Xəbər lenti

Ermənistan mediası və revanşist dairələr baş nazir Nikol Paşinyanın ABŞ-da Azərbaycan Prezidenti İlham Əliyevlə sülh memorandumunu imzalaması ehtimalına qarşı hay-küy salmağa başlayıblar.

Musavat.com xəbər verir ki, onlar bu prosesi Ermənistanın “milli maraqlarına zidd” adlandırır, memorandumun sülhdən çox təslim aktına bənzədiyini iddia edirlər.

“Paşinyanın yeganə məqsədi – üzərində sadəcə “sülh” yazılmış bir kağızı xalqına göstərib, onunla seçkilərə getməkdir. Onun üçün əsas təminat – hakimiyyətdə daha uzun müddət qalmaqdır. Bu sənəd isə sülh yox, təslim sənədinin ta özüdür”, – deyə “Alpha News”un baş redaktoru Tiqran Koçaryan bəyan edib.

Koçaryan daha da irəli gedərək bildirib ki, Vaşinqtonda sülhün bərqərar olması Rusiya və İranın maraqlarına da ziddir. Çünki guya İranın şimalında “Amerika muzdlularının nəzarət etdiyi yol” peyda olacaq, Ermənistan isə tam olaraq xarici qüvvələrin idarəsinə keçəcək və “Suriyalaşacaq”.

Əlbəttə, bu cür “geosiyasi fantastika” ssenarilərini dinləyəndə insanın ağlına tək bir sual gəlir: Bəlkə bu dəfə də günahı meteoritlərdə, Marslılarda və ya “sürünənlərdə” görsünlər?

Zatən Azərbaycana qarşı 30 il ərzində qurduqları işğalçı rejimi “sülh” adlandıranların, indi real sülhə qarşı çıxması anlaşılandır. Çünki sülh bu dəfə onların torpaqlarda yox, kağız üzərində itirdiklərini rəsmiləşdirəcək.

Sonda isə ən çox qorxulan həqiqət budur: Bakı öz iradəsini sülh yolu ilə də qəbul etdirə bilir.




Ana səhifəyə qayıt        Baxış: 3 794          Tarix: Bu gün, 14:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma