Prezident Tramp və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanından jurnalist Camal Xaşuqcinin yoxa çıxması ilə bağlı bağlı izahat almaq üçün təzyiqlərlə qarşılaşır. Səudiyyəli jurnalist oktyabrın 2-də İstanbulda Səudiyyə Ərəbistanının konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb. Türkiyə təhqiqatçıları onun öldüyünü irəli sürür. Monarx ailəsinin tənqidçisi olan jurnalistin qətli ilə bağlı şübhələr Səudiyyə Ərəbistanı hökuməti üzərinə düşür. Lakin rəsmi Ər-Riyad bu iddiaları rədd edir.
Fəallar Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyi qarşısında Xaşuqcinin yoxa çıxması ilə bağlı cavab almaq tələbi ilə aksiya keçirib. Onlar jurnalistin Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın əmrinə əsasən öldürüldüyü haqda şübhələrini bildirib.
Prezident Tramp səudiyyəlilərlə gərgin vəziyyəti müzakirə etdiyini deyib:
“Mən bunu kimin etdiyini öyrənməliyəm, çünki bəzi adamlar deyir ki, onu orayda daxil olanda görüblər, lakin oradan çıxdığını görməyiblər. Mən başa düşürəm. Amma biz ciddi yanaşırıq. Bu, dəhşətli bir şeydir”.
Hər iki partiyadan qanunvericilər bildirib ki, səudiyyəlilər Xaşuqcinin yoxa çıxmasına görə məsuliyyət daşıyırsa, Tramp administrasiyası bir iş görməlidir.
Cənubi Karolina ştatından respublikaçı senator Lindsi Qraham:
“Bu, münasibətlər üzərində qara buluddur. Mən Səudiyyə Ərəbistanına həmişə dəstək vermişəm. Onlar kəşfiyyat məlumatlarının bölüşdürülməsi məsələsində yaxşı işlər görüb. Bizim İran və sünni islam kimi qarşılaşdığımız ümumi təhlükələr var”.
Konnektikut ştatından demokrat senator Kris Mörfi:
“Əgər Səudiyyə Ərəbistanı ABŞ-da yaşayan şəxsi konsulluqda tələyə salıb öldürürsə, Birləmiş Ştatların Səudiyyə Ərəbistanı ilə bizim hərbi, siyasi və iqtisadi ələqələrimizi nəzərdən keçirməsinin vaxtıdır”.
Ərdoğan da tərəfdarları və opponentləri tərəfindən eyni təzyiqlərlə qarşılaşır.
Yaxın Şərq üzrə beynəlxalq müxbir Borzu Daraği:
“Səudiyyəlilərin vəziyyəti başa düşdüyünü düşünmürəm. Bu, Küveyt deyil. Bu, İordaniya deyil. Bu, belə fəndlərin işlədildiyi Birləşmiş Ərəb Əmirlikləri də deyil. Bu, olduqca spesifik tarixə malik bir ölkədir və xarici ölkələrin burada belə əməliyyatlar keçirməsini xoşlamır”.
Türkiyə mətbuatı Səudiyyə Ərəbistanından 15 nəfərdən ibarət əməliyyat qrupunun keçən həftə Türkiyəyə gəldiyini və jurnalisti öldürüb, onun bədənini hissələrə böldüyü haqda məlumat verib. Belə görünməmiş hərəkət Ərdoğan hakimiyyətinə meydan oxumaq hesab edilir.
Lakin bu həm də Tramp üçün çətinlik yaradır. ABŞ-ın demokrat senatoru Gerri Konnolli “Amerikanın Səsi”-nin türk xidmətinə müsahibəsində deyib:
“Onun xaricə səfər etdiyi ilk ölkə olan Səudiyyə Ərəbistanında dəbdəbə ilə qarşılanması mərasimi və başqa tədbirlərdə Səudiyyə sistemini və Səudiyyə liderliyini sadəlövhlüklə qəbul etdiyi zaman fikrimcə, o, bilməyərəkdən vəliəhddə Səudiyyənin hərəkətlərinə görə məsuliyyət daşımayacağı bir münasibətlər qurulduğu haqda bir təsəvvür yaratmış olub”.
Keçən ildən Birləşmiş Ştatlarda yaşayan Camal Xaşuqci Washington Post qəzetinin yazarı idi.
(Amerikanın səsi)
Paylaş: