Xəbər lenti

Qırğızıstan Prezidenti Sadır Japarovun Feysbuk səhifəsində qədim türk tarixi ilə bağlı paylaşdığı post sözün əsl mənasında Rusiyada “lixoradka”ya səbəb olub. Japarov paylaşımında “Böyük imperiyalar yaradan, Avrasiya məkanında xalqları məskunlaşdıran qədim qırğızların indiki durumu necədir?”deyə yazıb və IX srdə Qırğız xaqanlığının xəritəsini əlavə edib.

Axar.az xəbər verir ki, bəzi rus mediası və şovinist fikirli politoloqlar bu paylaşıma müxtəlif “don geyindirib”, əks reaksiya veriblər.

Həyəcan içində şərh verməyə tələsən rus politoloqlar Qırğızıstandakı böyük türk tarixinə meyilli çıxışları heç də xoş qarşılamırlar:

“Bu nə deməkdir? Ərdoğanın Böyük Turan bayrağını indi Bişkek qaldırır?”

Deyəsən, son zamanlar Qırğızıstanın xarici investorlar üçün maraq zonasına çevrilməsi, Daşkəndlə sərhəd mübahisələrinin həlli, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisinə başlanması ilə bağlı strateji qərar, Qırğızıstanda ən böyük qızıl mədəninin - Kumtorun milliləşdirilməsi bir çox “rus beyinlərin” ürəyincə deyil.

Yeri gəlmişkən, Japarovun paylaşımına paralel olaraq Qırğızıstanın altı prezidenti, hazırkı Japarov və əvvəlki beş prezident - Akayev, Bakiyev, Otunbayev, Atambayev və Jenbekovun Dubayda keçirilən görüşü də rus mediasında həyəcan yaradıb:

“Qırğızıstanın siyasi həyatında son günlər baş verənlər və bunun nələrə gətirib çıxara biləcəyi ilə bağlı məntiqi izahat vermək cəhdləri dalana dirənir. Ancaq eyni zamanda bir izahat da var. Və bu, eks-prezident Almazbek Atambayevin adı və onun bu yaxınlarda azadlığa çıxması ilə bağlıdır. Atambayevin azad edilməsində əsas məqam onun buraxılması tarixidir. O, azadlığa buraxılanda ölkə prezidenti Japarov Macarıstanda səfərdə olub. Japarov özü mediaya müsahibəsində Atambayevin azadlığa buraxılmasını şərh edərkən bildirib ki, məhkəmənin qərarına itaət etməlidir”.

Ruslar qeyd edirlər ki, bütün bu prosesdə açıq-aydın Qərb izi var:

“Azadlığa çıxandan sonra sabiq prezident müalicə üçün İspaniyaya gedəcəyini açıqlayıb. Azadlığa çıxan gecə və birinci şəxsin ölkəyə qayıtmasına sözün əsl mənasında yarım saat qalmış Atambayev Bişkek-Dubay reysi ilə Qırğızıstanı tərk edərək İspaniyaya yollanır. Atambayevin azad edilməsinin arxasında İspaniya hökumətinin başçısı Pedro Sançes dayanır. Dəqiq desək, təkcə İspaniyanın rəhbəri deyil, İspaniya Sosialist Fəhlə Partiyasının lideri və Sosialist İnternasionalının prezidentidir. Məhz Sosialist İnternasionalı unudulmuş Atambayevə real dəstək verdi. Sosialist İnternasionalının baş katibi Luis Ayala həbsdə olan eks-prezidenti ziyarət etdi və bunun ardınca Sosialist İnternasionalı Şurasının Atambayevi dəstəkləyən qətnaməsi yayımlandı. 10 yanvar 2023-cü il - İspaniya hökumətinin başçısı Pedro Sançesin zəmanəti ilə Atambayevin İspaniyada müalicə olunmaq üçün buraxılması xahişi ilə Japarova məktub yollandı. Təəccüblü bir təsadüf nəticəsində, məhz İspaniyada Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri Kamçıbek Taşiyevin həyat yoldaşı və kiçik oğlunun yaşadığı daşınmaz əmlakı var. Bu təsadüf Atambayevin hazırkı prezident Japarovla barışmağa razı salmağa çalışan Türkiyəyə meyilliliyi ilə seçilən MTN rəhbəri Taşiyevlə dil tapması barədə şayiələri təsdiqləyir”.

Qeyd olunur ki, keçmiş prezidentin bu şəkildə azadlığa buraxılması əməliyyatı yalnız Qırğızıstanın “çekistlərinin” əli ilə ola bilərdi:

“İnqlab üçün yalnız bir şey çatışmır - Şimal elitasını və Bişkek küçələrini müxalifətə açmağa qadir olan əsl siyasi lider. Bu şəxs isə Atambayevdir”.

Rusiyalı politoloqlar hesab edir ki, bu gün Qırğızıstanın sabitliyində ən çox maraqlı tərəf Rusiyadır:

“İqtisadiyyata ən böyük investisiyaların arxasında da ruslar dayanır və Rusiyadan pul köçürmələri ölkənin ÜDM-nin üçdə birinə qədərini təşkil edir. İqtisadi və hərbi-siyasi sahələrdə isə Moskva hazırkı lider Japarovla kifayət qədər ardıcıl və güclü razılaşmalar hazırlayıb. Bütün digər siyasi hadisələrdə, o cümlədən eks-prezident Atambayevin azadlığa buraxılması və ölkənin hazırkı siyasi rəhbərliyinin dəyişdirilməsinin mümkün ssenarilərində isə Qərb maraqlı görünür”.

Müəllif: Zeynəb Əkbər




Ana səhifəyə qayıt        Baxış: 3 305          Tarix: 21-02-2023, 17:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma