Xəbər lenti

Azərbaycan ərazilərinə müvəqqəti “qonaq” gələn Rusiya sülhməramlıları keçmiş Laçın dəhlizindəki, Laçın şəhərindəki və ətraf kəndlərdəki postları sökürlər.

Beləliklə, 10 Noyabr Bəyanatının 6-cı maddəsinin tələbləri vaxtından əvvəl yerinə yetirilir: Rusiya sülhməramlıları Laçın şəhərindən və ətraf kəndlərdən çıxır və Qarabağla Ermənistanın əlaqəsini təmin edən alternativ marşruta yerləşirlər.

Bundan sonra isə Azərbaycan Respublikası hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyinə verdiyi zəmanəti icra etmək mexanizmlərini işə salacaq.

Buna görə də Qarabağdakı və Şərqi Zəngəzurun Laçın hissəsindəki təhlükəsizlik şəraitinə dair ətraflı təhlillər hazırlanıb dövlət rəhbərliyinə təqdim olunacaq.

Proseslər Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşı olub-olmayacaqları barədə sualı aktual mövzu kimi saxlayır, bunun hansı formada nəticələnəcəyi isə hələ də havadan asılı vəziyyətdə qalır.

Hərçənd ki, Qarabağ ermənilərinin içərisindəki “nüfuz sahibləri” Ermənistandan əllərini üzərək Azərbaycanla bir bağlantı qurmağa can atırlar və onlar Bakının şərtlərini, vətəndaşlıq üçün təqdim etdiyi kriteriyaları mülki ermənilərə çatdırırlar.

Qarabağ ermənilərinin taleyi onların seçəcəyi mövqedən asılıdır, əgər onlar Azərbaycan vətəndaşı kimi yaşamaq istəsələr, bu zaman Bakı Konstitusiya əsasında bu istiqamətdə aidiyyəti çərçivə və hüquqi yanaşmalar hazırlayacaq.  

Əgər mülki ermənilər Ermənistana üz tutsalar, Azərbaycan yalnız onların gedişinin təhlükəsizlik şərtləri altında baş tutmasını təmin edəcək və onların seçiminə hörmətlə yanaşacaq.

Ortalıqda qalan erməni silahlıları isə mülki vətəndaş qılığına girə bilməyəcəklər, yəni Azərbaycan Konstitusiyasını qəbul edib yaşamağa cəhd etsələr, bu, onlar üçün bir az ağrılı olacaq.

Birinci növbədə, onlar Azərbaycan bayrağı altına keçmək istəyirlərsə, tərksilah edilməlidirlər və ya silahı könüllü şəkildə yerə qoymalıdırlar, sonrakı mərhələdə isə Azərbaycanın cəza qanunları ilə mühakimə olunmalıdırlar.

Qanunsuz erməni hərbi birləşmələrinin nümayəndələri Azərbaycan həbsxanalarında islah edildikdən sonra vətəndaşlıq məsələləri həll edilə bilər.

Azərbaycanın cari fəaliyyəti daha çox Xankəndidəki, Xocalıdakı, Ağdərə şəhərindəki təhlükəsizlik şəraitinin düzgün qiymətləndirilməsinə köklənib. Elə bir konfiqurasiya qurulmalıdır ki, gələcəkdə burada yaşamağı seçəcək ermənilərin hər hansı terror fəaliyyətlərinin cücərtisi belə görünməsin.

Yəni postmünaqişə reallıqlarının təhlükəsizlik sferasının strateji əsaslı analizləri diqqətli hazırlanır ki, perspektivdə müşküllər ərsəyə gəlməsin.

Azərbaycan Laçın şəhərinə və ətraf kəndlərə konstitusion nəzarətini bərpa etdikdən sonra üfüqlərdə qalan bir sıra düyünlərin açılması daha da asanlaşacaq.

Azərbaycan tədrici proseslərlə Rusiya sülhməramlı kontingentinin ölkədən çıxarılması üçün mühit hazırlayır və bu istiqamətdəki hərəkətlilik sürət qazanacaq.

oxu.az 




Ana səhifəyə qayıt        Baxış: 3 155          Tarix: 25-08-2022, 16:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma