Xəbər lenti
Dünən, 23:44
Dünən, 22:58
Dünən, 20:16
Dünən, 18:31
Dünən, 12:20
Dünən, 10:21
11-01-2025, 22:26
11-01-2025, 22:10
11-01-2025, 21:15
11-01-2025, 20:45
11-01-2025, 19:53
11-01-2025, 18:20
11-01-2025, 17:50
Rəsmi Bakı strateji müttəfiqlərini bir araya gətirməyə çalışır: Azərbaycan diplomatiyası beynəlxalq səviyyəli uğura imza ata bilər
ABŞ-dan yayımlanan “Axios” saytı “Azərbaycan Türkiyə ilə İsrail arasında vasitəçilik edir” başlığı altında təhlil yazısı təqdim edib. Barak Ravidin Təl-Əvivdən göndərdiyi məqalədə deyilir: “Türkiyə və İsrail Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Ermənistan üzərində qələbə çalmasında açar rol oynayıb. Azərbaycan prezidenti İlham Əliyev bu iki müttəfiqi arasında münasibətlərin düzəlməsi üçün cəhdlər edir. İsrailin yüksək məqamlı məmuru mənimlə söhbəti zamanı bunu etiraf etdi”.Müəllif yazır ki, Türkiyə və İsrail istehsalı olan dron və digər silah sistemləri Azərbaycana Ermənistan üzərində hərbi üstünlük əldə etməyə kömək edib. Ancaq son onillikdə Türkiyə ilə İsrailin münasibətlərində soyuqluq yaranıb.
Rəcəb Tayyip Ərdoğanla son telefon danışıqlarının birində Azərbaycan prezidenti İsrail-Türkiyə münasibətlərində mövcud olan gərginliklə bağlı məsələyə toxunub.
“Axios”un əldə etdiyi bilgilərə görə, İlham Əliyevin məsləhətçiləri İsraildən olan həmkarlarına bildiriblər ki, cənab Ərdoğan iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması ilə bağlı təklifə müsbət cavab verib.
Cənab Ərdoğan bir vaxtlar İsrail əleyhinə kəskin bəyanatlarla çıxış edib. Ancaq İlham Əliyevin məsləhətçiləri deyirlər ki, cənab Ərdoğan İsrailə qarşı deyil. Sadəcə o vaxt onun məsləhətçiləri yanlış mövqedə olublar. Artıq həmin məsləhətçilər öz iş yerlərini tərk ediblər.
Azərbaycanın xarici işlər naziri son telefon zənglərindən birində İsraildən olan həmkarı Gabi Ashkenazi-yə deyib ki, Azərbaycan düşünür ki, İsrail ilə Türkiyənin münasibətlərini yaxşılaşdırmaq üçün indi çox münasib vaxtdir.
Yazar vurğulayır ki, İsrail rəsmisi mənə dedi: “Prezident Əliyev və onun yüksək ranqlı məsləhətçiləri deyirlər ki, onlar hər iki dəyərli dostlarının - Türkiyə və İsrailin -geridə qalmış normal münasibətlərə dönməsini istəyirlər və bunun baş tutması üçün çalışırlar”.
Amerika nəşri xatırladır ki, 2008-ci ildə baş vermiş Qəzza müharibəsi zamanı İsrail-Türkiyə əlaqələri pisləşib. 2010-cu ildə isə Qəzzaya yardım aparan “Mavi Mərmərə” gəmisi İsrailin məhəlli sularına daxil oldu. Gəmidə olan fəalların İsrailin tətbiq etdiyi blokadanı yarıb keçmək cəhdinin qarşısı sərt şəkildə alındı. Həmin olaydan sonra bu iki ölkə arasındakı münasibətlər tamamilə sıradan çıxdı.
2013-cü ildə ABŞ prezidenti Barak Obama tərəflər arasında barışa nail olmaq üçün Tayyip Ərdoğan və Benyamin Netanyahu ilə telefon əlaqəsi saxladı. Bu danışıqlar 2016-cı ilə qədər uzandı. 2 il sonra Məbəd dağında (Qüdsdə olan köhnə şəhərin ən əsas dini mərkəzlərindən biri) yaşanan böhran bu danışıqları iflasa uğratdı.
Məqalədə deyilir ki, son aylarda Türkiyənin İsrail ilə əməkdaşlığı bərpa etmək istəyində müəyyən əlamətlər nəzərə çarpır. Aralıq dənizinin şərqində təbii qaz axtarışı ilə bağlı Yunanıstan və Kiprlə problem yaşayan Türkiyənin İsrail ilə anlaşmaq fikrində olduğu ehtimal edilir. Ancaq İsrail Yunanıstan və Kiprlə münasibətləri korlamaq hesabına Türkiyə ilə anlaşmaqdan çəkinir.
Göründüyü kimi, Türkiyə ilə İsrail arasında Azərbaycanın vasitəçiliyi ilə danışıqların getməsi artıq beynəlxalq səviyyədə etiraf olunur. Rəsmi Bakı üçün bu danışıqların müsbət sonluqla yekunlaşması son dərəcə önəmlidir. Ötən yazılarımızın birində qeyd etmişdik ki, yeni Co Bayden administrasiyası üçün Türkiyə-İsrail anlaşması xüsusi önəm daşıyır. Və bu anlaşma ABŞ və Avropa Birliyi ilə Türkiyə arasında mövcud olan gərginliyin aradan qalxmasında katalizator rolu oynaya bilər. Xarici siyasətdə çevikliyi ilə seçilən Türkiyə bu problemin aradan qalxmasının ölkənin çıxarlarına uyğun olduğunun fərqindədir. Ona görə də əminliklə demək olar ki, Azərbaycanın vasitəçiliyi ilə Türkiyə ilə İsrail arasında gedən danışıqların müsbət nəticəsi tezliklə rəsmiləşəcək. Heç şübhəsiz ki, bu, həm də Azərbaycan diplomatiyasının beynəlxalq səviyyədə böyük uğuru sayılacaq.
Elbəyi Həsənli, Sürix
Azerbaijan seeks to mediate between Turkey and Israel - Axios
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər