Xəbər lenti


Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ölkələr arasında hörmət, bərabərlik, ədalət, şəffaflıq prinsiplərinə sadiq qalmağa davam edir.

Azərbaycan Energetika Nazirliyindən Musavat.com-a verilən məlumata görə, bu barədə OPEC-in 60 illik yubileyi ilə əlaqədar təşkilatın Baş katibi Məhəmməd Sanusi Barkindonun təbrik mesajında deyilir.

“Ötən 60 il ərzində OPEC-in inkişaf etməsi faktı OPEC ailəsi üçün böyük qürur mənbəyidir. Bu illər bizim üçün enişli-yoxuşlu keçsə də, çətinliklərlə üzləşsək də, 60 il sonra biz 13 üzv dövlətdən ibarət vahid, hökumətlərarası təşkilata çevrilmişik. Bu təşkilat beynəlxalq enerji sənayesi üçün heç vaxt olmadığı qədər müvafiq, təqdirəlayiq və zəruridir. Son illərdə bizim köməyimiz sayəsində qeyri-OPEC ölkələri tarixi Əməkdaşlıq Bəyannaməsi imzaladı və növbəti mərhələdə ölkələr arasındakı əməkdaşlıq onu daha da gücləndirdi. Bu tarixi qərar 23 istehsalçı ölkə tərəfindən neft bazarının sabitliyini qorumaq üçün zəruri olan birgə tədbirlərin qəbul edilməsinə şərait yaratdı. COVİD-19 pandemiyasının səbəb olduğu tənəzzülün təsirlərini azaltmaq üçün 2020-ci ilin aprel-iyun aylarında keçirilən görüşlərdə daha çox istehsalçı ölkə bizimlə həmrəyliklərini nümayiş etdirdi”, - təbrik mesajında deyilir.

Qeyd edək ki, OPEC katibliyi yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən təşkilatın yaranmasının 60-cı ildönümü ilə bağlı Bağdadda keçirilməsi planlaşdırılan tədbiri təxirə salıb.

Xatırladaq ki, OPEC 1960-cı ilin sentyabrında Bağdadda neft konfransında beş dövlət (İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela) tərəfindən yaradılıb. Daha sonra təşkilata digər ölkələr də qoşuldu. Dünya neft hasilatının 1/3-i OPEC-in payına düşür.

2017-ci ildən bəri OPEC Rusiya və bir sıra digər ölkə ilə birgə "OPEC+" razılaşması çərçivəsində neft hasilatını tənzimləyirlər.

Razılaşma təklifin həddən artıq olmasının və neft qiymətlərindəki dəyişkənliyinin qarşısını almağa kömək edir.




Ana səhifəyə qayıt        Baxış: 2 455          Tarix: 14-09-2020, 13:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma