Xəbər lenti

Elçin Mirzəbəyli: “Tehranın hətta xeyir-dua verməsi təəccüblü qarşılanmamalıdır”

“ABŞ Gömrük və Sərhəd Mühafizəsi komandasının Ermənistana gəlişi konkret ölkə ilə bağlı həssas məsələlərlə bağlı deyil, Ermənistanın sərhəd nəzarətinin səmərəliliyinin artırılması ilə bağlıdır”.

Bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan bildirib. Onun sözlərinə görə, Ermənistan tərəfi İranla bu mövzuda müzakirələr aparıb və bununla bağlı heç bir narahatlıq ifadə edilməyib. “Mən İran tərəfi ilə razılığa gəlməməyimiz üçün heç bir səbəb görmürəm. Münasibətlərimiz görünməmiş yüksək səviyyədədir”, - deyən Ermənistan xarici işlər nazirinin müavini əlavə edib:

Qeyd edək ki, yanvarın 14-də Ermənistan və ABŞ arasında imzalanmış strateji tərəfdaşlıq sazişində əsas razılaşmalardan biri sərhədlərin təhlükəsizliyi ilə bağlıdır. Xartiyaya görə, ABŞ Ermənistana sərhəd təhlükəsizliyinin təminində kömək edəcək. Həmin sənədə uyğun olaraq, sərhəd təhlükəsizliyi ilə bağlı amerikalı mühafizə qrupu iş aparmaq üçün ötən həftə Ermənistana gəlməli idi.

Lakin ABŞ-da yanvarın 20-də Donald Tramp administrasiyasının fəaliyyətə başlaması sabiq dövlət katibi Entoni Blinkenlə imzalanmış sazişin reallaşmasını təxirə salıb. Yəni ABŞ hərbçilərinin razılaşmaya uyğun olaraq, bir həftə sonra Ermənistana gəlməməsi Trampın prezidentliyi dövründə bu xartiyanın həyata keçiriləcəyinə şübhə yaradır. Ona görə də Paruyr Hovhannisyanın açıqlaması rəsmi Vaşinqtona razılaşmanın icrasını xatırlatmaq məqsədi daşıyır. Baş nazir Nikol Paşinyan fevralın əvvəlində ABŞ-a səfəri zamanı Tramp administrasiyası rəsmiləri ilə keçirəcəyi görüşlərdə çox güman ki, sözügedən sazişin həyata keçirilməsini gündəmə gətirəcək. İddialara görə, rəsmi İrəvan ABŞ mühafizə qrupunun İranla sərhəddə yerləşdirilməyəcəyinə dair Tehrana zəmanət verib. Ermənistanın məqsədi ABŞ hərbçilərini Azərbaycanla şərti sərhəddə yerləşdirməkdir və İran buna razılıq vermiş kimi görünür.

Bu barədə Milli Məclisin deputatı Elçin Mirzəbəyli “Yeni Müsavat”a şərhində bildirdi ki, İran Ermənistana, erməni diasporu və erməni lobbisinə Qərblə münasibətlərinin tənzimlənməsində, yola qoyulmasında bir vasitəçi kimi yanaşır: “Əslində bu gün rəsmi Tehranın Qərbə yönəlik ritorikasının təməlində heç bir səmimiyyətinin olmadığını hər kəs bilir. İranın savaşı bölgədə Qərbə daha yaxın olmaq üçündür. Bəzən onu diqqətdən kənarda qoyanda qəzəblənir. Amma diqqət yetirəndə isə mövqeyində müəyyən dəyişikliklərin nəzərə çarpması özünü büruzə verir. Bu baxımdan deyə bilərəm ki, bəşər tarixində bəlkə də belə ikiüzlü, riyakar sistem olmayıb və qənaətimə görə, olmayacaq. Bu aspektdən də Amerika Birləşmiş Ştatlarının hərbçilərinin mühafizə qrupu adı altında de-fakto Ermənistan ərazisinə gəlməsi əslində İran tərəfindən daha öncə də təqdir olunan bir yanaşmadır. Prinsip etibarilə bu gün İran Qərb hərbçilərinin müşahidə missiyası altında Ermənistanda fəaliyyət göstərməsinə indiyə qədər hər hansı formada reaksiya verməyib. Artıq xeyli müddətdir Avropa İttifaqının müşahidə missiyası Ermənistanda yerləşib. Lakin İran buna da qarşı mövqe nümayiş etdirmir. Biz İranın bu addımlardan xüsusi bir narahatlıq keçirdiyinin şahidi olmamışıq. Çox güman ki, ABŞ-ın Gömrük və Sərhəd Mühafizəsi qüvvələri adlanan bir təsisatının Ermənistana yerləşdirilməsi ilə bağlı İran daha öncə də diplomatik təmaslara keçib və Birləşmiş Ştatlar birbaşa İranı bu məsələ ilə bağlı məlumatlandırıb. Hətta çox güman ki, ABŞ-la Ermənistan arasında müvafiq xartiyanın imzalanmasından öncə İranla danışılıb. Ona görə də bu hadisə İran üçün sadəcə sıradan bir hadisə kimi qəbul edilir. Çünki İran rejiminin bütün tarixi, mahiyyəti belə oyunlar və xəyanətlər üzərində qurulub”.

Deputat hesab edir ki, məsələyə bu aspektdən yanaşsaq, İranın ABŞ hərbi qüvvələrinin Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsinə də razılıq, hətta xeyir-dua verməsi təəccüblü qarşılanmamalıdır: “Qənaətimə görə, indiki şəraitdə İran əslində hər dəfə "Ermənistanın sərhədləri İranın qırmızı xəttidir" bəyanatını verəndə məhz bu gün həmin o mühafizə qrupunu göndərən tərəfin də mövqeyini ifadə edirdi və edir. Amma mühafizə qrupu və ya nə gəlirsə-gəlsin, bu, bölgədəki reallıqların dəyişməsinə zəmin yaratmayacaq. Düşünürəm ki, artıq İran adlı ölkə bölgədə bu xəyanətkar oyunlarını uzun müddət həyata keçirmək potensialına sahib deyil və zaman bunu sübuta yetirəcək".




Ana səhifəyə qayıt        Baxış: 4 823          Tarix: Dünən, 10:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma