonra həmin səviyyədə eyni təmasları yarada bilməmişlər. Yalnız son zamanlarda bu istiqamətdə müəyyən addımlar atılmışdır ki, bəzi türk ölkələri heç də ortaq türk mədəniyyəti, ortaq türk dili əsasında əlaqələrin yaradılmasında maraqlı görünmür. Bu, nə deməkdir? Bu onun göstəricisidir ki, SSRİ dövründə Mərkəz, yəni Moskva türk toplumlarını kölə halına gətirmək üçün türk dilini, türk mədəniyyətini, türk ədəbiyyatını və s. assimilyasiya etmiş və onun əvəzinə həmin xalqların şüuruna rus dili, rus mədəniyyəti və s. yürütmüşdür (Halbuki, rus mədəniyyətinin, rus ədəbiyyatının və sairənin əsas yaradıcılarından biri də elə türklərin özüdür). Bu gün isə biz könüllü şəkildə türk mədəniyyətinə, türk dilinə, türk ədəbiyatına, türk fəlsəfəsinə sahib çıxmaq istəmirik.
Müəllif: Dos., dr. Faiq ƏLƏKBƏRLİ
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar