Aktyor Faiq Mirzənin Milli.Az-a müsahibəsi.
- Faiq bəy, son illər sizi daha çox aktyor yox, teleaparıcı kimi görürük. Olmaya teleaparıcılığı aktyorluğa dəyişdiniz?
- Əslində, mən özümü hər iki sahədə görürəm. Siz bilsəniz ki, mən aktyor olmamışdan nə işləmişəm, təəccüblənərsiz. Mən universitetə qədər bankda əmanət kassasında inkassator işləmişəm. 20 yaşında artıq əlim pulla oynayırdı. Hər gün xalqın əmanətlərini əmanət kassasından təhvil alıb, banka təslim edirdim. Fantastik məbləğlər var idi. O vaxtın pulu ilə hər gün 200-300, bəzən isə 500 min rus rublu sayırdım.
- Aktyor kimi hansı sənətkarlardan dərs almısız?
- Məncə, hər bir peşəkar iş məktəbə söykənir. Bu, həmən özünü göstərir. Mən İncəsənət Universitetini qırmızı diplomla bitirmişəm. Özü də 4 il yox, 5 il oxumuşam. Sənət müəllimlərim isə Şəfiqə Məmmədova, Əflatun Nemətzadə, Mikayıl Mirzə, Gülsabah Quliyeva, Mobil Əhmədov kimi sənətkarlar olub. O vaxt əsgərlikdən yenicə gəlmişdim, səbirsizliklə imtahanları gözləyirdim. İyul ayının 7-sində ixtisas imtahanı təyin olunmuşdu. Amma atam bərk xəstə idi. İmtahana 7 gün qalmış atam rəhmətə getdi. Musiqili teatr aktyorluğu fakültəsini seçdiyimdən ixtisas imtahanı atamın yeddisi gününə düşürdü. İmtahan komissiyası qarşısında oxumalı, rəqs etməli idim. İmtahana yaxşı hazırlaşsam da getmək istəmirdim. Hamıya deyirdim ki, getməyəcəyəm. Necə ola bilər ki, atam rəhmətə gedib, mən gedib oxuyub, rəqs edim. Məni başa saldılar ki, getsən, atanın ruhu da şad olar. Çünki o, çox istəyirdi ki, mən aktyor olum. Xəstə yatağında mənimlə bir yerdə imtahan günlərini sayırdı. Elə də etdim. İmtahana girib, oxuyub, rəqs etdim (kövrəlir). Bir gözlə ağlayıb, bir gözlə gülməyi elə ilk sənət imtahanında öyrəndim. Sənət də bunu tələb edir. Tamaşaçını sənin durumun, həyatın, psixoloji vəziyyətin yox, oynayacağın rolun düzgün traktovkası maraqlandırır. Onun üçün də sənətin öz sirrləri və çətinlikləri var. Bir yandan imtahandan yaxşı qiymət aldığıma görə sevindim, digər bir tərəfdən isə atam yanımda olmadığı üçün təəssüfləndim.
- Atanız rəhmətə gedəndən sonra evin ağırlığı kimin üzərinə düşdü?
- Mən evin kiçik övladı olmuşam deyə ehtiyacın nə olduğunu mənə hiss etdirməyiblər. Təbii ki, ata rəhmətə gedəndən sonra ağırlıq ananın üzərinə düşür. 5 il əlaçı təaqüdü almışam. 50 rubl o vaxt üçün az pul deyildi. Sözün əsl mənasında, xan, bəy kimi dolanırdım. Bütün maddi ehtiyaclarımı özüm ödəyirdim.
- Siz digər həmkarlarınızdan fərqli olaraq hər rolda bir başqasız. Sizcə, başqalaşmaq aktyor üçün əsas amildir?
- Yenə də məktəb... Aktyor kimdir? Aktyor insan mühəndisidir. Əgər aktyorun savadı, dünyagörüşü, mütaliə və müşahidəsi varsa bu, artıq onun üçün roldan-rola başqalaşmağa zəmindir. Aktyor rol üzərində iş zamanı oynadığı rolun prototipini tapmalıdır. Həmin adam bədii əsərlərdə, qohumların dostların arasında və ya hər gün rastlaşdığı insanların arasında da ola bilər. Yetər ki, oynadığın obrazın kimliyini biləsən. Məktəb və savad. Bunun formulası budur.
- Bəlkə elə buna görədir ki, sizə daha çox əcnəbi rollar həvalə olunur.
-Yəqin ki, məni xaricilərə oxşadırlar. Bundan irəli gələn bir haldır. Yeri gəlmişkən bu günlərdə "Tarixin səhifələri" layihəsinə dəvət almışdım. Bu dəfə də Gürcü generalı Qudoviç obrazını mənə həvalə etdilər. Rejissor Nicat Kazımov məni nədənsə bu rolda gördü. Qeyd edim ki, "Tarixin səhifələri" artıq 5 ildir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
- Faiq bəy, aktyor çoxdur, unudulmaqdan qorxmursuz?
- Düz qeyd etdiniz, aktyor çoxdur. Amma özünə aktyor deyənlər də çoxdur. Hər şey zamanla bağlıdır. Onsuz da, tarixdə yaxşılar qalır. Əgər sənət zəifdirsə, aktyor göstərdiyi işlə tarix yazmayıbsa, demək ki, o unudulacaq. Bu, zamanla səsləşən bir mövzudur.
- Sənətdə qısqanclıqla rastlaşmısız?
- O qədər rastlaşmışam ki. Mənim oynadığım bir çox obrazları digər həmkarlarım da oynamaq istəyib. Sənətdə qısqanclıq həmişə olub, amma bunu aqressiv şəkildə həyata keçirmək düzgün deyil. Bəzən aktyor xəstə yatağında olsa da istəmir ki, dublyoru gedib onun rolunu oynasın. Belə hallar həmişə olub və olacaq da. Harada sənət varsa, orada qısqanclıq var. Düzdü, bu dəqiqə özünə sənətkar deyənlər də çoxalıb. Kimi dindirirsən özünə "sənətkar" deyə müraciət edir.
- Əslində, sənətkar kimlərə deyilir?
- Kiminsə özünə sənətkar deməyi şərt deyil. Həmişə son söz sənətkarın işinə baxanların olur. Kiminsə özünə bu sözü deməyi artıq təvazökarlıqdan çox uzaq bir şeydir. Fikir versəniz, əsl böyük sənətkarlar bu sözü dillərinə gətirməyiblər. Bu zəiflərin işidir. Onlar hər fürsətdə özlərini gözə soxmaq istəyirlər. Sənətkar o kəslərə deyilir ki, onlar, həqiqətən də, sənətlə məşğuldurlar. Nəyləri varsa, göz qabağındadır.
- Faiq bəy, filmlərə nədənsə çox gec çəkilməyə başladınız. Bu, nə ilə bağlı idi?
- Mən 45 yaşından sonra filmlərə çəkilməyə başlamışam. 45 yaşıma kimi mən öz saatımı, dəqiqəmi gözləmişəm. Düzdü, bu yaşa qədər fəaliyyətsiz dayanmamışam. Televiziya sahəsində bir çox işlər görmüşəm. Bölgə televiziyaçılığının təməlini qoyanlardan biri də mən olmuşam. Gənc kadrların yetişməsində yaxından iştirak etmişəm. Bütün bunlar az iş deyil.
- Bütün bunlara rəğmən siz özünüzə sənətkar deyə bilərsiz?
- Nə qədər çox işlər görsəm də, mən yenə də özümə sənətkar deyə bilmərəm. Bəlkə də kim mənim gördüyüm işləri görsəydi, özünü "böyük sənətkar" adlandırardı.
- Sizin nəsil aktyorlarla indiki nəsil aktyorlar arasında nə kimi fərqlər var?
- Bizim nəsil aktyorlar daha mütaliəlidirlər. Aktyorun istedadı ilə yanaşı intellekti də güclü olmalıdır. Əks təqdirdə onun ifa etdiyi obrazlar cılız görünəcək. Həyatda da belədir. Mütaliəli insan o saat seçilir. Davranışı, tərbiyəsi, oturuşu ilə.
Əli Rəhimoğlu /Milli.Az/
Paylaş: