Xəbər lenti
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
ABŞ-ın məşhur "Foreign Policy" jurnalı Qarabağ döyüşlərindən Amerika ordusunun çııxarmalı olduğu dərslərdən yazıb. Pentaqon və milli təhlükəsizlik reportyoru Cek Deç dərgidə yazıb ki, ötən payız Azərbaycan Dağlıq Qarabağda gedən hava müharibəsində Türkiyə istehsalı PUA-lar və kamikaze dronları ilə qalib gələndə, ABŞ-ın ordu strateqlərinə bir məsələ aydın oldu: İndi artıq qoşunları tutmaq və məhv etmək həm asan, həm də ucuz olub.
Məqalədə deyilir ki, çox da baha olmayan döyüş dronları yaxın gələcəkdə mövqelərini tərk edən, məsələn yuyunmağa gedən əsgərləri bir anda məhv edəcək.
ABŞ ordusunun Asimmetrik Müharibə Qrupunun başçısı, polkovnik Skot Şou deyib: “Videolarda tankların, artilleriya mövqelərinin, qoşunların pilotsuz hava sistemləri ilə necə vurulduğu aydın görünür”.
Polkovnikin qənaətinə görə, Azərbaycan Ermənistana qalib gələndən sonra bir şey aydın olub ki, ABŞ hərbiyyəsi bundan sonra Çin kimi rəqiblərə qarşı hava qüdrəti üstünlüyünə malik deyil və indi hətta yoxsul ölkələr də özləri üçün piştaxta üstündən mötəbər hərbi-hava qüvvəsi ala bilərlər: “Aydın olan budur ki, indi daha az vəsaiti olan ölkələr də müxtəlif silahlı müharibə apara bilərlər. Bunun üçün Birləşmiş Ştatlar və ya Rusiya olmağa ehtiyac yoxdur. Müxtəlif silahlı müharibəyə girmək əvvəllər düşünüldüyündən daha ucuz başa gəlirmiş. Lokal hava-yer, hava-hava fəaliyyətində olmaq üçün Birləşmiş Ştatların super təlim görmüş, heyrətamiz qüdrətə malik hərbi-hava qüvvələrinə ehtiyac yoxdur”.
Deç yazır ki, 6 həftəlik müharibə zamanı Azərbaycan ordusu Türkiyə istehsalı "Bayraktar TB2" dronlarından, əksəriyyəti İsrail istehsalı olan intihar PUA-larından istifadə etməklə Ermənistanın zirehli qüvvələrini, hətta onun hələ cəbhə xəttinə gəlib çıxmağa imkan tapmayan təchizat zəncirini məhv edib. Müəllif yada salır ki, Ermənistanın hərbi maşın karvanlarının və silah anbarlarının dağıdılması yeni hərbi yanaşmaya ehtiyac olduğunu göstərir.
Deç yazır ki, Azərbaycan prezidenti İlham Əliyev müharibənin son günlərində döyüşlər zamanı məhv edilmiş və ələ keçirilmiş texnikanın siyahısını “camaşırxana siyahısı” kimi oxuyurdu: 250 tank, 50 piyadaların döyüş maşını, 198 yük avtomobili, 17 qanadlı artilleriya birliyi, dörd Rusiya istehsalı S-300 raketdən müdafiə sistemi…
Əliyev deyib ki, Türkiyə dronları ilə Ermənistanın 1 milyard dollarlıq hərbi texnikası və döyüş avadanlığı məhv edilib.
Polkovnik Şou deyir ki, Dağlıq Qarabağdakı müharibə ABŞ hərbiyyəsinin əsasən güvəndiyi və hər iki İraq müharibəsində istifadə etdiyi “sarsıt və qorxut” taktikasının keçmişdə qaldığını nümayiş etdirib.
Ekspertlərin fikrincə, indi Birləşmiş Ştatlar keçmişdə olduğu kimi üzücü “vur-dağıt” tipli müharibəyə hazır olmalıdır.
Uilson Mərkəzinin Kennan İnstitutunun aparıcı alimlərindən Maykl Kofman ABŞ ordusunun gələcək müharibələr üçün hazırkı konsepsiyasına işarə edərək deyir ki, ümumən reallıqda “sarsıt və hürküt” taktikası onun haqqında söylənən şəkildə baş vermir.
Polkovnik Şou düşünür ki, perspektivdə pilotsuz maşınlar təkcə havada olmayacaq, onlardan quruda və dənizlərdə də istifadə ediləcək: “Pilotsuz sistemlər geniş yayılacaq, çünki onlar ucuzdur, ölçüləri də kiçilə-kiçilə gedəcək”.
"Foreign Policy" yazır ki, əslində ABŞ müdafiəsini planlaşdıranlar bu istiqamətdə işləyirlər. Keçmiş müdafiə naziri Mark Esper Tramp administrasiyasının direktivini yerinə yetirməyə çalışırdı. Bu direktiv 355 gəmilik hərbi donanmada heyətsiz gəmilərə daha çox investisiyalar yatırılmasını nəzərdə tuturdu. Hərçənd Bayden administrasiyasının bu məsələyə necə yanaşacağı hələlik məlum deyil.
Amma burası da var ki, pilotsuz uçuş aparatları getdikcə daha da ölümcül olur. Özü piyada qoşunlarında xidmət etmiş Şou düşünür ki, dronlar getdikcə daha çox “uçan tanklara” bənzəyəcək.
Onun fikrincə, dronları vurmaq çətinləşdikcə, qurudakı qoşunları məhv etmək asanlaşacaq, döyüş meydanlarının müşahidəsi isə daha ucuz başa gələcək. Bu isə deməkdir ki, üzünün rəng kamuflyajı naxışını iki onillikdir dəyişməyən ordu, gözə görünüb daha zəif rəqib tərəfindən öldürülməmək üçün yeni yollar axtarmalıdır.
Deç yazır ki, bütün bunlar ABŞ-ın ənənəvi müharibə manevr üslübü üçün yeni çətinliklər yaradır. Məsələn, ABŞ ordusu son 20 ildə İraq və Əfqanıstan müharibələrində FM dalğaları ilə aparılan kommunikasiyaya güvənib. Halbuki, Rusiya kimi ölkələr döyüş birliklərinin yerini aşkara çıxarıb zərbə endirmək sahəsində daha da ustalaşırlar.
Polkovnik Şou deyir ki, ordu özünün kamuflyaj və maskalanma üslubunu dəyişməlidir: “Sən döyüş maşınını harda istəsən gizlədə bilrəsən. Amma sən döyüş mövqeyinə gedən izləri, tank tırtıllarının izlərini gizlədə bilməzsən. Ayaq izləri də bu qəbildəndir. Odur ki, taktiki səviyyədə biz hərəkətlərimizi, mövqelərimizi, qərargahlarımızı gizlətməyin yollarını axtarmalıyıq”.
"Foreign Policy" yazır ki, polkovnik Şounun 20 ildir işlədiyi bölmə bağlanmaq üzrədir, amma o artıq başqa xidmətlərin başçılarına, məsələn, Ordu Təlimi və Doktrina Komandanlığının rəhbəri general Pol Fank və onun saatlarla Dağlıq Qarabağ müharibəsinin döyüş səhnələrinin videolarını izləyən əsgərlərinə brifinq verməklə məşğuldur.
"AzPolitika.info"
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar