Ermənistanda seysmik stansiya ötən gecə İranda 4,6 bal gücündə seysmik hadisə qeydə alıb.
“Azad İran” Teleqram kanalının yaydığı məlumata görə, tədqiqatçılar seysmik sıxılma dalğasının qeydə alınmadığını bildiriblər, bu da hadisənin zəlzələdən daha çox partlayış olduğunu təsdiqləyir.
Seysmik aktivliyin mərkəzi Aradan şəhəri yaxınlığındakı Kəvir səhrasında olub. Tipik zəlzələ vibrasiyaları ilə nüvə sınaqları arasında müqayisələr bu hadisənin nüvə sınağına daha çox bənzədiyini göstərir. Bundan əlavə, heç bir afterşok qeydə alınmayıb ki, bu da təbii seysmik fəaliyyətdən daha çox partlayışa işarə edən başqa bir ipucudur.
Hərbi jurnalist Səxavət Məmməd Musavat.com-a bildirib ki, nüvə silahlarının sınağı adətən quru ərazidə keçirilmir:
“Nüvə silahı çox zaman dənizdə, yaxud okeanda sınaqdan keçirilir. Üstəlik, İranın əlində nüvə silahının olması ilə bağlı dəqiq faktlar yoxdur. Amma İran son zamanlar nüvə silahının əldə edilməsi ilə bağlı fəal addımlar atır. Nüvə silahı çox güclü radiasiya yayır, bu baxımdan ölkənin quru ərazisində sınağın keçirilməsi ciddi problemlər yarada bilər. Rusiyanın Ukrayna ərazisinə taktiki nüvə silahını atmaqla bağlı planları var. Silah elə bir istiqamətə atılmalıdır ki, radiasiya öz ərazisinə təsir etməsin. Yeni raketlərin sınaqdan keçirilməsi ehtimalı var. İndiki məqamda İranın öz ərazisində nüvə sınağı keçirməsi mümkünsüz variantdır. Xəbərdə qeyd olunub ki, seysmik aktivliyin mərkəzi Kəvir səhrasıdır. Əgər həqiqətən sınaq keçiribsə, silahın həcmi kiçik olmalıdır. Digər tərəfdən həcmi kiçik olubsa, nəyə görə güclü partlayışa səbəb olub? İranın böyük raketləri sınaqdan keçirməsi ilə bağlı dəqiq informasiyalar var. İran yeni, qitələrarası və uzaqmənzilli raketlər istehsal edir və sınaqdan keçirir. Nüvə silahının sınaqdan keçirilməsi həm də ona görə mümkünsüz görünür ki, bundan peyk görüntüsü vasitəsilə bütün dünyanın xəbəri olacaq. ABŞ, İsrail, Böyük Britaniya, Rusiya xəbərdar olacaq. Nüvə silahının özəlliyi dalğalanmasının tamamilə fərqli olmasıdır. İran bunu gizlədə bilməz”.
S.Məmmədin fikrincə, İran nüvə silahının sınağına qərar versə, bunu körfəzdə keçirə bilər, lakin bu, böyük problemlər yaradacaq:
“Bu tip silahların əsasən son dərəcə kiçik, partlayış və radiasiya gücü az olan variantını sınaqdan keçirirlər. Məsələn, İran İsrailə raketlər atdı, amma raketlərin düşmə istiqamətinə baxdıqda partlayış gücü çox azdır. İranın atdığı raketlər 1400 kilometrdən çox məsafədə effektivdir. Bununla da İsrail müasir hava hücumundan müdafiə sistemlərini keçə bilib. Amma düşəndə top mərmisi kimi partlayır. Standart olaraq partlayışın gücünü azaldaraq sınağı dənizdə də, səhrada da keçirmək mümkündür. İran raketlərin son dərəcə kiçik variantının sınağını Xəzər dənizində də keçirə bilər”.
Nigar HƏSƏNLİ,
Musavat.com
Paylaş: