Xəbər lenti


Deutsche Welle”, Almaniya, 01 iyul 2020-ci il
 
Almaniya Bundestaqının “İttifaq-90”/”Yaşıllar” partiyasından olan deputatı, Almaniya-Belarus parlament qrupunun üzvü Marqarete Bauze alman “Deutsche Welle” teleradio kampaniyası üçün Avropa Birliyi (AB) ilə Belarus arasında viza rejiminin asanlaşdırılması məsələsini şərh edib, Belarus Respublikasında insan haqları ilə bağlı durumun yaxşılaşdırılması üçün Almaniyanın nə edə biləcəyini və nə etməli olduğunu izah edib, həmçinin orada “rəngli inqilab” ehtimalını qiymətləndirib.
 
– Xanım Bauze, siz son dəfə Minskdə nə vaxt olmusunuz və bu səfərlə bağlı hansı təəssüratlarınız vardır?
– Mən Minskdə fevralın başlanğıcında olmuşam. Və məndə belə təəssürat yarandı ki, orada bütövlükdə Avropa, o cümlədən Almaniya ilə əlaqədar böyük ümidlər və gözləntilər hökm sürür. Bu, yalnız iqtisadi əməkdaşlıqla deyil, demokratik islahatlar, insan haqları sahəsində dəyişikliklər və hüquqi dövlətlə də bağlıdır. Mənim hüquq müdafiəçiləri və müxalifət nümayəndələri ilə çox canlı görüşlərim oldu. Bu dairələrdə də böyük ümidlər var idi ki, Avropa ölkədəki demokratik prosesləri dəstəkləyəcək.

– Uzun illərin sərt dövlət nəzarətindən sonra belə ümidlər haradan yaranır?
– Məncə, bu ümidlərin qaynağı odur ki, insanlar Qərbdə azadlıqlardan necə həzz alındığını görürlər. Belarusda çox sayda qorxmayan, cəsarətli vətəndaş cəmiyyətləri mövcuddur. Və onlar beynəlxalq dəstək alırlar. Təməl dəyərləri insan haqları və hüquqi dövlət olan Avrop Birliyi Belarusda insan haqlarının pozulması, ölkədəki ölüm cəzası və Aleksandr Lukaşenkonun rolu ilə bağlı özünü getdikcə daha aktiv aparır. Və biz bu ümidləri doğrultmağa görə məsuliyyət daşıyırıq.

 – Bu kontekstdə, siz AB ilə Belarus arasında viza rejiminin sadələşdirilməsini necə qiymətləndirirsiniz?
– Mən bunu yanlış siqnal olaraq qiymətləndirirəm. Razılaşdırmaların, nəzərdə tutulan tədbirlərin biri də odur ki, vətəndaşların Belarusa geri qaytarılması bərpa ediləcək (readmissiya haqqında sazişə uyğun olaraq – red.). Əgər insanlar burada, Qərbdə olmaqla öz ölkələrində təqib olunmaqdan xilas olmağa cəhd edəcəklərsə, mən bunu (deportasiyanı – red.) müsbət addım kimi qiymətləndirə bilmərəm. Belarusda insan haqları sahəsində standartlara əməl olunması ilə bağlı Almaniya və AB özünü daha ardıcıl aparmalıdır.

– Belarusda insan haqları sahəsində durumu yaxşılaşdırmaq üçün Almaniya və AB nə edə bilər və nə etməlidir?
– İndiki halda, ən başlıcası, azad və ədalətli seçkilərin keçirilməsinin, həmçinin siyasi məhbusların azad olunmasının tələb olunmasıdır. Bir də ATƏT-dən olan müstəqil müşahidəçilərin seçkiləri müşahidəyə buraxılmasıdır. Əgər bu tələblər yerinə yetirilməzsə, viza razılaşmasının ləğv edilməsi, ehtimal ki, həmçinin sanksiyaların tətbiq edilməsi haqqında düşünməli olacağıq.

– Nə üçün Almaniya hökuməti prezident seçkiləri öncəsi Belarusda yaranmış durumu belə könülsüz şərh edir?
– Məndə də belə təəssürat var ki, Almaniya XİN-i Belarusda insan haqları mövzusu ilə bağlı verdiyi açıqlamalarda və demokratik standartalara əməl olunması və azad və ədalətli seçkilərin keçirilməsilə əlaqədar etdiyi çağırışlarda çox təmkinlidir. Belə xəttin aparılmasının strateji səbələri vardır. Yəqin ki, Berlin, Belarusun AB ilə Rusiya arasındakı aralıq mövqeyini nəzərə alaraq, ona çox təzyiq etmək istəmir. Lakin mənə elə gəlir ki, Belarus vətəndaşlarının AB ilə bağlı ümidlərini nəzərə alaraq, biz öz standartlarımıza, Avropa standartlarına əməl olunmasını daha güclü tələb etməliyik.  Və Belarusdakı fəalların, hüquq müdafiəçilərinin tərəfində olmalıyıq.

– Belarus prezidentliyinə alternativ namizədlərin irəli sürülməsi üçün imzaların toplanması ilə bağlı durumu necə dəyərləndirirsiniz?
– Bütün bunların hamısı Lukaşenkonun yaratdığı və seçkilərin azad və ədalətli keçməməsinə, eyni zamanda hakimiyyətdə qalması üçün mövcud prezidentin üstünlüklərindən istifadə edilməsinə, rəqiblərə təzyiq edilməsinə, vətəndaş cəmiyyətinin qorxudulmasına yönəlik olan mexanizmlərdir. Şəxsən mənim üçün imzaların toplanması ilə bağlı olan bütün bu intriqalar azad seçkilərin qarşısının alınması üçün atılan daha bir addımdır.
– Bəzi alman müşahidəçiləri deyir ki, Belarusda azad seçkilər mümkün deyil və qalib artıq indidən bəllidir. Siz belə dəyərləndirmə ilə razısınızmı?

– Mən bəri başdan bütün ümidlərlə vidalaşmaq istəməzdim. Mənə elə gəlir ki, ələlxüsus indi, səsverməyə bir neçə həftə qalmış Avropa öz mövqeyini dəqiq müəyyən etməlidir. Və təkrar edirəm: müstəqil müşahidəçilərin iştirakı ilə azad və ədalətli seçkilərin keçirilməsini, həmçinin siyasi məhbusların həmən azad edilməsini tələb etməlidir.
– AB-nin belə tələblərlə çıxış etməsi nə qədər realdır?

– Almaniya bu gündən (01 iyul – red.) AB Şurasının sədridir. Və mən hesab edirəm ki, bu – bizim ümumavropa dəyərlərindən çıxış etməyimiz Almaniyanın hazırkı rolundan (AB Şurasının sədri kimi – tərc.) irəli gələn vəzifələrindən biridir. Belarusu “Avropanın sonuncu diktaturası” adlandırırlar. Biz isə qonşuluqda baş verənlərə laqeyd qala bilmərik. Məncə, biz demokratik müxalifəti yalnız Honkonqda deyil, Belarusda da dəstəkləməliyik.
– Lakin indi Almaniya hökumətinin pandemiya və iqtisadi böhran kimi digər qayğıları mövcuddur…
– Bəli, ancaq insan haqları bizim bir sivilizasiya kimi varlığımızın təməlidir. Özü də fərqi yoxdur, söhbət hansı ölkədən gedir. Bu, bütün dünyaya aiddir. Bu səbəblə, yol vermək olmaz ki, insan haqları pandemiya kölgəsində qalsın. Biz görürük ki, pandemiya kontekstində də, ələlxüsus pandemiyanın dramatik nəticələr verdiyi Belarusda, insan haqları kütləvi şəkildə pozulur.

– Bu seçkilərdə Lukaşenkonun populyar olan rəqiblərindən biri uzun müddət ərzində “Qazprombank”ın filiallarından birində işləmiş olan Viktor Babarikodur. Bu da deməyə əsas verir ki, bu seçkiqabağı kampaniyada Rusiyanın istinad etdiyi öz seçimi var. Siz buna necə baxırsınız?

Rusiya “Almaniya üçün alternativ” vasitəsilə bizdə – Almaniyada da seçkilərə müdaxilə etməyə cəhd etdi. Ona görə də mən yaxşı təsəvvür edə bilərəm ki, müdaxilə cəhdi digər ölkələrdə də ola bilər. Bütün bunlarla birlikdə, vacibdir ki, bütün namizədlərin bərabər imkanları olsun, qərar verən seçicilər olacaq. Mənim nöqteyi-nəzərimə görə, prezidentliyə iddialı şəxslərin həbs edilməsi Lukaşenkonun öz rəqiblərini legitimlikdən məhrum etmək üçün etdiyi manevrlərdir. Və mən həbs edilənlərin azad edilməsini tələb edirəm.

– Siz Belarusda “rəngli inqilab”ın baş vermə ehtimalını necə dəyərləndirirsiniz?
– Mənə elə gəlir ki, ölkə vətəndaşları arasında demokratik dəyişikliklərə olan ümidlər güclüdür. Bunun hansı formada ifadə olunacağını proqnozlaşdıra bilmərəm. Mən təkamüllə keçidə, AB-nin dəstəyi ilə demokratik islahatların aparılmasına ümid edirəm. Mən Belarus dövlətinin başına insan haqlarını müdafiə edən və demokratik islahatlar aparan bir şəxsin gəlməsini alqışlayardım. Və bu, qarşıdan gələn prezident seçkilərində mümkün olmalıdır.

– Nə üçün Lukaşenko seçki ərəfəsində belə əsəbiləşir?
– Çünki əhalinin dəstəyini itirdiyini görür. Və nə qədər avtoritar davranmağa başlayırsa, istənilən demokratik rəqabəti də o qədər aqressiv boğmağa çalışır. Digər avtoritar rejimlərin təcrübəsinə əsasən bilirik ki, ictimai dəstək azaldıqca, onlar özlərini daha aqressiv aparırlar. Bu, onun əlamətidir ki, Lukaşenko erası çoxdan bitib. Və bu səbəblə, ölkənin demokratik qüvvələrinin AB tərəfindən dəstəklənməsi daha vacibdir.

Tərcümə Strateq.az-ındır




Ana səhifəyə qayıt        Baxış: 2 585          Tarix: 2-07-2020, 18:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma