Xəbər lenti


  

Cənubi Qafqaz regionu Avrasiya məkanının geosiyasi, geoiqtisadi əhəmiyyətinə görə ən vacib bölgələrindən biri hesab edilir. Bu regionun zəngin təbii resurslara, enerji ehtiyyatlarına malik olması, coğrafi mövqeyi, tarixi keçmişi və digər xüsusiyyətləri Cənubi Qafqazı müasir geosiyasi proseslərin vacib elementlərindən birinə çevirmişdir. 

 

Bölgənin təhlükəsizliyi Avrasiya məkanı və bütövlükdə qlobal təhlükəsizlik sisteminin vacib regional aspektləri sırasındadır. İkinci Qarabağ Müharibəsinin nəticələri Cənubi Qafqazın geosiyasi arxitekturasında köklü dəyişikliklərə səbəb olmasa da, yeni geosiyasi reallıqların yaranmasına təkan vermişdir. Eyni zamanda, 2022 – ci ilin fevralında başlayan və bu gün də tam şiddəti ilə davam edən Rusiya – Ukrayna müharibəsi də bölgədə yeni geosiyasi proseslərin getməsini “tətikləmişdir”. Beləliklə, qeyd etdiyimiz bu faktorlar (İkinci Qarabağ Müharibəsinin nəticələri və davam edən Rusiya-Ukrayna müharibəsi) Cənubi Qafqazda mövcud geosiyasi mühitin formalaşmasına səbəb olan iki əsas amil kimi çıxış edir. Ümumiyyətlə, geosiyasəti Cənubi Qafqazın təhlükəsizlik sisteminin sütunlarından biri kimi qəbul etsək, fikrimizcə, yanılmarıq. 

 

Bütövlükdə, Cənubi Qafqazın təhlükəsizlik mühitinə təsir edən əsas faktorları belə sıralamaq olar: bölgədə mövcud olan etno-siyasi, ərazi münaqişələri, regionun hədsiz etnik hetoregenliyə (müxtəlifliyə) malik olması, region dövlətlərinin xarici siyasəti və qarşılıqlı münasibətləri, böyük dövlətlərin bölgədə toqquşan maraqları, regionun vacib, mürəkkəb geosiyasi mövqeyi və təbii, enerji resursları ilə zəngin olması. Sadaladığımız bu faktorların təhlili Cənubi Qafqazın təhlükəsizlik problemlərini aydın dərk etməyə imkan verir. 

 

Cənubi Qafqazın təhlükəsizliyinə ciddi mənfi təsirləri olan və bu gün də “dondurulmuş” vəziyyətdə qalaraq region dövlətlərinin başı üzərində “domokl qılıncına “ çevrilən etno-siyasi münaqişələr və problemlər bunlardır: Gürcü-abxaz (Abxaziya), osetin-gürcü (Cənubi Osetiya) münaqişəsi və Ermənistan-Azərbaycan arasında mövcud olan post-münaqişə problemləri

 

Bu münaqişələrin və problemlərin hər birinin yaranma səbəbləri, inkişaf dinamikası, nəticələri ilə bağlı oxşar və fərqli cəhətlər var. Əsas oxşar cəhət, təbii ki, bu etno-siyasi münaqişələrin yaranmasında və bu günə qədər həll olunmamasında kənar güc mərkəzlərinin və yaxud, mərkəzinin oynadığı destruktiv roldur. Cənubi Qafqazda mövcud olan münaqişələrin həll olunmamış vəziyyətdə qalması bütövlükdə region dövlətləri (Azərbaycan, Gürcüstan, Ermənistan) üzərində kənar güc mərkəzinin təsirini ciddi formada qoruyub saxlayır. Eyni zamanda, etno-siyasi münaqişələr, problemlər region dövlətlərini fərqli geosiyasi mərkəzlərə (AI və NATO) inteqrasiya kimi “qeyri – dost” davranışlardan çəkindirməyə xidmət edir. 

 

Qeyd etdiyimiz etnik və ərazi münaqişələrinin ən yeni tarixi aspektlərində də oxşarlıqları görməmək mümkün deyil. Belə ki, 1990 – cı illərin əvvəllərində Cənubi Qafqazın hər üç respublikasını əhatə edən etno-siyasi münaqişələrin aktiv hərbi əməliyyatlar mərhələsinə daxil olması region dövlətlərinin ciddi siyasi-iqtisadi, sosial böhranlarla üzləşməsinə səbəb olmuşdur. Yalnız bir faktı xatırlamaq kifayətdir ki, bu münaqişələrin nəticəsində əlli mindən artıq insan həyatını, on minlərlə insan sağlamlığını itirmiş, yüz minlərlə insan daimi yaşayış yerindən məhrum olaraq qaçqın, məcburi köçkün durumuna düşmüşdür. O cümlədən də, Ermənistanın hərbi təcavüzü nəticəsində meydana çıxan münaqişədə iyirmi mindən artıq insan həyatını itirmiş, səkkiz yüz minə yaxın insan isə qaçqın və məcburi köçkün vəziyyətinə salınmışdır. Cənubi Qafqazda etno-siyasi, ərazi münaqişələrinin hələ də həll olunmamış vəziyyətdə qalması bütövlükdə regionun təhlükəsizlik mühiti üçün ciddi fəsadlar yaradan amil olaraq qalmaqdadır. Eyni zamanda regionda (Gürcüstan) Samtsxe – Cavaxetiyada olduğu kimi potensial etnik münaqişə ocaqları da mövcuddur. Bu kimi bölgələrdə mürəkkəb etno – siyasi proseslər hazırda latent səviyyədə olsa da onların açıq müstəviyə keçməsi ehtimalı da qalmaqdadır. 

 

Cənubi Qafqazın etnik müxtəlifliyinin yüksək səviyyədə olması regiondaxili proseslərə ciddi təsir göstərən əsas amillərdəndir. Bölgədə onlarla etnik qrup yaşayır və bütövlükdə Qafqaz tamamilə fərqli, Qafqaz, hind – Avropa, türk dillərində danışan etnik icmaların mozaykası kimi qiymətləndirilir. Bununla belə, Cənubi Qafqaz respublikalarının (Azərbaycan, Gürcüstan, Ermənistan) üç əsas etnosu – Azərbaycan türkləri, gürcülər və ermənilərdır. Azərbaycan Respublikasının əsas etnosu olan türklər ümumi əhalinin 91.6 % - ni, digər xalqlar məsələn, ləzgilər 2 % - ni, ermənilər 1.3 % - ni, talışlar 1.3 % - ni, ruslar 1.3 % - ni və s. təşkil edir. Gürcüstanda etnik müxtəliflik daha böyük həcmdədir. Ölkə əhalisinin təxminən 83.8 % – ni gürcülər, qalan əhalini isə digər etnik qruplar, o cümlədən də, Azərbaycan türkləri təşkil edir. Onu da xatırlamaq yerinə düşər ki, Azərbaycan türkləri gürcülərdən sonra Gürcüstanda yaşayan əsas etnik qruplardan hesab olunur və onların sayı təxminən beş yüz mindən artıqdır. Gürcüstan və Azərbaycanla müqayisədə Cənubi Qafqazın digər respublikası olan Ermənistan etnik tərkibinin əsasən homogen olması ilə seçilir. Belə ki, Ermənistan Respublikası əhalisinin yalnız 3 % - ni etnik azlıqlar, 97 % - ni isə ermənilər təşkil edir və etnik tərkibinin belə olması ilə Ermənistanı dünyada azsaylı mono-etnik dövlətlərdən hesab etmək olar. Cənubi Qafqazın etnik tərkibinə diqqət yetirərkən həm də onu görmək olar ki, etnik qruplar kompakt olaraq konkret ərazilərdə yaşayırlar və bir çox hallarda onlar siyasiadministrativ olaraq təşkilatlanıblar. Məsələn, zamanında Gürcüstanda Cənubi Osetiya, Abxaziya kimi, o cümlədən Azərbaycanda “Dağlıq Qarabağ” kimi muxtar qurumlar yaradılmışdır. Ümumiyyətlə, Azərbaycan və Gürcüstan daxilində etnik müxtəlifliyin yüksək olması, bəzi etnik qrupların (erməni, osetin və abxazların) siyasi olaraq təşkilatlanması kənar faktorların təsiri ilə bu respublikaların ciddi siyasi, iqtisadi, sosial problemlərlə üzləşməsinə səbəb oldu. Cənubi Qafqazın, həmçinin, ölkəmizin ən yeni tarixini yazdıqlarımızın təsdiqi kimi qəbul edə bilərik. 

 

Region ölkələrinin (Azərbaycan, Gürcüstan, Ermənistan) qarşılıqlı münasibətlərini xarakterizə edən amillərin (geosiyasi, iqtisadi, sosial-mənəvi və s.) içərisində təhlükəsizlik aspekti xüsusi yer tutur. Bu da ilk növbədə kənar güc mərkəzlərinin regional siyasəti ilə yanaşı, həm də bölgə dövlətlərinin qarşılıqlı münasibətlərində olan özünəməxsusluqla bağlıdır. 

 

Son otuz iki ildə, yəni Cənubi Qafqaz respublikaları müstəqilliklərini əldə etdikdən sonra Azərbaycan – Ermənistan münasibətlərini, daha dəqiq desək, hər iki ölkənin müharibə vəziyyətində olmasını regional təhlükəsizlik mühitinə təsir edən ən böyük neqativ faktor kimi qeyd etmək olar. Qarabağ və ətrafının Ermənistan tərəfindən işğal edilməsi, işğal vəziyyətinin uzun müddət davam etməsi iki ölkə arasında münasibətlərin kəskinləşməsində “detonator” rolunu oynamışdır. Bu baxımdan realistlərin “qorxu ölkələrin xarici siyasətini və hərbi yanaşmasını formalaşdırır” fikrini Ermənistan- Azərbaycan münasibətlərinə də aid etmək olar. Ermənistanın vaxtilə Qarabağ və ətrafını işğal edərək nəzarətdə saxlaması rəsmi İrəvana bir sıra üstünlüklər versə də (hərbi-strateji, siyasi, iqtisadi və s.), eyni zamanda, qonşu dövlətin “geosiyasi dalanda” da qalmasına səbəb olmuşdur. 

  

Təcavüzkar siyasəti Ermənistanın son otuz ildə Cənubi Qafqazda Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan bütün geosiyasi, geoiqtisadi layihələrdən kənarda qalması və özünün təcridi ilə nəticələnmişdir. Belə bir siyasət eyni zamanda Ermənistanı Rusiyadan siyasi, iqtisadi, hərbi baxımdan tamamilə asılı vəziyyətə salmış və Türkiyə ilə münasibətlərinə də əsaslı təsir göstərmişdir. Həmçinin, Azərbaycanın da ona aid olan Qarabağ və ətraf ərazilərini itirməsi ölkəmizin regiondakı mövqelərini əhəmiyyətli dərəcədə zəiflətmişdir ki, İkinci Qarabağ Müharibəsindən sonra vəziyyət köklü surətdə dəyişib. Bu barədə bir qədər sonra. 

 

Son otuz iki ildə Azərbaycan-Gürcüstan münasibətləri regional geosiyasi, geoiqtisadi proseslərin təsiri ilə formalaşmışdır. Hər iki ölkənin geosiyasi, iqtisadi, təhlükəsizlik maraqlarının əsasən üst – üstə düşməsi, regiondakı qüvvələr nisbəti Bakı və Tbilisini təbii müttəfiqə çevirir. Gürcüstanın coğrafi yerləşməsi Azərbaycanın bu ölkənin ərazisindən özünün enerji resurslarını dünya bazarına çıxarması və nəqliyyat dəhlizi üçün unikal imkanlar verir və rəsmi Bakı da bu imkanlardan yararlanaraq Ermənistan, İran və Rusiyadan yan keçməklə Gürcüstanla birgə böyük enerji, nəqliyyat layihələrini (Bakı – Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi böyük enerji layihələrini, TRASECA çərçivəsində Böyük İpək Yolunu, Bakı-TbilisiQars) həyata keçirmişdir. Bu layihələr vasitəsi ilə Azərbaycan və Gürcüstan qarşlıqlı olaraq özlərinin enerji təhlükəsizliklərini, Avropaya, Türkiyəyə etibarlı çıxışlarını təmin ediblər. Xüsusilə, enerji layihələri yalnız bu ölkələrin deyil həm də Türkiyənin, Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır. Eyni zamanda, Azərbaycan – Gürcüstan münasibətlərində hər iki tərəfdən nəzərə alınmalı digər fakt Gürcüstanda kompakt yaşayan etnik azərbaycanlılardır. 

 

Tbilisi – İrəvan münasibətlərininin təbiətini müəyyən edən əsas amilləri belə sıralamaq olar: coğrafi yerləşmə, qonşuluq, iqtisadi - ticari maraqlar, dini – mədəni yaxınlıq, tarixi əlaqələr, regional geosiyasi konyuktur, Gürcüstanda etnik erməni icmasının mövcudluğu. Hər iki ölkənin münasibətlərini təhlil edərkən bu münasibətlərdə neqativ məqamların pozitiv məqamları üstələdiyini aydın görmək olar. 

 

Ermənistanın regionda Rusiyanın strateji müttəfiqi olması, Gürcüstanda yaşayan etnik erməni icmasının (Cavaxetiya bölgəsi) gizli separatizmə meylliliyi rəsmi Tiflisi narahat edən əsas məqamlar kimi qeyd olunmalıdır. Bu yerdə tanınmış amerikan politoloqu S.Kornellin fikirlərini xatırlamaq yerinə düşərdi: “Gürcüstanda Ermənistana rusların Qafqazda “Troya atı” kimi baxılır. Bu hal isə davamlı olaraq İrəvan-Tiflis münasibətlərinin pisləşməsinə, Azərbaycan – Gürcüstan əlaqələrinin, həm ikitərəfli səviyyədə, həm də GUAM çərçivəsində möhkəmlənməsinə səbəb olur.” 

 

Cənubi Qafqazda maraqları (geosiyasi, iqtisadi və s.) olan əsas güc mərkəzlərini belə sıralamaq olar: Rusiya, İran, Türkiyə, ABŞ, Avropa İttifaqı. Qeyd etdiyimiz dövlətlərlə yanaşı Səudiyyə Ərəbistanı, Çin, Pakistan, Yaponiyanı da regionda maraqları olan ölkələr sırasına daxil etmək olar, ancaq bu dövlətlərin bölgədə təsir imkanlarının nisbətən zəif olması, maraqlarının fərqliliyi və s. cəhətləri onları əsas güc mərkəzləri (regionda maraqları olan) kimi qəbul etməyimizə mane olur. Tarixi kontekstdə yanaşdıqda Rusiya, İran və Türkiyəni regionda ənənəvi oyunçular kimi, ABŞ və Avropa İttifaqını isə bir qədər yeni oyunçular kimi dəyərləndirə bilərik. 

 

Rusiya, İran və Türkiyənin Cənubi Qafqazda digər güc mərkəzləri ilə müqayisədə daha vacib həyati maraqları var və bu regionda baş verən proseslərin üçlüyün (Rusiya, İran və Türkiyə) milli təhlükəsizlik sistemlərinə ciddi təsirləri mövcuddur. Rusiya 1990 – cı illərin ortalarından qəbul etdiyi xarici siyasətlə bağlı doktrinalarında Cənubi Qafqaz və Xəzər hövzəsini “yaxın xaric” hesab edir və regional siyasətində də bu amili həm tarixi, həm də təhlükəsizlik kontekstində qabardır. Qafqazı, Xəzər bölgəsini özünün təsir dairəsi hesab edən Rusiya bura Qərbin daxil olmasına qarşı çıxır və gedən obyektiv tarixi prosesləri önləməyə çalışır. Rusiya imperiya iddialarından əl çəkməsə də, artıq inkarolunmaz reallıqdır ki, Sovet İttifaqı dağıldıqdan sonra əvvəlki geosiyasi mövqeyini itirmişdir. Artıq Moskvanın (xüsusilə də, Rusiya – Ukrayna müharibəsi başladıqdan sonra) əvvəlki kimi post - sovet məkanında Cənubi Qafqaz regionu da daxil olmaqla dominantlıq imkanları zəifləyib. Rusiyanın regionda Qərbə qarşı geosiyasi maraqlarının üst – üstə düşdüyü dövlət İrandır. Hər iki dövlət NATO – nun Şərqə doğru irəliləməsini, ümumiyyətlə, ABŞ – ın, Avropa İttifaqının regionda təsirinin artmasını özləri üçün böyük təhlükə hesab edirlər. Bu səbəbdən də Rusiya İranla xüsusilə regional səviyyədə yaxından əməkdaşlıq edir. 

 

Geosiyasi maraqlarında Cənubi Qafqaza, xüsusilə Azərbaycana mühüm yer verən dövlətlərdən biri də İrandır.  Azərbaycanın geosiyasi əhəmiyyəti İran üçün aşağıdakı amillərlə xarakterizə olunur: 


1) İranda 30 milyondan artıq azərbaycanlının yaşaması və Tehranın onların Şimali Azərbaycanla mümkün bütövləşmək arzusundan ehtiyat etməsi; 

2) Azərbaycanla eyni dini - məzhəb dəyərlərini bölüşür; 

3) tarixi əlaqələr və mədəniyyət; 

4) Azərbaycan şimala çıxış nöqtəsi və Moskva – Tehran geosiyasi oxu arasında dəhliz rolunu oynayır; 

5) Azərbaycanın təbii sərvətlərlə zəngin olması. 

 

Bütün bu amilləri nəzərə alaraq İran Azərbaycanda geosiyasi maraqlarını həyata keçirməyə çalışır. Ümumiyyətlə, Şimalda müstəqil, inkişaf etmiş, güclü, dünyəvi Azərbaycanın mövcudluğunu İran özünün təhlükəsizliyinə təhdid kimi qəbul edir. Həmçinin, Azərbaycanın müstəqil xarici siyasət strategiyası həyata keçirməsi də iki ölkə arasında mübahisəli məsələlərin yaranmasına səbəb olur. Qeyd olunan faktorları və digər amilləri nəzərə alaraq İran Ermənistanla hərtərəfli əlaqələr quraraq ondan Azərbaycan və Türkiyə əleyhinə təzyiq vasitəsi kimi istifadə edir. 

 

İranla ölkəmizin geosiyasi mövqelərində ciddi uyğunsuzluqların olmasına baxmayaraq, hər iki dövlətin iqtisadi – ticari və müəyyən siyasi maraqları qarşılıqlı münasibətlərin inkişafını tələb edir. İran bir sıra daxili və xarici faktorlara görə Azərbaycanla istər siyasi, iqtisadi, istərsə də mədəni əlaqələrin inkişafında maraqlıdır. Eyni zamanda, Azərbaycan da xarici siyasətində İranla münasibətlərə ciddi önəm verib. Bu baxımdan, hər iki dövlət bir çox sahələrdə əməkdaşlıq edir və münasibətlərin müəyyən istisnalarla hədsiz dərəcədə gərginləşməsinə imkan vermirlər. İstisnalardan biri kimi, münasibətlərdə, xüsusilə 2021 – 2023 – cü illərdə müşahidə olunan gərginliyi qeyd etmək olar. 

 

Cənubi Qafqazda strateji maraqları olan güc mərkəzlərindən biri də Türkiyə Cümhuriyyətidir. Hətta Cənubi Qafqazı Türkiyənin milli təhlükəsizliyinə birbaşa təsir edən regionlardan da hesab etmək olar. 

 

Ankaranın regionda maraqlarını əsasən belə xarakterizə etmək olar: geosiyasi, geoiqtisadi, enerji, təhlükəsizlik. Ankaranın regionda əsas önəm verdiyi dövlət Azərbaycandır. İki qardaş ölkəni həm geosiyasi mövqe birliyi, həm də tarixi soykök, dil, mədəniyyət birliyi yaxınlaşdırır. Azərbaycan, Türkiyənin Cənubi Qafqaz və Mərkəzi Asiya geostrategiyasında mühim yer tutur. Türkiyə Azərbaycan vasitəsilə Qafqaz və Orta Asiya ilə əlaqələr saxlayır. Daha dəqiq desək, Azərbaycan Orta Asiyanın Türk respublikaları ilə körpü rolunu oynayır. Eyni zamanda, Azərbaycan Türkiyənin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm mövqeyə malikdir. Xüsusilə də son illərdə “Cənub Qaz Dəhlizi”nin tam gücü ilə işə düşməsindən sonra Azərbaycanın qardaş ölkənin enerji təhlükəsizliyində rolu xeyli artıb. Bəllidir ki, Türkiyə geosiyasətinin mənfi amili neft - qaz ehtiyatının çatışmazlığıdır. Məhz bu baxımdan neft - qaz amilinin iki qardaş ölkənin münasibətlərinin inkişafında xüsusi payı var.  

 

Qeyd etdiyimiz kimi, Türkiyə Qafqazda və Mərkəzi Asiyada nüfuzunu saxlamaq və artırmaq üçün Azərbaycana təbii müttəfiq kimi baxır. Bu səbəbdən də, Azərbaycanla demək olar ki, bütün sahələrdə yaxından əməkdaşlıq edir. Lakin Türkiyənin bölgədə olan geostrateji maraqları bir çox hallarda bəzi regional və qlobal güc mərkəzləri ilə toqquşur. Eyni zamanda, Gürcüstan da Türkiyənin Qafqaz geostrategiyasında mühüm yer tutur. Beləliklə, gedən proseslər regionda Türkiyə – Gürcüstan – Azərbaycan strateji müttəfiqliyini qaçılmaz edir. 

 

Sovet İttifaqı dağıldıqdan və Cənubi Qafqaz dövlətləri beynəlxalq hüququn müstəqil subyektinə çevrildikdən sonra regionda xüsusi maraqları formalaşan və bu maraqlarını təmin etmək üçün fəal siyasət həyata keçirən dövlətlərdən biri də ABŞ – dır. Son 32 ildə Vaşinqtonun regiona yönələn xarici siyasətinin əsasında 3 amil dayanır: regionun geostrateji mövqeyi, təhlükəsizlik və zəngin enerji ehtiyatlarına malik olması. 

 

Regionun dənizlər arasında yerləşməsi də ABŞ – ın bölgəyə olan geosiyasi maraqlarını daha da artırır. Amerikan geopolitikasında “dəniz hökmranlığı” (Sea power) mühüm konsepsiyalardan biridir. Amerikan politoloqu A.Mehenin müəllifi olduğu bu konsepsiyaya görə, ABŞ qlobal rolunu artırmaq istəyirsə, xarici siyasət strategiyasında dünya dənizlərinə çıxmaq və onlara nəzarət etmək doktrinasına üstünlük verməlidir.

 

Bütövlükdə, ABŞ üçün Cənubi Qafqazın geosiyasi əhəmiyyətini artıran əsas məqamlar bunalardır : Avrasiya məkanında dəhliz rolunu oynaması, Mərkəzi Asiyaya çıxış nöqtəsi olması, Rusiya və İran arasında yerləşməsi, enerji resursları ilə zənginliyi, Vaşinqtonun ciddi maraqları olan bölgələrə yaxın olması və s. Bütün bu amilləri nəzərə alaraq ABŞ region dövlətləri ilə münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağa çalışır və Moskva – Tehran oxunun bölgədə təsirini neytrallaşdırmaq siyasəti həyata keçirir. Vaşinqton, xüsusilə, regionu Rusiya ətrafında yaratmağa çalışdığı “təhlükəsizlik kəməri“ nin vacib həlqəsi kimi görür. 

 

Cənubi Qafqazda ciddi geosiyasi, geoiqtisadi və təhlükəsizlik maraqları olan güc mərkəzlərindən biri də Avropa İttifaqıdır. Cənubi Qafqazın vacib geosiyasi mövqeyi regionu Aİ – nin xüsusi maraq dairəsinə daxil olmasına imkan verir. Avropanın Cənubi Qafqazdakı geosiyasi maraqlarını bu amillər təşkil edir:

 

1) Avropa region vasitəsi ilə Mərkəzi Asiyaya çıxır; 

2) Region (Azərbaycan) enerji resursları ilə zəngindir; 

3) Şərq Tərəfdaşlığı və gələcək inteqrasiya. 

 

Avropanın regionumuzda maraqlarının toqquşduğu əsas dövlətlər Rusiya və İrandır. Aİ - nin regionda maraqlarının əsasən üst – üstə düşdüyü dövlət Birləşmiş Ştatlardır. Təsadüfi deyil ki, hər iki güc mərkəzi (ABŞ və Aİ) regional siyasətlərininin kordinasiya olunmasına üstünlük verirlər. Cənubi Qafqazın Rusiya və İranın təsir dairəsindən tamamilə çıxaraq Avro – Atlantik məkana inteqrasiya olunmasını Vaşinqton və Brüsselin regionda strateji maraqları kimi xarakterizə etmək olar. Eyni zamanda, region dövlətlərinin də Aİ və onun aparıcı dövlətləri ilə əməkdaşlığı dərinləşdirməsi siyasəti onların həyati mənafeyindən irəli gəlir. Aİ – nın beynəlxalq siyasətdəki rolu, iqtisadi inkişaf səviyyəsi, sivil dəyərlərə, geniş diplomatik təcrübəyə və informasiya vasitələrinə malik olması region dövlətlərini “qoca qitə ilə“ geniş əməkdaşlığını zəruri edir. Bu əməkdaşlıq Cənubi Qafqaz dövlətləri üçün bir sıra neoimperial siyasət həyata keçirən regional güc mərkəzlərinin neqativ təsirini azaltmaq, dünyada gedən siyasi, iqtisadi, mədəni inteqrasiya proseslərində fəal iştirakını təmin etmək və ərazi bütövlüyünü qorumaq baxımından böyük əhəmiyyət daşıyır. 

 

Yeni geosiyasi reallıqlarda regional təhlükəsizlik

 

 Əvvəldə də qeyd etdiyimiz kimi, son üç ildə Cənubi Qafqazın təhlükəsizlik mühitinə təsir edən iki vacib hadisə baş vermişdir: İkinci Qarabağ Müharibəsi və Rusiya – Ukrayna müharibəsi. Hər iki müharibə və onların nəticələri Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaratmaqla regionun təhlükəsizlik mühitinə də əsaslı təsir göstərmişdir. İkinci Qarabağ Müharibəsinin regionun təhlükəsizlik mühiti ilə bağlı olan əsas nəticələrindən biri və birincisi, Azərbaycanın qalib dövlət olaraq geostrateji mövqeyinin güclənməsi, siyasi, iqtisadi və s. imkanlarının artmasıdır. Təxminən 10 min kv.km – dən çox ərazini işğaldan azad edən və İranla, Ermənistanla sərhədlərini bərpa edən Azərbaycan region daxili geosiyasi konfiqurasiyada qüvvələr nisbətini əhəmiyyətli dərəcədə öz xeyrinə dəyişib. Əhalisinə, ərazisinə, iqtisadi və hərbi potensialına görə Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycan İkinci Qarabağ Müharibəsindən sonra əsas parametrlər (siyasi, iqtisadi, hərbi – strateji və s.) üzrə mövqeyini gücləndirməklə bərabər bölgədə cərəyan edən proseslərə də təsir imkanlarını artırıb. Daha dəqiq desək, Azərbaycan regional proseslərin əsas istiqamətini müəyyənləşdirən oyunçulardan birinə çevrilib. İkinci Qarabağ Müharibəsinin digər vacib geosiyasi aspektlərindən biri də, Rusiyanın və Türkiyənin bölgədə təsirinin artması olmuşdur. Burada, xüsusilə, Rusiyanın artan təsirini qeyd etmək olar. Tərəflər arasında (Ermənistan – Azərbaycan) əsas vasitəçi kimi müharibəni dayandıran (10.11.2020 – üçtərəfli bəyanat) və Qarabağa Sülhməramlı Kontingent göndərməklə Azərbaycanda da hərbi iştirakını təmin edən Rusiya Cənubi Qafqazda rolunu artıra bilmişdir. 

 

Eyni zamanda, Türkiyə də bölgədə əsas müttəfiqi olan Azərbaycanın qələbəsi ilə yekunlaşan müharibədən sonra Cənubi Qafqazda siyasi və hərbi təsir imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Bu sırada Azərbaycanla dərinləşən müttəfiqlik münasibətlərini, Rusiya ilə birgə Qarabağda yaradılan Monitorinq Mərkəzini və s. qeyd etmək olar. 

 

Rusiya və Türkiyədən fərqli olaraq Aİ, ABŞ və İranı İkinci Qarabağ Müharibəsindən sonra bölgədə formalaşan yeni reallıqlar o qədər də qane etməmişdir. Qeyd olunan regional və qlobal güc mərkəzləri müharibənin gedişinə və nəticələrinə ciddi təsir edə bilməmələrini bölgədə təsir imkanlarının azalması və yaxud, “oyundan kənar” vəziyyətə düşməsi kimi qəbul ediblər. Müharibə bitdikdən sonra ilk aylarda ABŞ, Aİ və İranın post – münaqişə problemləri ilə bağlı nümayiş etdirdikləri ziddiyyətli mövqenin əsas səbəbi kimi məhz bu amili qeyd etmək olar. 

 

Əvvəldə də qeyd etdiyimiz kimi, Rusiya – Ukrayna müharibəsinin başlanması və müəyyən nəticələri Cənubi Qafqazda da yeni geosiyasi proseslərin getməsinə səbəb olub. Geosiyasi baxımdan regionda əsas yeni məqam kimi Rusiyanın təsir imkanlarının zəifləməsi (Ukraynaya hərbi müdaxilənin doğurduğu ciddi resurs (siyasi, hərbi, iqtisadi) itkiləri səbəbindən) və yaranan müəyyən boşluğu digər güc mərkəzlərinin doldurmağa cəhd etməsidir. Bu kontekstdə qeyd edə bilərik ki, Ukraynaya hərbi müdaxiləyə qədər Rusiya Ermənistan – Azərbaycan arasında sülh prosesində yeganə vasitəçi idisə, müharibə başladıqdan sonra Aİ və ABŞ əsas vasitəçilərə çevrilib. Bütövlükdə, kollektiv Qərbin (Aİ, ABŞ) regionda fəallaşması müşahidə edilməklə bərabər bu qütbün Fransa kimi ayrı – ayrı aparıcı dövlətləri də bölgədə rolunu artırmağa çalışır. Burada maraqlı məqam ondan ibarətdir ki, Fransanın son fəallaşması bir çox hallarda regionda Qərbin maraqları ilə ziddiyyət təşkil edir. Bu da Parisin Cənubi Qafqazda kollektiv Qərbin bir hissəsi kimi deyil, daha çox özünün məxsusi maraqları olan güc mərkəzi kimi davrandığını göstərir. Son zamanlar regionda fəallaşan güc mərkəzlərindən biri də Birləşmiş Ştatlardır və rəsmi Vaşinqton həm praktiki fəaliyyətində, həm də qəbul etdiyi strateji sənədlərdə regionla bağlı maraqlarının artdığını nümayiş etdirir. ABŞ – ın Ermənistan – Azərbaycan arasında post – münaqişə problemlərinin həlli ilə bağlı vasitəçilik təşəbbüsləri ilə çıxış etməsi, bölgə dövlətləri ilə əlaqələrin dərinləşdirilməsinə edilən cəhdlər və 2022 – ci ilin oktyabrında qəbul edilən yeni Milli Təhlükəsizlik Strategiyasında Cənubi Qafqazla da bağlı qeydlərin olması Ağ Evin regionda fəallaşmaq istəklərindən xəbər verir. 

 

Eyni zamanda, İran da Rusiyanın Cənubi Qafqazda buraxdığı müəyyən boşluğu doldurmağa çalışır və bu siyasətində Tehran xüsusilə Ermənistanla əlaqələrə böyük əhəmiyyət verir. Son zamanlar, hər iki ölkə arasında münasibətlər müxtəlif sahələrdə (siyasi, hərbi, iqtisadi-ticari) xeyli inkişaf edib və görünən odur ki, İran Ermənistanı regionda Türkiyə - Azərbaycan tandeminə qarşı əsas vasitə olaraq qəbul edir. Onu da əlavə etmək istərdim ki, regionda formalaşan yeni geosiyasi reallıqlarda Çin, Hindistan və Pakistan kimi bölgə üçün qeyri - ənənəvi güc mərkəzləri də fəallaşıblar və bu fəallıq özündə siyasi, hərbi, iqtisadi, logistik məqamları ehtiva edir. 

 

Nəticə 

 

Beləliklə, yeni geosiyasi reallıqlarda Cənubi Qafqazın təhlükəsizlik mühitinə nəzər saldıqda bölgənin təhlükəsizliyinə təsir edən və təhlilin əvvəlində də qeyd etdiyimiz faktorların əsasən dəyişmədiyini görmək mümkündür. Bütün bunlarla bərabər, bir faktoru xüsusiləşdirmək istərdim ki, o da, regionda mövcudluğunu davam etdirən etno – siyasi, ərazi münaqişələri və problemləridir. Bu amil Cənubi Qafqazın təhlükəsizlik sisteminə ən böyük təhdid kimi qəbul edilə bilər. Məhz qeyd olunan münaqişələrin, problemlərin mövcudluğu həm regiondaxili, həm də bölgə dövlətlərinin kənar güc mərkəzləri ilə münasibətlərinə birbaşa təsir edir. Həmçinin, dondurulmuş münaqişələrin (gürcü – abxaz, gürcü – osetin) və problemlərin (Ermənistan – Azərbaycan) yenidən böyük müharibəyə, hərbi əməliyyatlara çevrilməsi potensialı kifayət qədər böyükdür və Cənubi Qafqazın təhlükəsizlik sistemini ciddi surətdə zəiflədir. 


Xüsusilə, burada, İkinci Qarabağ Müharibəsindən sonra Ermənistanın post – münaqişə problemlərinə yanaşmada nümayiş etdirdiyi ziddiyyətli mövqeyini, Azərbaycana qarşı ərazi iddialarından hələ də tam imtina etməməsini, revanşist meyillərə əsaslanan hərbi gücünü artırmaq siyasətini qeyd etmək istərdim. Onu da əlavə edək ki, Ermənistan hərbi gücünü artırmaq məqsədi ilə son illərdə İran, Hindistan, Fransa kimi dövlətlərlə yaxından əmakdaşlıq edir və bu kontekstdə, qeyd edilən dövlətlərin Ermənistanla hərbi sahədə əməkdaşlığı bölgədə yeni toqquşmaların, münaqişələrin baş verməsinə rəvac verir. 

 

Nəhayət, Cənubi Qafqazın təhlükəsizlik sisteminin zəifliyini şərtləndirən amillər dəyişmədikcə regionda davamlı sülhə, inkişafa, institutlaşmaya nail olmağın mümkünsüzlüyü qənaətinə gəlmək olar. 

 

Müəllif: Mətin Məmmədli, 

Beynəlxalq Münasibətlətlərin Təhlili Mərkəzində aparıcı məsləhətçi




Ana səhifəyə qayıt        Baxış: 6 983          Tarix: 4-09-2023, 12:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma