Azərbaycanda bir məsəl var: Utanmasan, oynamağa nə var ki?! Amerika Birləşmiş Ştatlarının üzərinə bu misalımız nə oturur!
ABŞ utanmır və oynamağa da davam edir. Çirkli oyun. Çirkaba batmış ABŞ bu oyununu Azərbaycana qarşı çevirir.
Yada salaq ki, bu günlərdə ABŞ Senatında dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kimin iştirakı ilə keçirilmiş dinləmələrdə Azərbaycan hədəfə alındı.
Özü də dinləmələrin təşəbbüskarı və təşkilatçısı ölkəmizə qarşı ənənəvi düşmən mövqeyi ilə seçilən, ermənipərəst senator Robert Menendesdir. Azərbaycan Xarici İşlər Nazirliyi Yuri Kimə cavab bəyanatında Menendesin adını boşuna çəkməyib.
Nə imiş? Kim deyir ki, ABŞ Azərbaycanın hərbi hərəkətlərinə dözməyəcək. Dözməyib, nə edəcək? Heç nə, boş qışqırıqlardır.
Ancaq dünya ABŞ-nin görmək istədiyi riyakarlıq rəngində deyil. Həqiqətlər həmişə acı olur. ABŞ yürütdüyü siyasətin təməlində yalnız öz maraqlarını güdür, riyakarlığı, xəyanəti, satqınlığı dövlət siyasətinə gətirir.
Ukraynanın, Moldovanın, Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən, Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın, Dnestryanını Moldovanın, Donbası və Krımı Ukraynanın ayrılmaz hissəsi kimi görən, bütün beynəlxalq platformalarda bu ölkələrə dəstək verən ABŞ 30 ilə yaxın ərazisi işğal altında olan Azərbaycana heç bir dəstək verməyib.
Bu da sizə ABŞ demokratiyası. Budur ədalət?! Xeyr, bu, utanmazlığın, həyasızlığın, diplomatik-siyasi riyakarlığın zirvəsidir. ABŞ indi də işğalçı Ermənistanın maraqlarına cavab verən, İrəvanın könlünü oxşayan siyasət yürüdür.
Əvvəllər - Qarabağ münaqişəsi zamanında - ABŞ bu fəaliyyətini ATƏT-in keçmiş Minsk qrupunun həmsədri mandatı altında pərdələyirdi. Artıq Minsk qrupu faktiki olaraq yoxdur. ABŞ də heç bir iş görə bilmədiyini qəzəbindən etiraf edir. Acıq verirmiş kimi etiraf edir. Amma bu acıq kimə ziyandır? Birinci növbədə elə ABŞ-nin imicinə.
ABŞ, görəsən, sənin törətdiyin cinayətlərin cəzası kimin ayağına yazılacaq? Məgər elə bilirsən, hamı kordur və sənin Vyetnamda, Əfqanıstanda, İraqda, Suriyada etdiklərini heç kim görmür? Görünür, ABŞ özü mənəvi korluğa qərq olub. Artıq zaman keçib, ABŞ dünyanı öz arşını ilə ölçə bilməyəcək.
Azərbaycan Cənubi Qafqazda yeni reallıq yaradıb. ABŞ-nin diktəsi olmadan, öz gücünə arxalanaraq, təhdidlərə dirəniş göstərərək. Nədir, ABŞ, bəyənmirsən? Get su iç. Bunun davamı da olacaq. Azərbaycan regionda hələ çox şeyi dəyişməyə qadirdir.
Oxu.az
Aqil Vəlili
Paylaş: