Xəbər lenti

 

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Faiq Ələkbərov türk xalqlarının əsas problemləri, türk birliyinin yaradılması ideyası və türk xalqlarının hazırki vəziyyəti ilə bağlı A24.Az saytına müsahibə verib. Həmin müsahibəni sizə təqdim edirik:

– Türk xalqlarının əsas problemləri hansılardır?

-Bu gün türk dünyasının əsas problemi onların bir araya gəlib ciddi birliklər yarada bilməməsidir. Doğrudur, son illərdə bu sahədə müəyyən irəliləyişlər var. Türk soylu dövlətlərin parlamentlər assambleyasının yaradılması, türkdilli dövlətlərin sammitinin keçirilməsi və s. Həmçinin müəyyən qurumların yaradılması da bu sahədə atılan addımlar sırasındadır. Lakin təəssüf ki, bu qurumların mövcudluğu o qədər də hiss olunmur. Başqa ciddi problem isə bu 20-25 il ərzində ortaq əlifbanın yaradıla bilməməsidir. Eyni zamanda biz hələdə ortaq tariximizi yazmağa müvəffəq olmamışıq. Keçən həftə Türkiyədə keçirilmiş bir qurultayda da bu məsələlər müzakirə edildi. Ümumiyyətlə, 20-25 il öncə ilə müqayisədə təbii ki, irəliləyişlər var. Bunu inkar etmək olmaz. Sevindirici haldır ki, Azərbaycan da bu istiqamətdə çalışır. Dünyanın istənilən yerində türk dünyasının bir problemi varsa, biz ona şərik çıxırıq. Bacardığımız yardımı edirik.

 

-Türk coğrafiyasında bir çox nöqtələrdə münaqişələr gedir. Nə vaxtadək davam edəcək bu?

-Doğrudur, bu gün biz türk xalqlarının yaşadığı coğrafiyaya baxdıqda görürük ki, bir çox yerlərdə münaqişə ocaqları var. Azərbaycanın Qarabağ problemi var, Türkiyə terror qruplaşmalarına qarşı mübarizə aparır, Şimali Kiprin tanınmaması, Çində uyğurların hüquqlarının tapdalanması, Rusiyanın tərkibindəki türk xalqlarının müəyyən problemləri var, Cənubi Azərbaycandakı soydaşlarımızın dil məsələsi var. Kərkük, Bayırbucaq türkmənləri, Hələb və s. problemlər aktual olaraq qalır.Bu münaqişə ocaqlarının olduğu türk dövlətlərinin başçıları iradə göstərib iqtisadi, mədəni birliklərlə yanaşı, hərbi birliklər yaratmalıdırlar. Əlbəttə, bu, heç kəsə qarşı yönəlməməlidir. Sadəcə türk dövlətlərinin lazımi anda bir-birilərini müdafiə etməsi üçün təşkil olunmalıdır.

Rusiya, Ermənistan,Qırğızıstan, Qazaxıstan kollektiv təhlükəsizlik şurasında təmsil olunur. Bu, o deməkdir ki, Azərbaycan Ermənmistana müharibə elan edərsə, Qırğızıstan Errmənistanı müdafiə etməlidir. Düzdür, Qırğızıstan prezidenti müəyyən şərtlərlə həmin müqaviləyə qoşulmuşdu. Bildirmişdi ki, Qarabağ Azərbaycan torpağıdır. Amma istənilən halda bir neçə türk dövlətinin Ermənistanla belə bir təşkilatda olması bizim üçün ağrılıdır. Ona görə də düşünürəm ki, türk dövlətlərinin ortaq sülhməramlı ordusu yaradılmalıdır. Bu həm də mənəvi-psixoliji anlamda da onlar üçün dəstək olar.

-Türk birliyi reallıqdır, yoxsa utopiya? Apardığınız araşdırmalardan gəldiyiniz nəticə nə oldu? Ümumiyyətlə, bu birliyin yaradılmasına mane olan əsas səbəblər nədir?

-Mən uzun illərdir ki, bu mövzu haqqında araşdırıram. Olduğum bütün türk dövlətlərində insanlarla görüşdüm. Fikir mübadiləsi apardım. Gəldiyim nəticəyə görə, türk birliyinin mövcudluğu ideyasının reallaşması yolunda irəliləyişlər var. Türk xalqlarının bir-birini tanıması, bir-birinə yaxınlaşması halları artıb. Bunun müxtəlif səbəbləri var. Konfransların, simpoziumların keçirilməsi, texnologiyanın inkişafı insanların bir-birinə yaxınlaşmasında mühüm rol oynayır. Konkret birliyin yaradılmasına gəldikdə isə, biz bu ideyanın reallaşması üçün necə bir birlik istədiyimizi dəqiqləşdirməliyik. Vahid bir türk dövlətinin yaranmasın, yoxsa türk dövlətlərinin vahid bir birlikdə toplaşmasınımı? Bu fikir 100 il öncə də var idi.

Məsələn, Məhəmməd Əmin Rəsulzadə deyirdi ki, türk dövlətləri əvvəlcə müstəqil olmalıdır, sonra ittifaq halında birləşməlidir. Şəxsən mən də bu fikrin tərəfdarıyam. Turan adı altında vahid türk dövləti yaratmaq mümkün deyil. Amma bu o demək deyil ki, biz turan ideyamızdan əl çəkirik. Turan bizim mənəvi-mədəni anlamda birliyimizi ifadə edir. Bu, siyasi bir birlik deyil. Həm də mən Avropa ölkələrinin, ərəb ölkələrinihn birliyindən fərqli bir birlik yaradılmasının tərəfdarıyam. Onlara bənzəməməliyik. Əlbəttə, müsbət cəhətləri götürmək olar. Amma tamamilə o cür bir ittifaq olmasını düşünmürük. Ümumiyyətlə, türk dövlətlərinin birliyinin yaranması barədə 4 müxtəlif istiqamət var. Məqsədimizə çatmağımızda mane olan səbəblərdən biri də bu fikir ayrılıqlardır. Biri türk-islam məfkurəsi əsasında birliyin yaradılmasıdır. Əli bəy Hüseynzadə də bundan illər öncə həmin fikirlə çıxış edib. Mən isə düşünürəm ki, müsəlman olmayan türkləri də nəzərə almaq lazımdır. Biz türklüyümüzü həmişəbir addım öndə tutmalıyıq. Digər bir istiqamət türk birliyini qərbdə, Avopaya inteqrasiyada görənlərin təklifidir. Başqa bir istiqaməti türk-slavyan xalqlarının birliyi ideyası təşkil edir. Dördüncü istiqamət isə sırf türk dövlətlərinin birliyi ideyasıdır. Mən də bu istiqamətdə birliyin yaradılmasını daha real hesab edirəm.

Biz məqsədimizə nail olmaq üçün bu istiqamətlər arasında konkret olaraq öz seçimizi etməliyik. Həmçinin, türk xalqlarının özünə inamı bərpa olunmalıdır. Bizim türk xalqları olaraq yenidən dirilməyə ehtiyacımız var. Mən inanıram ki, bu diriliş olacaq bir gün.




Ana səhifəyə qayıt        Baxış: 1 351          Tarix: 19-07-2017, 18:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma