Xəbər lenti

Azərbaycanın İsraildə səfirliyinin açılması geniş mənada sülhə və təhlükəsizliyə verilən mühüm töhfədir

Martın 28-də Azərbaycanın İsraildəki səfirliyinin rəsmi açılışı oldu. Açılış mərasimində iştirak edən xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Eli Kohenlə görüşüb. Azərbaycanla İsrail dövləti arasında tarixi dostluğa, əməkdaşlığa söykənən əlaqələrin mövcud olduğunu qeyd edən nazir Ceyhun Bayramov iki ölkə arasında intensiv qarşılıqlı səfərlərin münasibətlərin daha da inkişafına müsbət təkan verdiyini vurğulayıb. Daha sonra nazirlər mətbuat konfransında bəyanatla çıxış ediblər.

“Azərbaycan İsrailin strateji tərəfdaşıdır”. APA-nın İsrailə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Eli Kohena deyib. Nazir bildirib ki, İsraildə Azərbaycan səfirliyinin açılması qərarı iki ölkə arasında strateji münasibətlərin dərinliyini göstərir. İsrailli nazir bildirib ki, İran regional təhdiddir: “Azərbaycan və İsrail İranın təhdidi ilə bağlı narahatlığı bölüşməlidir. İran regionumuzu təhdid edir, terrora dəstək verməklə, maliyyələşdirməklə Yaxın Şərqdə qeyri-stabillik yaradır. Biz İrana qarşı birgə hərəkət etməliyik. İranın nüvə imkanlarını genişləndirməsinə imkan verməməliyik”.

Eli Kohen Azərbaycan Prezidentinə İsraildə səfirliyin açılması qərarına görə təşəkkür edib.  “Azərbaycanda böyük yəhudi icması yaşayır. Bu, müsəlman dünyasında ən böyüyüdür və onlar ölkənin həyatında fəal iştirak edir. İki ölkə arasında təhsil, mədəniyyət və idman sahəsində əməkdaşlıq genişlənir” - Kohen qeyd edib.  Onun sözlərinə görə, pandemiyaya qədər hər il Azərbaycana 50 min yəhudi səfər edib: “Biz həmçinin Azərbaycandan ölkəmizə gələn turistlərin sayının artmasına ümid edirik”.

Ceyhun Bayramov İsrailin Baş naziri ilə görüşüb, əməkdaşlığın  gücləndirilməsinə dair razılıq əldə olunub - Naxçıvan TV

C.Bayramov Ermənistanla Azərbaycan arasında gedən sülh danışıqları barədə danışıb: “Ermənistanla normallaşma ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınmasına əsaslanmalıdır. Üçtərəfli bəyanat müharibəyə son qoyduqdan sonra Azərbaycan sülh gündəliyini təşviq edir, ancaq Ermənistan aqressiv ritorikası ilə təhdid edir. Azərbaycan olaraq biz inanırıq ki, normallaşmaya alternativ yoxdur və bu, ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınmasına əsaslanmalıdır”. Nazir onu da qeyd edib ki, Azərbaycan regional və qlobal səviyyədə sülhə, stabilliyə və dialoqa töhfə verməyə hər zaman hazırdır.

Azərbaycanlı nazir İsrailin 44 günlük Vətən savaşımızda ölkəsinə verdiyi dəstəyə görə təşəkkürünü ifadə edib: “Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu 30 il ərzində İsrail Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək verib. Buna görə İsrailə təşəkkür edirik. Vətən müharibəsi dövründə də Azərbaycanın mövqeyini dəstəklədiyi üçün İsrailə minnətdarıq. Müharibədə Azərbaycanın müdafiəsi üçün qəhrəmanlıq göstərərək həlak olanlar arasında yəhudi əsilli azərbaycanlılar da vardır”.

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli İsraildə səfirliyimizin rəsmi şəkildə fəaliyyətə başlamasını tarixi hadisə sayır: “İsraildə Azərbaycan Respublikası səfirliyinin açılması kifayət qədər önəmli hadisə olmaqla yanaşı, dövlətlərarası əlaqələrin inkişafı, eləcə də İsrail-Fələstin münasibətlərinin normallaşması, dinlər və mədəniyyətlərarası dialoqun təşviqi baxımından tarixi əhəmiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının xarici işlər naziri İsraillə yanaşı həm də Fələstinə səfər edib, İsraildə səfirliyimiz, Fələstində isə baş konsulluğumuz fəaliyyətə başlayıb. Qənaətimə görə, bu faktın özü də Azərbaycan tərəfindən İsrail-Fələsin münasibətləri ilə bağlı BMT qətnamələrinin icrasına verilən dəstək, həmçinin sülhməramlı və təəssüf ki, hazırda beynəlxalq münasibətlər sistemində nadir hallarda rast gəlinən bir davranış nümunəsidir. Azərbaycan və İsrail strateji tərəfdaşlıq münasibətlərində olan dövlətlərdir və bu münasibətlər qarşılıqlı faydalı maraqlar, təhlükəsizlik və digər bu kimi önəmli amillər üzərində qurulub. Bu baxımdan, Azərbaycanın İsraildə səfirliyinin açılmasını geniş mənada sülhə, mədəniyyətlərarası dialoqa, təhlükəsizliyə verilən mühüm töhfə kimi qiymətləndirmək lazımdır”.




Ana səhifəyə qayıt        Baxış: 3 260          Tarix: 30-03-2023, 09:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma