
İran Xarici İşlər Nazirliyi regionda hərbi qüvvələrin yerləşdirilməməsinə zəmanət verildiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, bu barədə nazirliyin sözçüsü İsmayıl Baqai məlumat yayıb.
O bildirib ki, Azərbaycan və Ermənistan arasında Vaşinqtonda imzalanan bəyanat iki ölkənin suveren qərarı olub və İran bunu dəstəkləyir. Baqai qeyd edib ki, bu sülh müqaviləsi Cənubi Qafqazda təhlükəsizlik və davamlı sabitlik üçün əsas olacaq.
Sözçü əlavə edib ki, blokadanın aradan qaldırılması və region ölkələri arasında kommunikasiya yollarının yaradılması İran tərəfindən dəstəklənir, lakin bu yollar beynəlxalq tanınmış sərhədlərə hörmət etməli və heç bir geosiyasi dəyişiklik yaratmamalıdır.
Baqai vurğulayıb ki, regionda xarici hərbi kontingentin yerləşdirilməsinin faydalı olmadığını bildiriblər və buna görə narahatlıqlarını ifadə ediblər. Onlara isə hər hansı bir xarici hərbi qüvvənin regiona yerləşdirilməyəcəyi ilə bağlı zəmanət verilib.
İran həmçinin bəyan edib ki, sülh müqaviləsinin vacib maddələrindən biri Azərbaycan və Ermənistan arasındakı sərhədlər boyunca hər hansı üçüncü tərəf hərbi qüvvəsinin yerləşdirilməsinin qadağan edilməsidir. Nazirlik bu məsələyə diqqətlə nəzarət edir və hər iki ölkə ilə sıx əlaqədədir.
Paylaş: