Xəbər lenti

“Dövlət naziri” Vardanyan sığınacaqlar üçün göstəriş verdi, yenə “hərbi variant” dedi...

Noyabrın 4-də Qarabağdakı qondarma rejimin “dövlət naziri” təyin edilən Ruben Vardanyan Xankəndidə əhalinin müharibə hazırlıqlarına başlayıb. Belə ki, dekabrın 9-da “dövlət naziri” mülki müdafiəyə cavabdeh olan bütün “idarələrin rəhbərlərinin” və “məsul şəxslərin” iştirakı ilə geniş müşavirə keçirib. Görüşdə “artsaxın Mülki Müdafiə Planı təqdim edilib “, sənəd üzrə təkliflər təqdim olunub. Qeyd olunub ki, “mövcud çağırışlar həyati əhəmiyyətli” sənədin hazırlanması vacib edib.

Ruben Vardanyan mülki müdafiənin lazımi səviyyədə təşkilini əhalinin təhlükəsizliyi baxımından prioritet vəzifə hesab edərək, bunun da “hökumətin” fəaliyyətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. O, tapşırıq verib ki, mülki müdafiə bölmələri əlaqələndirilmiş iş rejimi qurulmalıdır, eləcə də əhali arasında təlimlər təşkil edilməlidir. Vardanyanın göstərişi ilə mülki müdafiə sahəsinə aid işçi qrupu yaradılıb.

Elə həmin gün Vardanyan Xankəndinin “mer”i David Sərkisyanının iştirakı ilə “paytaxt” bələdiyyəsinə daxil olan ərazilərin rəhbər şəxsləri ilə də görüşüb. Əsas diqqət isə Xankəndində əhalinin vəziyyəti müzakirə olunub. Bu toplantıda da əsasən, “paytaxtda” sığınacaqlar və əhalinin təhlükəsizliyi mövzusu olub.

İki gün əvvəl işğal altında qalan Əsgəranda olan Vardanyan deyib ki, Qarabağda sülhün əldə olunması üçün bölgədə yaşayan ermənilərin birləşməsi və zərbəni bir nöqtəyə vurması lazımdır. “Heç bir müqavilə bu məsələni həll edə bilməz. Biz güclü olmalıyıq, birləşməliyik ki, məsələni bizim üçün qəbuledilməz şəkildə həll edə bilməsinlər. Biz bütün istiqamətlərdə mübarizəmizi davam etdirməliyik: diplomatik, hərbi, siyasi, informasiya. Biz ayıq olmalıyıq”.

Erməni milyarder Laçın dəhlizinin müvəqqəti bağlanmasına da toxunub. O deyib ki, bu prosesə hazır olmalıdırlar. “Biz buna qarşı hər vasitə ilə mübarizə aparmalıyıq. Bu reallıq həm problemlərin diaqnostikasında, həm qərarların qəbulunda, həm də ümumi iş üsullarında bizdən tamamilə fərqli yanaşmalar tələb edir”.

Vardanyanın əvvəldən də “sülh göyərçini” olmadığı aydın idi. Amma əvvəlki açıqlamalarında sözlərinə “diplomatik ağırlıq” verməyə çalışan Vardanyanın tezliklə iç üzü açıldı. İndi daha tez-tez özündə cəsarət tapıb “hərbi müqavimət”dən danışır. Ötən ay Vardanyan “Kommersant” qəzetinə müsahibəsində də Azərbaycan dövlətinə və xalqında qarşı təhdidlərlə çıxış etmək cəsarəti göstərmişdi. “Qarabağın statusu onunla müəyyən edilir ki, hətta beynəlxalq hüquqa uyğun olaraq tam müəyyən edilməsə belə, status-kvonun qorunub saxlanması aydın başa düşülməli və qəbul edilməlidir. Həm Azərbaycan rəhbərliyi, həm də Azərbaycan xalqı tərəfindən qəbul edilməlidir. Artsax xalqını məhv etmək cəhdi, bunu hərbi yolla həll etmək cəhdi Azərbaycana baha başa gələcək. Həm birbaşa qurbanlar baxımından, həm beynəlxalq məkanda itkilər baxımından, həm də bütün bunların bumeranq effekti verməsi baxımından” – deyə, “dövlət naziri” bildirib.




Ana səhifəyə qayıt        Baxış: 3 652          Tarix: 10-12-2022, 14:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma