![](/templates/Wmediat51/images/vetendash.jpg)
Politoloq Natiq Mirinin “Yeni Sabah”a müsahibəsi:
- Ermənistanın “Hraparak” qəzeti yazıb ki, Qarabağdakı separatçı rejim “rəhbərliyi”ndə qarşıdurmalar səngimək bilmir. Belə ki, “DQR”in “prezidenti” Araik Arutyunyan sülhməramlıların müşayiəti ilə Moskvaya gedib və Rusiyadan Qarabağdakı əsas tərəfdaşını seçməyi xahiş edib...
- Qarabağda baş verən hazırıkı böhranın əsas səbəkarı kimi Ruben Vardanyan görünür. Böhranı süni şəkildə yaradan Vardanyandır. Bu da perspektivdə Qarabağdan ermənilərin kütləvi köçünə və separatçı rejimin tamamilə ləğvi ilə nəticələnə bilər.
Bu baxımdan, qondarma rejimin "rəhbərliy"ində narahatlıq var ki, Vardanyan amili aradan qaldırılmalıdır. Ona görə də bu məsələni Rusiya ilə razılaşdırmaq istəyi var. Çünki Arutyunyanın elə bir səlahiyyəti və imkanları mövcud deyil ki, o, indiki vəziyyətdə qərarlar versin.
- Yəni deyirsiniz ki, Ruben Vardanyan “köhnə qvardiya”nı taxtından endirib...
- Bəli, çünki "Vardanyan layihəsi" Rusiyaya məxsusdur. Onun haqqında Moskva ilə məsləhətləşmədən Arutyunyan qərar vermək istəmir. Çünki özbaşına addım Araikin özü üçün də faciə yarada bilər.
"Vardanyan layihəsi" geosiyasi bir layihədir. Bu, konkret şəkildə Qarabağda separatçı rejim və Qarabağ erməniləriylə məhdudlaşacaq bir məsələ deyil. Rusiya hakimiyyəti Qarabağda Vardanyanı legitimləşdirib, erməni ictimai rəyində qəhrəmanlaşdırandan sonra 1997-1998-ci illərdə Ermənistanda Robert Koçaryan variantı necə həyata keçirildisə, eynilə, Vardanyan variantı ilə də Rusiyayönümlü kukla bir rejim yaratmaq istəyir.
- Moskvanın konkret seçimi kim ola bilər?
- Seçim Arutyunyan ola bilməz. Çünki perspektivsiz və ölü bir siyasətçidir. İndiki vəziyyətdə Rusiyanın maraqlarına uyğun gəlmir. Fikrimcə, Rusiya böhranın bu şəkildə davam etməsində maraqlıdır. Çünki Qarabağ amili Rusiyanın təzyiq mexanizmi olaraq aradan qalxarsa, Azərbaycan və Ermənistana təsir imkanları sıfıra enəcək.
Artıq 50 gündən çoxdur ki, Laçın yolunda Azərbaycan QHT-ləri və ekoloqlarının etirazlarına baxmayaraq, problem hələ də çözülmür. Əslində, problemi çözəcək və qərar verəcək Rusiyadır. Bunu Ermənistan hökuməti də birmənalı deyir və Rusiyadan tələb edir.
- Qeyd etdiniz ki, böhranı yaradan Rusiyadır. Sizcə, “Vardanyan ssenarisi”ndə Rusiya üçün bu vaxta qədər hər hansısa bir müsbət hadisə baş verib?
- "Vardanyan layihəsi" konkret siyasi nəticələr verə bilməyib. Azərbaycan siyasi elitası bəyan etdi ki, Ruben Vardanyanla heç bir danışıqlar ola bilməz. Bu da indiki məqamda Rusiyanı çətin vəziyyətə salıb. Rusiya indiki qeyri-müəyyənlikdən istifadə etməklə hələlik zaman qazanmağa çalışır.
- Vardanyan alınmasa, alternativ kim ola bilər?
- Artıq ABŞ-ın Cənubi Qafqaz üzrə yeni nümayəndəsi təyin edildi. Bu da onu göstərir ki, Cənubi Qafqaz danışıqlarında ABŞ aktivləşməyə üstünlük verir. Digər tərəfdən, Aİ-nin 2 illik müşahidə missiyası mövcuddur. Bu proseslər Rusiyanı tədricən bölgədən sıxışdırılmağa hesablanıb.
Ermənistanın tələbləri Rusiya tərəfindən yerinə yetirilməyib və belə imkanlar da mövcud deyil. Ona görə də prosesi sabotaj etməyə üstünlük verəcək və alternativ platformaların dövriyyəyə girməsində daha çox maraqlı olacaq.
Paylaş: