Xəbər lenti

Gözlənildiyi kimi, İran da Gorus-Qafan yolunun Azərbaycanın suveren ərazilərindən keçən hissəsinin hərbçilərimiz tərəfindən bağlanmasından narahat olub.

“AzPolitika.info” erməni mətbuatına istinadla xəbər verir ki, İranın Ermənistandakı səfirliyi sözügedən hadisə ilə bağlı narahatçılıq keçirdiklərini bəyan edib.

Səfirliyin adından Ermənistan mətbuatında yayılan məlumatda deyilir ki, İran tərəfi tezliklə sərhəddə yaranan problemlərin həllinə və üçtərəfli razılaşmaya uyğun olaraq, regionda kommunikasiyaların açılması istiqamətində addımlar atılacağına ümid edir. Həmçinin, səfirlik Gorus-Qafan yolunun bağlanması səbəbindən İranın Ermənistanla əlaqələrində problem yarandığını bildirir: “Təəssüf ki, iki gün ərzində şahidi olduq ki, son hadisələr səbəbindən təkcə erməni əhalisinin normal həyatı üçün deyil, İran yüklərinin Ermənistana daşınması məsələsində də problem yaranıb... Ümid edirik ki, Ermənistanla Azərbaycan arasındakı demarkasiya və delimitasiya işlərilə bağlı fikir ayrılığı sülh atmosferində, hər hansı gərginlik olmadan və rabitə kəsilmədən (yolun bağlanmaması nəzərdə tutulur-red.) həll olunacaq.”

İran səfirliyi həmçinin, Ermənistanı tezliklə Gorus-Qafan yoluna alternativ yollar inşa etməyə çağırır: “Biz ümid edirik ki, Gorus-Qafan marşrutuyla bağlı mübahisələrin həlli üçün aparılan danışıqlara paralel olaraq, həm Ermənistan vətəndaşlarına, həm də Ermənistanla ticarət əlaqələrimizin normallaşmasına şərait yaradılması üçün alternativ marşrutların yaxşılaşdırılması və inkişafı işləri sürətləndiriləcək”.

Göründüyü kimi, İran yenə də təkcə Ermənistanla əlaqələrin deyil, xüsusilə “əziyyət çəkən” erməni vətəndaşların qeydinə qalır. 



Ana səhifəyə qayıt        Baxış: 3 893          Tarix: 28-08-2021, 15:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma