Xəbər lenti
Bu gün, 11:47
Dünən, 23:00
Dünən, 16:41
Dünən, 14:19
Dünən, 12:48
Dünən, 10:47
19-11-2024, 23:12
19-11-2024, 23:00
19-11-2024, 21:52
19-11-2024, 21:00
19-11-2024, 19:22
Həbsxanadan azad olunaraq bu ilin yanvar ayının 10-da Qırğız seçicilərinin önünə çıxarılan və 80% səs alıb ölkə prezidenti seçilən Sadır Caparov deyəsən Rusiya qarşısında borcunu qaytarmağa qərar verib. Qırğızıstan parlamentinin 3-cü oxunuşda qəbul edib prezidentin təsdiqinə göndərilən “Qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsi qaydaları haqqında (Qrant) Qanun” layihəsini ancaq belə qiymətləndirmək olar.
Ovqat.com-un məlumatına görə, Qırğızıstanda bu qanun layihəsinin ərsəyə gətirilməsində "Moskvanın barmağı" olduğuna inananların sayı durmadan artır. Xüsusilə Qərb tərəfindən maliyyələşdirilən QHT rəhbərləri bu fikirdədirlər.
Onların fikrincə, Caparov hökuməti “Qrant” haqqında qanundan istifadə edərək ölkədə uzun illərdən bəri formalaşan demokratik təsisatları sıradan çıxara bilərlər. Bu da təkcə Qırğız hakimiyyətinin deyil, eyni zamanda Rusiya və Çinin maraqlarına uyğundur. Hakimiyyət isə qanun layihəsinin vacibliyini əsaslandırmaq üçün müxtəlif “arqument”lər irəli sürür. Başlıca arqumentləri isə bunlardır:
1. Qərb tərəfindən maliyyələşdirilən bəzi QHT-lər ölkənin siyasi həyatına mənfi təsir göstərirlər. Onların beynəlxalq təşkilatlar tərəfindən dəstəklənməsi hökumətdən daha güclü hala gəlməsinə şərait yaradır. Bu zamanadək Qırğızıstanda tez-tez baş verən hakimiyyət dəyişikliklərində həmin QHT-lərin xüsusi rolu var və onlar nəzarət altına alınıb zəiflədilməlidirlər.
2. QHT və hüquq müdafiəçisi kimi çıxış edən təşkilatlar təkcə hökumətin əl-ayağına dolaşmaqla qalmır, həm də dini liderlərin, sahibkarların, jurnalistlərin işlərinə də fəal müdaxilə edirlər. Nəticədə cəmiyyəti rahatlıqla öz ətraflarına toplayıb ölkədəki onsuz da kövrək olan sabitliyi poza bilirlər.
3. Bu QHT-lər ölkənin iqtisadi, siyasi, hərbi və s. kimi sahələri barədə məlumat toplayıb, xarici sponsorlarına göndərirlər. Dolayısıyla Qərbin regiondakı xəfiyyə təşkilatları kimi fəaliyyət göstərirlər.
4. Xaricdən aldıqları maliyyəni təyinatı üzrə xərcləmirlər. Nəticədə həm də bağlı olduqları beynəlxalq təşkilatları aldadırlar. Məhz bu səbəbdən yeni qanun layihəsində QHT-lərin təkcə aldıqları qrantların qaynağı yox, həm də onların hara xərcləndiklərinə dair məlumatların dəqiq göstərilməsi və Qırğızıstan Ədliyyə Nazirliyinin saytında məcburi dərc etdirilməsi tələb olunur.
5. QHT-lərin bəzi qanunların qəbul edilməsinə lobbiçilik etməyə və bəzilərinin qarşısını almağa çalışdığı halları da az deyil. Adətən bu lobbiçilik fəaliyyəti Rusiyanın imperial maraqlarına qarşı yönəldiyindən Moskvanı xeyli qəzəbləndirir və bu cür QHT-lərin “əhədini üzməyə” məcbur edir. Məsəl üçün Qırğızıstanın Aİİ-yə qoşulmasının qarşı ölkədə fəal şəkildə aparılan informasiya savaşı kampaniyasını göstərmək olar. Bu kampaniya çərçivəsində bütün təzyiq alətləri – özlərinə yaxın olan deputatların və məmurların təzyiqi, müstəqil KİV-də məqalələr, həmçinin etiraz aksiyaları işə salınmışdı. Bu dalğa o qədər güclü olmuşdu ki, 2020-ci ilin may ayında keçirilən Aİİ-nin onlayn sammitində Qırğızıstanın o zamankı prezidenti Sooronbay Ceenbekov ittifaqa qarşı sərt fikirlərini dilə gətirmişdi. Onun fikrincə, Avrasiya İqtisadi İttifaqı iqtisadi əməkdaşlıq siyasətini düzgün qurmadığından Qırğızıstanın ticarət dövriyyəsi günü-gündən azalır, ölkə post-sovet məkanında qida məhsulları sahəsində ən yüksək inflyasiya ilə üz-üzədir.
Təsadüfi deyil ki, Ceenbekov həmin üsyandan az sonra keçirilən parlament seçkilərində ağır şəkildə cəzalandırıldı. 2020-ci il 4 noyabr parlament seçkilərində saxtakarlıqların baş verdiyi ittihamı ilə xalq üsyana qalxdı və 10 gündən sonra Ceenbekov devrildi. Həmin vaxt həbsxanada yatan indiki prezident Caparov xalqın tələbilə azadlığa buraxıldı və növbədənkənar prezident seçkilərinə qatıldı. Yanvarın 10-da nəinki Qırğızıstan, hətta dünya tarixində nadir görünən səs üstünlüyü ilə (80%) ölkənin ən yüksək postunda əyləşdi. Həbsxanadan prezidentliyə yüksəlişin əsl səbəbi isə, təbii ki, onun Moskvadan lazımi dəstək alması idi. Məntiqlə, yeni prezident Qırğız xalqının Moskvanın xətrinə dəyəcək bu cür qəbahətlərə bir daha yol verməməsi üçün problem kökündən həll etməli idi və edir də. Bunun ən gözəl yolu isə “Qrant” haqqında qanunun qəbul edilməsidir və bu istiqamətdə bütün maneələr aşılmış kimidir. Bircə prezidentin əlinə qələm alıb parlamentin 3-cü oxunuşundan keçən layihəyə imza atması qalıb.
O başqa məsələdir ki, Caparovun cəmi 1 neçə saniyəlik vaxtını alacaq bu imzanı atması o qədər asan iş deyil. Zira Qırğızıstanda demokratik ənənələrin oturuşması ilə güclənən Rusiya ilə Qərb arasındakı rəqabətin indiyə qədərki ən böyük zərərçəkənləri prezidentlər olublar. Sovet hökumətinin dağılması ərəfəsində - 1990-cı ilin 27 oktyabr tarixində Qırğızıstanın ilk prezidenti vəzifəsinə gətirilən Əsgər Akayev ölkənin ən uzun siyasi “ömürlü” rəhbəri olmasına baxmayaraq, 2005-ci ildə baş verən məxməri inqilabla devrildi. Akayevdən sonra Qırğızıstanda prezidentlik uğrunda mübarizələr əsl siyasi böhrana çevrildi. Demək olar ki, bütün prezidentlər normal səlahiyyət müddətini ya tam başa vura bilmədilər, ya da daha sonra hesabatlarını verəcəkləri ağır imtahandan keçdilər.
Akayevdən sonra 2005-ci ildə “məxməri inqilab”la hakimiyyətə gətirilən Kurmanbek Bakiyev 2010-cu ilin aprelində baş verən xalq qiyamı nəticəsində istefa verib ölkədən qaçdı. Halbuki, Qırğız qanunvericiliyinə görə, prezidentlik müddəti 6 ildir və Bakiyevin daha bir ildən artıq ölkə rəhbəri olmaq səlahiyyəti vardı. Bakiyevin Rusiyaya bağlı siyasəti belə, onu öz postunu vaxtından əvvəl təhvil verməkdən xilas edə bilmədi.
Onun yerinə müvəqqəti hökumətə rəhbər kimi seçilən Roza Otunbayeva postunu 2011-ci il seçkilərini qazanan Almazbek Atambayevə ötürdü. Almaz Atambayev normal səlahiyyət müddətini öz postunda başa vursa da, siyasi böhran içərisində ən çox çabalayan və sonunda ən ağır cəzalandırılan prezident kimi qırğız tarixinə düşdü.
Zənnimizcə, Atambayevin talesizliyi Türkiyə-Rusiya əlaqələrinin pozulmasından qaynaqlanırdı. 2011-ci ildə dövrün ən rəvacda olan siyasi axımı FETÖ-nün dəstəyi ilə hakimiyyətə gətirilən Atambayevin öhdəsinə qoyulan əsas vəzifələrdən biri Orta Asiyada Rusiya-FETÖ ittifaqını möhkəmləndirmək idi. Görünən budur ki, beynəlxalq güc mərkəzləri müsəlman əhalili bütün post-sovet ölkələrində FETÖ-nün rəhbərliyi altında yetişən gənc kadrları ən kritik vəzifələrə gətirib səssiz işğal və ya inteqrasiya prosesinə start vermişdilər. Projenin əsas hədəfi hakimiyyəti ələ keçirib demokratik ənənələrin tam formalaşmadığı ölkələrdəki passiv xalq kütlələrinin mütiliyindən faydalanaraq ölkəyə tam yiyələnmək idi. FETÖ-nun 2011-ci ildən son zamanlaradək post-sovet məkanında həyata keçirməyə çalışdığı bu layihə onu göstərir ki, bəzi avtoritar rəhbərlərin çəkindiyi demokratiya bəzən dövlətlərin ən güclü silahı da ola bilər.
Səssiz işğal layihəsinə üstünlük verilməsinin səbəbi isə regional güclərlə ciddi qarşıdurmaya getmədən, qarşıya qoyulan planı tədrici və gizli şəkildə həyata keçirməkdi. Bunun üçün də Rusiya ilə dil tapılmalı, onunla razılaşdırılmış ortaq kadrlar üzərində dayanılmalı, hətta maraq dairələri eyniləşdirilməli idi.
Biz bunun ən bariz nümunəsini 2012-ci ildə Azərbaycanda yaşanan FETÖ-Rusiya izdivacında görə bilərik. Yadınızdadırsa, həmin ilin ikinci yarısında FETÖ-nün Azərbaycandakı 1 nömrəli adamı Elnur Aslanovun anası Rəbiyyət xanım Putinin Azərbaycandakı dostu İlham Rəhimova gəlin köçürülmüşdü. Maraqlıdır ki, bu izdivac uzun sürməmiş, 2013-cü ildə cütlüyün “xoşbəxt günləri” tarixə çevrilmişdi. Erkən boşanma ilə başa çatan bu siyasi evlilik yalnız bir səbəblə izah oluna bilər: İlham Rəhimovun sahibi Vladimir Putinlə FETÖ-nün sahibi hələ ki naməlum beynəlxalq güc mərkəzi arasında sövdələşmə baş tutmamışdı.
Maraqlıdır ki, Rəbiyyət-İlham evliliyi ərəfəsində Qırğızıstanda da bir yaxası FETÖ-nun, digər yaxası isə Kremlin əlində olan Almazbek Atambayev hakimiyyətə gətirilmişdi. Onun da Türkiyə və Rusiya izdivacı uzun sürməmişdi. Atambayev hakimiyyətə gəldikdən az sonra Türkiyədə FETÖ düşərgələrinə qarşı böyük əməliyyatlar başlamışdı. Beləcə, FETÖ-Rusiya izdivacının pozulduğu ortaya çıxmış, Türkiyə ilə yanaşı bütün post-sovet məkanında Gülənçilərlə mübarizə dövrün başlıca tələbinə çevrilmişdi. Atambayev isə öz “müqəddəs” davasına sədaqətdən geri addım atmır, əksinə Türkiyə Prezidenti Ərdoğana qarşı dirəniş göstərirdi.
2016-ci ildə Türkiyənin Qırğızıstandakı FETÖ ünsürlərini təmizləmə tələbinə Atambayevin çox sərt cavabı bu dirənişin ən “nümunəvi” örnəyidir: "Bu tələblər absurddur. Əgər bu qədər ağıllıdırlarsa, onda öz ölkələrindəki çevriliş cəhdlərini niyə vaxtında görmədilər?", - deyən Qırğız lider faktiki Türkiyə hakimiyyətinin ağlına şübhə ilə yanaşdığını nümayiş etdirərək, diplomatik baryerlərin altını üstünə çevirirdi.
“Doğan” Xəbər Agentliyinə açıqlamasında çətin anlarda Türkiyənin Qırğızıstandakı köməyinə görə minnətdar olduqlarını söyləyən Atambayev Bişkekdən FETÖ-yə qarşı mübarizə tələb edən Ankaranın bu hərəkətini ölkəsinin suverenlik haqqına müdaxilə kimi qiymətləndirməkdən belə çəkinməmişdi. "Heç kimin öz şərtlərini başqa bir ölkəyə diktə etməyə haqqı yoxdur", - deyən Qırğız lider vurğulamışdı: “Biz suveren ölkəyik və bizə nəyin lazım olub-olmadığına özümüz qərar verməliyik. Ölkələr bir-birlərinə heç bir şərt qoymadan kömək etməlidirlər və buyurduqları hər sözə "Bəli "deyəcəyimizi düşünməməlidirlər. Əks təqdirdə belə bir köməyə ehtiyac yoxdur. Bu köməyi geri ala bilərsiniz".
Sözsüz ki, Atambayevi bu qədər cəsarətli qılan təkcə FETÖ lideri Fəthullah Gülənin “qorxu duaları” da deyildi. O, ən böyük dəstəyini Rusiyadan alırdı. Belə ki, Ankaranın FETÖ məktəblərinin bağlanması tələbindən bir neçə ay əvvəl Türk Silahlı Qüvvələri Suriya ilə sərhəddə rus hərbi təyyarəsini vurmuş və aləm bir-birinə qarışmışdı. Qardaş ölkənin ən ağır zamanlarında arxadan ilk dost zərbəsini vuran da elə Atambayev olmuşdu. O, mediaya verdiyi açıqlamalarda açıq şəkildə Türkiyənin Rusiyadan üzr istəməsini tələb edir və heç bir ölçü gözləmədən Moskvanın gözünə girməyə çalışırdı.
"Vladimir Putinlə bu mövzuda danışdıq. Rəcəb Tayyib Ərdoğanla görüşümüzdə də fikrimi bildirdim. Təyyarənin vurulması qərarı tamamilə səhv idi. Təyyarə, Türk hava məkanına, necə deyərlər, 17 saniyə girsə belə, Türkiyə 20 ildən çoxdur davam edən qarşılıqlı əlaqələri gözləməli və kiçik zamanlı xətalara qurban verməməli idi. Bizim də təcrübəmizdə qonşu ölkələrdən gələn təyyarələrin ölkəmizin sərhədlərinə girdiyi vaxtlar oldu. Saniyə yox, saatlarla. Amma biz onları vurmadıq. Sülh bizim üçün daha vacibdir. Ümid edirəm ki, Türkiyə ilə Rusiya bu vəziyyəti həll etmək üçün kifayət qədər müdrikliyə sahib olacaqlar. Rusiya ilə Türkiyə arasındakı indiki vəziyyət həm siyasi, həm iqtisadi baxımdan hər iki ölkə üçün sərfəli deyil. Hesab edirəm ki, Türkiyə üzr istəməlidir", - Atambayev həmin ağır vaxtlarda özünü “müdrik ağsaqqal” kimi apararaq Ankaraya yol göstərirdi.
Təbii ki, onun bu “müdrik” açıqlamasında 2 əsas məqsəd vardı: FETÖ ilə yolları ayrılan Türkiyəyə arxadan zərbə endirərək Fəthullah Gülənin “afərin”ini qazanmaq; Rusiyanın tərəfində dayanaraq hakimiyyətinin digər dayağını möhkəmləndirmək. Amma o bir məqamı unudurdu: Atambayev kimi Orta Asiya liderləri Rusiyaya Türkiyəni yanına çəkmək üçün lazım idi. FETÖ ilə mübarizədən qələbə ilə çıxan Ərdoğan Türkiyəsi ilə münasibətləri korlayan Qırğız lider özü də bilmədən oturduğu budağı kəsirdi. Əlbəttə ki, perspektiv planda.
Təsadüfi deyil ki, Ərdoğan-FETÖ qarşıdurmasının kulminasiya nöqtəsi sayılan 15 iyul 2016-cı il çevriliş cəhdinin qarşısının alınmasından sonra Atambayev də öz siyasi əhəmiyyətini itirdi. Bundan bir il sonra keçirilən prezident seçkilərində postunu ən yaxın adamı və ölkənin sabiq Baş naziri Sooronbay Jeenbekova verərək təqaüdə yollandı. Jeenbekovun ilk işi isə Atambayevin hakimiyyətdəki adamlarını, böyük ehtimalla, iri çəkili FETÖ-çüləri təmizləmək oldu. Məhz bu səbəbdən iki dost arasında ixtilaflar böyüdü və açıq düşmənçilik müstəvisinə keçən ziddiyyətlər 2019-cu ildə Atambayevin ömürlük həbsə atılması ilə nəticələndi.
Onun yerinə gələn Sooronbay Jeenbekovun da taleyi yaxşı gətirmədi. Yuxarıda da qeyd etdiyimiz kimi, bir il əvvəl Aİİ-nın onlayn sammitində Rusiyanın üzünə ağ olan Jeenbekov 15 oktyabr 2020-ci ildə vəzifəsindən qovuldu. Yerinə isə indiki prezident Sadır Saparov gətirildi.
Bu baxımdan yeni prezidentin Qırğızıstanın 30 illik siyasi idarəetmə mexanizminin toxunulmaz hüceyrəsi sayılan QHT-lərlə mübarizənin nə qədər çətin olduğunu anlamaması mümkün deyil. Zira bütün prezidentlərin devrilməsində həmin qurumların xüsusi rolu olub və bu fakt onun özü üçün də təhdiddir. Sözsüz ki, məlum təhlükə Saparovu qorxutduğu üçün onu aradan qaldırmağa həvəsləndirir. Fəqət Qərbə bağlı QHT-lərin xarici havadarları da var. Saparov Qərbdən gələn təhlükələri də zərərsizləşdirməlidir. Qərb ölkələri isə Saparovu rusun adamı bilir və ona qarşı sərt mübarizə aparırlar.
Üstəlik, Qərbdən maliyyələşən QHT-lər Qırqızıstan iqtisadiyyatı üçün də önəmli qaynaqlardan sayılır. On minlərlə insan bu qaynaqdan qidalanır. Məhz bu səbəbdən müstəqilliyə qədəm qoyduğu 30 il ərzində digər Orta Asiya və post-sovet ölkələrindən fərqli olaraq, Qırğıstanda qeyri-hökumət təşkilatları tam azad fəaliyyət göstərirlər. Bundan əvvəlki hökumətlər də Rusiyanın təzyiqi ilə dəfələrlə bu qanunu qəbul etməyə cəhd göstərmişlər. Fəqət ictimai narazılıqlar və Qərbin basqıları son anda Bişkeki geri çəkilməyə vadar etdi.
Yeri gəlmişkən xatırladaq ki, hazırda bütün post-sovet ölkələrində qüvvədə olan və xaricdən maliyyələşən təşkilatları casus kimi görən “QHT-lər” və “Qrant” haqqında qanunlar ilk dəfə 2012-ci ildə Rusiya tərəfindən qəbul olunub. Ondan sonra digər respublikalar da bu qanunu əsas götürüb öz müvafiq qanunvericilik aktlarında dəyişiklik ediblər. Azərbaycan da həmçinin. 2014-cü ildə Milli Məclisin “QHT” və “Qrant” haqqında Qanunlara edilən dəyişikliklərdən sonra ölkəmizdə fəaliyyət göstərən bir sıra təşkilatlar, xüsusilə hüquq müdafiəçiləri xaricə qaçmaq məcburiyyətində qaldılar. Fəqət istər Azərbaycan, istərsə də Rusiya bağlanan bu QHT-ləri formal da olsa, yerli imkanlarla fəaliyyət göstərən alternativləri ilə əvəz etdilər. Bu təkcə kimlərinsə QHT-yə ayrılan vəsaitlə özünü dolandırması deyil. Həm də haqsızlığa məruz qalan, bir sıra problemlərlə üzləşən insanlarımızın yeri gələndə üz tutacağı ünvanın yaradılması deməkdir. Qədim Şərq tərzi idarəetmə anlayışında təbəələri qorxu və ümid arasında yaşatmaq tövsiyə olunur. Çünki təbəələrin ümid yeri olmayanda istər-istəməz üsyanlar, qiyamlar baş verir və dövlətin sütunları laxlayır. Fikrimcə, xaricdən maliyyələşən QHT-lərin yerinə yerli alternativlərin yaradılmasına bir də bu aspektdən baxılmalıdır.
Dərd burasındadır ki, Azərbaycan, Rusiya və digər post-sovet ölkələrindən fərqli olaraq, Qırğıstanın bu şansı da yoxdur. Ölkə olduqca kasıbdır, xaricdən gələn pullar hesabına özünü qoruya bilir. Bu baxımdan Qırğızıstanda QHT-lərin bağlanması və ya xaricdən maliyyələşməsinin əngəllənməsi hakimiyyətlər üçün heç də asan seçim deyil. Çünki onların alternativini yaratmaq üçün böyük vəsaitlərə ehtiyac var. Bu da azmış kimi, həmin qanunun qəbul olunmasından sonra Qırğızıstan sanksiyalara məruz qala və ya bir sıra yardımlardan, kredit almaq imkanlarından kənarda tutula bilər. Bütün bu amillər Bişkeki yüz ölçüb bir biçməyə vadar edir.
Elə bu səbəbdən də Rusiyanın bütün təzyiqlərinə baxmayaraq, Qırğızıstanda eyni siyasəti yürütmək indiyədək xeyli müşkülə çevrilmişdi. Bir neçə dəfə qanun layihəsi hazırlanıb parlamentə təqdim olunmuş, bəzən 1 və ya iki oxunuşdan sonra rəfə qaldırılmışdı. Müstəqillik tarixində ilk dəfədir ki, xarici sponsorlardan gələn yardımları geri çevirən Bişkek hökuməti bu cəsarətli addımı təkcə Rusiyaya bel bağlamaqla ata bilməzdi. Çünki Rusiya bu ölkənin dolanışığını təmin edəcək yardımları vermək əzmində deyil. Xüsusilə indi başının həm Qara dənizdə, həm Cənubi Qafqazda, həm Yaxın Şərqdə, həm də Əfqanıstandan ABŞ əsgərlərinin çəkilməsi ilə siyasi sabitliyin pozulacağı güman edilən Orta Asiyada çıxan gərginliklərə qarışdığı zamanda Moskva üçün bir də qırğızları düşünmək və onlara maliyyə yardımı ayırmaq əlavə yükdür. Mümkündür ki, Qırğız hökuməti öz anti-Qərb siyasətini yürütmək qarşılığında ehtiyac duyduğu maliyyəni Çindən alacağına ümid bəsləyir. Fəqət bu çıxış yolu cari dönəmdə onun və Rusiyanın işinə gələ bilər. Perspektivdə isə Çinin Qərbdən daha böyük təhlükə kimi Rusiyanın və onun yerli hökumətinin qarşısına çıxmaq ehtimalı var.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar