Xəbər lenti

İllərdir qarşılıqlı ittihamlar və sanksiyalar nəticəsində böhran yaşanan Türkiyə-İsrail münasibətlərində son vaxtlar müsbət meyllər baş verir. Belə ki, ötən il Türkiyə və İsrailin XİN rəsmiləri arasında 13 ildən sonra ilk dəfə baş tutan telefon danışığı iki ölkənin münasibətləri normallaşdırmaqda maraqlı olduqlarını göstərdi. Bu hadisədən sonra artıq qarşılıqlı ittihamların yerini dövlət rəsmilərinin müsbət bəyanatları əvəz etməyə başladı.

Əlaqələrin müsbət xətt üzrə inkişaf etdiyi bir vaxtda İsrail prezidenti İsaak Hersoqun yaxın vaxtlarda Türkiyəyə səfər edəcəyi açıqlandı. Xarici KİV-lərin məlumatına əsasən, İ.Hersoqun Türkiyəyə səfəri martın 9-10-da baş tutacaq. Səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İ.Hersoq arasında təkbətək görüşün keçiriləcəyi və müxtəlif məsələlərin müzakirə olunacağı bidirilir.

Qeyd edək ki, Türkiyə-İsrail münasibətlərinin pisləşməsinə səbəb 2008-2009-cu illərdə baş verən İsrail-Fələstin qarşıdurması olmuşdu. 2010-cu ildə “Mavi Mərmərə” hadisəsi zamanı Türkiyə vətəndaşları İsrail hərbiçiləri tərəfindən öldürüldükdən sonra isə diplomatik əlaqələr pozulmuş, nəticədə hər iki ölkə qarşılıqlı olaraq öz səfirlərini geri çağırmışdı. Xatırladaq ki, 2007-ci ildə İsrailin sabiq prezidenti Şarl Mişelin Türkiyəyə səfəri iki ölkə arasında dövlət başçıları səviyyəsində baş tutan son ziyarət olub.

Digər diqqət çəkən məqam isə son vaxtlar iki ölkənin xüsusi xidmət orqanlarının birgə həyata keçirdiyi əməliyyatlardır. Məsələn, bir neçə gün bundan öncə Türkiyədə yaşayan israilli biznesmen Yair Gallerə qarşı İran xüsusi xidmət orqanları tərəfindən hazırlanan sui-qəsdin qarşısı məhz Türkiyənin və İsrailin kəşfiyyat qurumlarının (MİT və MOSSAD) birgə əməkdşlığı nəticəsində alınıb.
Mövzuyla bağlı “Orta doğu” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan “AzPolitika.info”-ya şərhində bildirib ki, 10 ildən artıqdır davam edən Türkiyə-İsrail münasibətlərindəki gərginlik 2016-cı ildən tərəflərin diplomatik əlaqələri bərpa etməsilə normallaşmağa başlayıb: “Həmin il tərəflər qarşılıqlı olaraq səfirlər təyin etdilər. Buna qədərki müddət ərzində diplomatik münasibətlər dayandırılsa da, ölkələr arasında ticarət, turizm, iqtisadi və sosial sahədə əməkdaşlıq davam etdi. Hazırda münasibətlərin inkişafı üçün yeni bir fürsət yaranıb. İsraildə hakimiyyətə yeni qüvvələr gəlib. Görünən odur ki, bu qüvvələr Türkiyə ilə münasibətlərin normallaşmasında maraqlıdırlar. Düzdür, İsrail Prezidentinin hökumətə və ölkədə gedən siyasi proseslərə ciddi müdaxiləsi olmasa da, hər halda dünya yəhudilərinin prezidenti olaraq onun Türkiyəyə səfər etməsi simvolik də olsa alqışlanası bir hərəkətdir”.

Ekspert qeyd edir ki, İsaak Hersoqun Türkiyəyə səfəri iki ölkə arasında yeni dövrün başlanğıcı ola bilər: “Yaxın Şərqdə baş verən hadisələr, İran ətrafında gedən proseslər, regionda hələ də terrorun qalması bu münasibətlərin sıx və çoxşaxəli omasını zəruri edən amillərdir. Hesab edirəm ki, İsrail-Türkiyə münasibətləri əvvəlki illərlə müqayisədə daha da inkşaf edəcək. Digər tərəfdən Ukrayna-Rusiya münasibətlərində və NATO blokunda yaranan gərginliklər Türkiyə-İsrail yaxınlaşmasını vacib edən amildir. Çünki həm Türkiyə, həm də İsrail Ukraynanın ərazi bütövlüyünü tanıyır və bu ölkənin təhlükəsizliyinintəmin olunmasının tərəfdarıdır. Ona görə, Ukrayna məsələsi də bu münasibətlərə müsbət təkan verə bilər. Təbii ki, dost və qardaş ölkələrin münasibətlərində gərginliyin olması Azərbaycanın maraqlarına uyğun deyildi. Münasibətlərin normallaşması, Azərbaycan-Türkiyə-İsrail üçtərəfli əlaqələrini daha da möhkəmləndirə bilər.

Düşünürəm ki, İran İslam Respublikası bu hadisələrə hər zaman olduğu kimi tənqidi yanaşacaq. Çünki İranın ənənəvi xətti olan “İsrailə ölüm” şuarı hələ də bu ölkənin gündəmindədir. Ona görə də, İran İsrailin başqa ölkələrlə yaxın münasibət qurmasına daim qısqanclıqla yanaşıb.

Məlum məsələdir ki, Azərbaycanın fərqli ölkələrlə münasibətləri heç vaxt üçüncü bir ölkəyə qarşı olmayıb. Eyni zamanda, Azərbaycan-İsrail münasibətləri də İrana qarşı deyil. Azərbaycan müstəqil ölkə olaraq, istənilən dövlətlə münasibət qura bilər. Bu, beynəlxalq suveren hüquqa tam uyğundur və Azərbaycanın daxili işidir. Qeyd etmək lazımdır ki, İsrail-Türkiyə yaxınlaşması Azərbaycanın xarici siyasətinə də təkan verəcək və regionun təhlükəsizliyini zəmanət altına alacaq. Ümumilikdə isə bu yaxınlaşma təkcə Yaxın Şərqə yox, Cənubi Qafaqazdakı vəziyyətə də müsbət təsir göstərəcək”.



Ana səhifəyə qayıt        Baxış: 3 243          Tarix: 17-02-2022, 21:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma