Türkiyə prezidenti Rəcəp Tayyip Ərdogan Səudiyyə Ərəbistanından olan jurnalistin İstanbulda müəmmalı ölümü ilə bağlı prokurorluğun qərarını gözlədiyini deyir.
Adı çəkilməyən Türkiyədəki mənbələr bundan əvvəl “Reuters” və “New York Times”-a bildiriblər ki, jurnalist Camal Kaşıqçı Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürülüb.
Ərdogan oktyabrın 7-də bildirib ki, hakimiyyət hazırda bütün kameraların qeydə aldığı görüntüləri və hava limanlarına bütün giriş-çıxışları yoxlayır.
Ərdoganın köməkçisi Yasin Aktay bundan əvvəl “Reuters”-ə bildirib ki, hakimiyyət hesab edir ki, bu işdə Səudiyyə Ərəbistanından olan 15 nəfərin əli var.
Adının çəkilməsini istəməyən digər məmursa deyib ki, Kaşıqçı çox güman ki, Səudiyyə vətəndaşlarından ibarət göndərilmiş xüsusi qrup tərəfindən öldürülüb. Keçmiş qəzet redaktoru olan Kaşıqçı ötən il demişdi ki, Səudiyyə Ərəbistanının Yəmən siyasəti və fərli düşünnənləri boğmasını tənqid etdiyinə görə ondan qisas ala bilərlər.
Məlumata görə, jurnalist sənəd almaq üçün oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna daxil olub. Həmin sənəd ona evlənmək üçün lazım imiş. Onu binayadək müşaiyət edən və bayırda gözlyən nişanlısı jurnalistlərə bildirib ki, Kaşıqçı bundan sonra yoxa çıxıb. Konsulluğun adı çəkilməyən əməkdaşı ittihamın əsassız olduğunu bildirib.
Türkiyənin xarici işlər nazirliyi Səudiyyə Ərəbistanının səfirini çağıraraq məsələyə aydınlıq gətirilməsini istəyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında münasibətlər elə də yaxşı deyil.
(Azadlıq.org)
Paylaş: