"Seçkiqabağı kampaniyası dövründə Rusiyaya qarşı nisbətən mülayim mövqeyi ilə seçilən Donald Tramp indi Moskva qarşısına şərt qoyub. Məsələnin maraqlı tərəfi odur ki, ultimatum xarakterli bu çağırış sosial media üzərindən yayımlanıb".
Musavat.com bildirir ki, bu barədə siyasi şərhçi Zeynal Əmrəliyev deyib.
Siyasi şərhçi qeyd edib ki,Tramp hələ vəzifəsinin icrasına başlamamış onun komandası ilə Kreml rəsmiləri arasında danışıqların aparıldığı haqqında məlumatlar var idi və bu təmaslar Tramp səlahiyyətlərinin icrasına başladıqdan sonra daha da sürətlənib:
"Hətta Rusiya nümayəndə heyətinin Vaşinqtona getdiyi və müzakirələrin davam etdiyi bildirilir.
Kəşfiyyat məlumatları üzrə ixtisaslaşmış Intelligence Online saytının iddialarına görə, qapalı təmaslarda Trampın andiçməsindən bir ay sonra – fevral ayında Putinlə görüş keçirilməsi və müharibənin bitirilməsi barədə razılaşma əldə edilib. Hətta qarşıdakı həftələrdə ABŞ və Rusiya nümayəndələrinin yenidən Vaşinqtonda görüşəcəyi deyilir.
Tərəflər arasında müsbət təmasların olduğu bir vaxtda Trampın belə bir açıqlama verməsi şübhəsiz ki, Vaşinqton və Moskvanın müəyyən məsələlərdə anlaşa bilməməsindən qaynaqlanır. ABŞ Ukrayna rəhbərliyinə qəbul etdirməyə nail olub ki, danışıqlar dövründə Rusiyanın ələ keçirdiyi ərazilər üzərində nəzarətini tanısın. Yəni sülh imzalanana qədər həmin bölgələr Rusiyanın əlində qalacaq. Artıq Kiyev “Rus qoşunları ərazilərimizi tərk etmədən danışıqlara başlamayacağıq” demir. Yalnız bunun üçün təhlükəsizlik zəmanəti tələb edir.
Rusiya isə başqa bir tələb irəli sürür: Moskva Kiyevin NATO-ya üzv olmayacağı və bitərəfliyini qoruyacağı barədə bəyanat verməsini, həmçinin Ukraynanın Qərb və Rusiya arasında tərəfsiz bölgə elan edilməsini şərt kimi irəli sürür".
Zeynal Əmrəliyevin fikrincə, ABŞ Rusiyaya bu güzəştləri vermək niyyətində deyil. Donald Tramp Co Baydendən fərqli olaraq, Ukraynanın silahlandırılmasını və Rusiyanın bu yolla sülhə məcbur edilməsini qəbul etmir:
"Ancaq Rusiyaya ağır sanksiyaların tətbiqini nəzərdən keçirir. Ehtimal olunur ki, növbəti hədəf Rusiyanın neft sektoru olacaq. Trampın neftin qiymətini aşağı salmaq siyasəti də məhz Rusiyaya təzyiq vasitəsi kimi nəzərdə tutulub.
Rusiyanın özündə bir çox ekspertlər hesab edir ki, Ukraynada əldə edilən indiki nəticə artıq qələbə sayılmalıdır və hərbi əməliyyatları uzatmağın mənası yoxdur. Ehtimal ki, Kreml mövcud nəticə ilə qələbəni elan edərək müharibəni dayandıracaq və sülh danışıqlarına başlayacaq".
Paylaş: