Xəbər lenti

Söz İlahi işarədir. Sözün gücü var. Bir də söz sahibləri var. O söz sahibləri ki, sözün dəyərini bilir, onun üzərində zərgər dəqiqliyi ilə işləyir. Belə söz adamlarını tanımaq, onlarla ünsiyyət qurmaq bizim “söz” haqqında anlayışımıza yeni bir məna gətirir. “Söz adamı” layihəsinin növbəti qonağı gənc şair İntiqam Yaşardır. 

Söz adamı İntiqam Yaşar sual verməyi xoşlayır, yoxsa cavab almağı?
Cavab almaq üçün vermədiyim sualları daha çox xoşlayıram.
Sözlə tanışlığınız hansı vaxta və məkana təsadüf edir?
Sözlə tanışlıq yazıb-oxumaq bilməyən İntiqamın Gədəbəydə nənə-babasından eşitdiyi nağılların vaxtına təsadüf etdiyi qənaətindəyəm.
Dünya ədəbiyyatında kifayət qədər zidiyyətli imzalar var. Yaradıcı insanın ziddiyyətli olması nə ilə əlaqədardı?

Ziddiyət insan xislətinin ən önəmli amilidir. Əslində, hər kəsin içində paradokslar, ziddiyyətlər var. Yaradıcı şəxslər isə diqqət mərkəzində olduğu üçün, fiqur olaraq kiçik və ya böyüklük dərəcəsinə görə nəzərə çarpır.
Bəzən kənardan şairləri tez tanımaq olur. Şair bir qədər başqa dünyanın adamı olmalıdır. Sizcə bu belədir?
Təkcə şairlər yox, ümumiyyətlə, mənəvi qatlarla uğraşan adamların hamısı fərqli hərəkətlərə, fərqli davranışlara, fərqli zövqə malik olur. Dünyəvi anlam daşıyan bir çox şeylər digər insanlar üçün bəzən çox önəmli olsa da, yaradıcı insanlar çox vaxt heç onların fərqinə varmağı belə lazım bilmir.
Gənclər arasında ədəbiyyata bir axın var. Bu bəzən qınaq obyektinə çevrilir. Niyə məhz ədəbiyyat? Bu bir axtarışdı ya zərurət?
Mən heç vaxt bu fikirlə razılaşmamışam. O yanaşmayla razılaşsaq onda gərək nəzərə alaq ki, jurnalistikaya da axın var, sürücülüyə da axın var, idmana da axın var, musiqiyə də axın var, rəsamlığa və s. incəsənət və peşə sahələri istiqamətlərinə də.
Ən böyük xəzinə hələ tapılmayan xəzinədir. Söz də bir xəzinədir. Axtardığınız və ya tapdığınız ən böyük söz xəzinəsi nədir?
Söz xəzinədir, amma tapdığmız xəzinə deyil. Daim uzaqlardan işaran, o işartısıyla da axtarışlara vadar edən xəzinə. Mahiyyəti, ruhu, enerjini duyursansa demək həm tapmısan, həm də ömür boyu axtaracaqsan.
Söz adamı olmaq hansı mənfi və müsbət cəhətləri özündə ehtiva edir?
Söz adamı olmaq gündəlik zərurətlər üçün asanlaşdırıcı vasitələrin, istiqamətlərin bir çoxundan məhrum olmaq deməkdir. Müsbət cəhəti isə həqiqətin dərki üçün həqiqətin yanında olmaq imkanını verməyidir.
Niyə bütün bədbəxtliklər şeir şəklində ifadə olunur. Şair bədbəxt olmasa yaza bilməzmi?
Bunu mütləq qənaət kimi qəbul etməyin tərəfdarı deyiləm. Şeir, nə bədbəxt olmağın məntiqi nəticəsidir, nə də başqa bir əlamətin. Yaradıclıq əslində izah olunmaz prosesdir. Şeir nə sevgilidən ayrılandan sonranın ağlaşması, nə müflis olma acısıdır, nə də digər bir bədbəxtliyin fonunda yaranan janrdır. Şeir mətndir, mətnə zəruri olan əlamətləri daşıyırsa ona kiçicik hisslərin təzahürü kimi yanaşmaq olmaz.
Son vaxtlar ədəbi mühitdə bədbin şeirlər çox yazılır. Bu nə ilə əlaqədardı? Gənclərin ümidsizliyi hansı amillərlə bağlıdır?
Mənimçün nikbin və ya bədbin şeir deyə bir anlayış yoxdur. Şeir və şeirətrafı qeydlər var.
Oxuduğunuz ən təsirli əsər?
Belə bir “ən” meyarım yoxdur. Yaxşı əsərləri oxumaq vacibdir.
Daxili narahatlıqlar fonunda şair və yaxud yazıçı intihar edirsə bu həmin durumdan qurtulmaqdırmı? İntiharla bağlı fikirləriniz...
Heç kimin an üçün psixoloji durumu haqda qəti mülahizə yürütmək olmaz. İntiharı isə arzuolunmaz addım sayıram. Kaş heç kim ətrafında olanları düşünmədən addım atmasın. İnsan təkcə özünə görə yaşamır.
Bu gün ədəbi qurumlar söz adamları üçün müəyyən qədər dəstək göstərir. Bəzən inciklik, küsmələr olur.... Bu bütün ədəbi mühitlərdə belədi ya necə?
Həmişə mənim qənaətim bu olub ki bizdə ədəbi qurumlara taleyüklü bir anlam vermək adəti formalaşıb. Ədəbi qurum heç kimi yazar etmir. Düzdür, müəyyən imtiyazlar üçün mövcud şəraitə görə dəstək lazımdı. Amma Bakıda hava pis olanda AYB-ni qınamağın eleyhinəyəm. Hər bir qurumda yaxşı insanlar var.
“Və susarsan” şeirlər kitabınız çap olundu. Ümumiyyətlə, şair və yazıçıların kitablarının satışı hansı qaydada aparılmalıdır.... Necə düşünürsünüz?
Azərbaycanda kitab mühiti yaxşı durumda deyil. Dünyada kitaba, kitabçılğa olan yanaşma ilə bizdəki paradoks təşkil edir. Yaxın vaxtlarda mətbuatdan oxudum ki Azərbaycanda 160-a yaxın kitabxana bağlanıb. Dünya ölkələrində kitab təbliği, satışı, sənayesi yönündə NİZAMLI NƏŞRİYYAT İŞİ siyasəti var. Yazar kitab satışıyla məşğul olmalı deyil.
“Söz adamı” kimi hələlik son sözünüz...

Sözün keşiyində durmaq gücünüzü, həvəsinizi alqışlayıram. Uğurlar arzulayıram.

Tural Cəfərli /MANERA.AZ/




Ana səhifəyə qayıt        Baxış: 1 575          Tarix: 27-06-2017, 23:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma